Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadənin oğulları Məhəmmədhəsən və Məhəmmədhüseyn Bağırzadələr barəsində aparılan ibtidai istintaq başa çatıb. Cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
Bu barədə hüquq müdafiəçisi Arzu Abdulla sosial şəbəkə hesabında məlumat yayıb. Onun sözlərinə görə, iyulun 17-də müstəntiqlə keçirilən görüşdə istintaqın yekunlaşdığı və işin məhkəməyə göndərildiyi ailəyə bildirilib.
Məhəmmədhəsən Bağırzadəyə Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1-ci (xuliqanlıq) maddələri, Məhəmmədhüseyn Bağırzadəyə isə 221.2.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.
Məlumata görə, tərəflər arasında barışıq əldə olunması cəhdləri nəticəsiz qaldığından işin hüquqi prosedur çərçivəsində davam etdirilməsi qərara alınıb.
Qeyd edək ki, hadisə bu il aprelin 7-də Bakının Buzovna qəsəbəsində yerləşən 26 nömrəli məktəbin idman meydançasında baş verib.
Taleh Bağırzadə hazırda həbsdədir. O, 2017-ci ildə dövlətin konstitusiya quruluşunu dəyişməyə cəhd və digər ittihamlarla 20 il müddətinə azadlıqdan məhrum edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.