145 illik yubiley pafosu arxasında söküntülər, ixtisarlar və müəmmalı tenderlər dayanır
“Azərbaycan Dəmir Yolları” QSC bu gün 145 illik yubileyini qeyd edir. Rəsmi paylaşımlarda qurum “iqtisadiyyatın dayaq sütunu”, “regionları birləşdirən körpü”, “müasir çağırışlara cavab verən sistem” kimi təqdim olunur. Amma reallıqda dəmiryolu sektorunda illərdir toplanan problemlər bu təbrik pafosuna kölgə salır.
Elə sökülən evlərdən, cavabsız qalan narazılıqlardan başlayaq.
İnfrastrukturun yenilənməsi adı altında bir sıra bölgələrdə evlər və obyektlər sökülüb. Rəsmi açıqlama dəmiryolu xətlərinin genişləndirilməsi olsa da, sakinlər ədalətli kompensasiya ala bilmədiklərini, məlumatlandırılmadan prosesə cəlb olunduqlarını bildiriblər.
Bəziləri üçün bu “yenilənmə” illərlə qurduqları həyətin, evin, xatirələrin dağıdılması ilə nəticələnib. Dövlət layihəsinin sosial məsuliyyət hissi olmadan icrası insanlarda etimad böhranı yaradıb.
Təkcə yaxınlıqda yaşayan sakinlər deyil, işçilər də “modernləşmə”nin qurbanına çevrilib.
Qurumdakı ixtisarlar “struktur islahatı” adı ilə əsaslandırılsa da, əslində peşəkar kadrların kütləvi şəkildə işdən azad olunması kimi qiymətləndirilir. İllərini bu sahəyə həsr etmiş yüzlərlə dəmiryolçu indi “optimizasiya” bəhanəsi ilə kənarda qalıb.
Dəmiryolunda illərlə toz udan, relslərin üzərində həyat quran bu insanlar üçün “müasirlik” sadəcə öz yerlərini itirmək anlamına gəlib.
Müəmmalı tenderlər və fantastik qiymətlər də mediada hər zaman müzakirə mövzusu olub.
ADY-nin son illərdə keçirdiyi tenderlərdə şəffaflıq və rəqabət prinsiplərinin pozulması barədə iddialar səngimir. Müxtəlif satınalmalarda eyni şirkətlərin dəfələrlə qalib gəlməsi, bəzi avadanlıqların isə bazardan bir neçə dəfə baha qiymətə alınması ictimai suallar doğurur.
Kompüter və texniki avadanlıqların “qızıl qiymətinə” alındığı, bəzi müqavilələrin “təcili satınalma” adı altında aparıldığı bildirilir. Amma bu “təcillik” kimə və nəyə lazım idi, bu, hələ də açıq sualdır.
“Azərbaycan Dəmir Yolları” dövlətin strateji strukturudur, amma illərdir ictimai nəzarətdən kənarda fəaliyyət göstərir. Qurumun rəsmi hesabatları əksər hallarda real vəziyyəti deyil, sadəcə “müvəffəqiyyət hekayəsi”nə çevrilib.
PR videolar, bayram təbrikləri, sosial şəbəkə posterləri... Amma şəffaf hesabat, audit nəticələri, real cavabdehlik hardadır?
Əgər ADY doğrudan da qitələri birləşdirən körpüdürsə, o körpünün dayaqları etimad, ədalət və şəffaflıq üzərində qurulmalıdır. Əks halda, bu körpü bir gün yalnız kağız üzərində qalacaq.
Azərbaycan Dəmir Yolları 145 yaşını qeyd edir, amma bu relslərin altında çoxlu cavabsız suallar, narazı insanlar və şübhəli layihələr yatır.
Bayram təbrikləri gözəldir, amma ictimai etimad daha vacibdir.
ADY ölkənin strateji əhəmiyyətli qurumlarından biri olmasına baxmayaraq, kommunikasiya və media işlərində təəssüf ki, gözləntiləri qarşılamır. Qurumun yayımladığı pres-relizlər bəzən çox bəsit, səthi və faktlarla zənginləşdirilməmiş olur. Bu, cəmiyyətin qurumun fəaliyyətinə dair məlumat almaqda marağını azaltmaqla yanaşı, media və ictimaiyyət qarşısında ADY-nin imicinə də mənfi təsir göstərir.
Böyük strateji layihələr, yeni infrastruktur, regional və beynəlxalq əməkdaşlıqlar barədə informasiyaların belə səviyyədə çatdırılması, əhəmiyyətli qurumun kommunikasiya siyasətinin peşəkarlıqdan uzaq olduğunu göstərir. Qurumun fəaliyyətini media vasitəsilə səmərəli təqdim etmək bacarığı gücləndirilməzsə, ictimaiyyətlə münasibətlərdə də etibarsızlıq yarana bilər.
Çox yazmaq olar, hələki bayramlarını qeyd etməyə şans verək.