Bakının "Neftçi" klubu UEFA Avropa Liqasında mübarizəni dayandırıb.
Avqustun 12-də turnirin üçüncü təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində Bakı təmsilçisi Finlandiyanın paytaxtı Helsinkidəki “Bolt Arena”da HİK komandasının qonağı olub.
Almaniyalı referi Deniz Aytekin idarə etdiyi oyunda Bakı təmsilçisinin start heyətində yer Aqil Məmmədov, Mamadu Mboc, Voislav Stankoviç, Emin Mahmudov, Sezar Meza Kolli, Harramiz Soareş, Romen Bask, Mirabdulla Abbasov, Yusuf Laval, Samir Buqrin və Mamadu Kane yer alıblar.
HİK-in heyətində isə meydana Yakob Tonnander, Yanne Saksela, Deniel O Şonessi, Jair, Lukas Linqman, Roope Riski, Luis Karlos Murilyo, Miro Tenho, Valtteri Moren, Devid Braun və Filip Valençiç çıxıblar.
Görüş Finlandiya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın 46-cı dəqiqəsində Riku Riski hesabı açıb. On dörd dəqiqə sonra Roope Riski "Neftçi"nin qapısına təyin olunmuş penalti zərbəsini dəqiq yerinə yetirib. Görüşün 89-cu dəqiqəsində Roope Riski yenidən fərqlənib və bu, matçda vurulan sonuncu qol olub.
Komandalar arasında avqustun 3-də Bakıda keçirilən ilk oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. İki oyunun nəticəsinə görə, "Neftçi" UEFA Avropa Liqasında mübarizəni dayandırıb.
"Neftçi" mübarizəni UEFA Konfrans Liqasının pley-off mərhələsində davam etdirəcək. Rəqib isə “Torshavn" (Farer adaları) - "Makkabi" (Hayfa, İsrail) cütünün qalibi olacaq. Bu komandalar arasındakı ilk görüşdə "Makkabi" böyük hesabla qalib gəlib - 7:2.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.