Sumqayıt–Pirşağı–Bakı istiqamətində hərəkət edən qatarda və Məmmədli dəmir yolu stansiyasında yaranan problem sərnişinlərin narazılığına səbəb olub.
Sərnişin Fəridə Rüsmovanın sosial şəbəkədə paylaşdığı məlumata görə, bu gün saat 08:10 radələrində qeyd olunan istiqamətdə hərəkət edən qatar Məmmədli stansiyasında dayanıb. Lakin platformada gözləyən sərnişinlər turniketlərdən keçə bilmədikləri üçün qatara minə bilməyiblər.
Onun sözlərinə görə, turniketlərdən yalnız dəmir yolu kartı ilə keçmək mümkün olub, bank kartları isə işləməyib. Nəticədə vaxtında işə çatmaq üçün evdən çıxan bir çox sərnişin qatara minmək əvəzinə geri qayıtmağa məcbur olub.
Fəridə Rüsmova bildirib ki, yaranmış vəziyyət onu əlavə xərc çəkərək yenidən dəmir yolu kartı almağa vadar edib. O, qatara minə bilsə də, bu dəfə də başqa problemlə üzləşib. Qatarın aşağı mərtəbəsində həddindən artıq sıxlıq olduğu halda, yuxarı mərtəbəyə çıxışa “Giriş qadağandır!” yazısı ilə məhdudiyyət qoyulub.
Sərnişin yaranmış vəziyyəti təəssüflə qarşılayaraq qeyd edib ki, bir tərəfdən insanlar nəqliyyat xidmətindən istifadə etmək üçün əlavə çətinliklərlə üzləşir, digər tərəfdən isə qatarda mövcud imkanlardan tam yararlana bilmirlər.
O, dəmir yolu xidmətindən mütəmadi istifadə etdiyini, indiyədək xidmətlə bağlı müsbət fikirlərini də ifadə etdiyini vurğulayıb. Bununla yanaşı, hesab edir ki, narazılıqlar da diqqətdən kənarda qalmamalı, aidiyyəti qurumlara çatdırılmalıdır.
Sərnişin aidiyyəti şəxslərə müraciət edərək yaşanan problemlərin səbəbinin araşdırılmasını və sərnişinlərin üzləşdiyi çətinliklərə aydınlıq gətirilməsini istəyib.
Əsas sual cavabsız qalır: Məmmədli stansiyasında bank kartları ilə ödəniş niyə mümkün olmayıb və bu nasazlığa görə vaxt itirən, işinə gecikən sərnişinlər qarşısında kim məsuliyyət daşıyır?
Qeyd edək ki, hadisə ilə bağlı aidiyyəti qurumların rəsmi açıqlaması təqdim olunmayıb. Məqalə sərnişin Fəridə Rüsmovanın paylaşımına istinadən hazırlanıb.