Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 6-sı saat 09:00-a olan məlumatına əsasən respublikanın bəzi yerlərində şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, düşən yağıntının miqdarı Qusarda 16, Qaxda 15, Balakəndə 6, Zaqatala, Göygöl, Daşkəsən, Şəmkir, Şəki, Quba, Şahdağ, Yardımlıda 5 mm-dək olub.
“Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 23-25 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.4 metrə çatıb.
İyunun 5-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 36, dağlıq rayonlarda 26, yüksək dağlıq ərazilərdə 15, Aran rayonlarında 34 dərəcəyədək isti olub”.
G.Məmmədovanın sözlərinə görə, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 9-u səhərədək davam edəcək.
“Ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bir sıra dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.