AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan turizmi Ankarada beynəlxalq sərgidə tanıdılır

  • + A
  • - A
  • Bu gün, 14:26

    Azərbaycan turizmi Ankarada beynəlxalq sərgidə tanıdılır


    Azərbaycanın turizm potensialı Türkiyənin paytaxtı Ankarada keçirilən 9-cu “TRAVELEXPO ANKARA” Beynəlxalq Turizm və Səyahət Sərgisində nümayiş etdirilir.

    Türkiyənin müxtəlif bölgələrindən və dünyanın 20-dən çox ölkəsindən turizm sektorunun təmsilçilərini bir araya gətirən tədbir ölkələrin turizm imkanlarının təbliği, yeni tərəfdaşlıqların yaradılması və beynəlxalq əməkdaşlığın inkişafı baxımından mühüm platforma rolunu oynayır.

    Sərgidə Azərbaycan Turizm Bürosunun (ATB) Türkiyədəki rəsmi nümayəndəliyi ölkəmizi milli stendlə təmsil edir. Stend Azərbaycanın Türkiyədəki səfirliyi və səfirliyin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin birgə əməkdaşlığı ilə hazırlanıb.

    Bu il “Mədəniyyət, konqres və destinasiya turizmi – Türk dünyasının turizm görüşü” mövzusunda təşkil olunan sərgidə Azərbaycan iki yerli turizm şirkəti ilə təmsil olunur.

    Milli stenddə Azərbaycanın zəngin turizm imkanları, xüsusilə qış turizmi istiqamətləri ön plana çıxarılır. Ziyarətçilərə dağ-xizək mərkəzləri, dağ turizmi marşrutları və qış aylarında aktiv istirahət imkanları haqqında ətraflı məlumat verilir. Eyni zamanda, ölkəmizin tarixi-mədəni irsi, milli mətbəxi, təbiət mənzərələri və müxtəlif mövsümlərdə səyahət üçün cəlbedici məkanları təqdim edilir.

    Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov və Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov da milli stendlə tanış olublar.

    Noyabrın 21-dək davam edəcək sərgidə Azərbaycanın iştirakı ölkənin beynəlxalq turizm bazarında tanıdılması, Türkiyə və digər ölkələrin turizm şirkətləri ilə yeni əməkdaşlıq əlaqələrinin qurulması, eləcə də B2B formatlı görüşlər vasitəsilə qarşılıqlı tərəfdaşlığın genişləndirilməsi məqsədi daşıyır.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR