Koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə polis ictimai nəqliyyatda kütləvi yoxlama-nəzarət tədbirləri keçirir.
DİN Mətbuat Xidmətindən Azadmedia.az-a verilən məlumata görə, xidməti formada və mülki geyimdə keçirilən tədbirlərdə tibbi maskadan istifadə etməyən, müəyən olunan norma və qaydalara əməl etməyən şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq olunur, hərəkət iştirakçıları və sürücülərlə ilə profilaktik söhbətlər aparılır.
Polis əməkdaşları tərəfindən virus riskinin yüksək olduğu Bakı Metropoliteninin metrostansiyalarında, ictimai nəqliyyatda, taksilərdə, eləcə də digər qapalı məkanlarda sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi, yaxud düzgün istifadənin zəruriliyi barədə vətəndaşlara tövsiyələr verilir.
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə uyğun olaraq, paytaxt, eləcə də digər rayon və şəhərlərdə karantin rejimi qaydalarına əməl olunmasını təmin etmək məqsədilə Daxili işlər orqanlarının əməkdaşları tərəfindən gücləndirilən nəzarət-profilaktik tədbirləri davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.