2022-ci il fevral ayının 26-da və 27-də daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,
- Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 127 cinayətin üstü “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 52 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 1 nəfər xəsarət almışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 73, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 110 nəfər saxlanılmışdır.
***
Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir
Polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbirləri nəticəsində fevralın 26-da və 27-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 4 ədəd ov tüfəngi götürülüb.
Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
***
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb
Fevralın 26-da və 27-də polis əməkdaşları tərəfindən respublika ərazisində 2 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
***
Fevralın 27-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 421 toy şənliyinin monitorinqini həyata keçirib.
Monitorinqlər 414 şadlıq sarayında, 7 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 8 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 388 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
***
Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər saxlanıb
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 7-də Gəncə şəhər sakinləri Sadiq Məmmədovun idarə etdiyi “VAZ-21043” və Sənan Məhərrəmovun idarə etdiyi “VAZ-2121” markalı avtomobillər Şəmkir rayonu ərazisində yerləşən daimi postda saxlanılmışdır.
Polis əməkdaşları tərəfindən sürüclərin narkotik vasitə qəbul etmələri müəyyən edilmiş və barələrində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokollar tərtib olunmuşdur.
Fevralın 24-də və 25-də Şəmkir rayon Məhkəməsinin qərarları ilə S.Məmmədov 6 ay müddətinə sürücülük hüququndan məhrum edilmiş, S.Məhərrəmov isə 400 manat məbləğdə cərimə edilmişdir.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
***
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 27-də saat 6 radələrində Ağcabədi rayon sakini S.Niyazovun idarə etdiyi “Mercedes” markalı avtomobil Qaradağ rayonu ərazisində saxlanılmışdır.
Avtomobilə baxış zamanı oradan 200 kiloqram çəkidə mənşəyi məlum olmayan və qida üçün yararsız ət məhsulu aşkar edilmişdir.
S.Niyazov və sərnişini, qardaşı B.Niyazov saxlanılaraq Qaradağ Rayon Polis İdarəsinə təhvil verilmişlər.
Araşdırma aparılır.