AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rəqəmsal hökumətdə süni intellekt problemlərimizi daha çevik həll edəcək

  • + A
  • - A
  • 18-07-2021, 11:07


    Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı və “PAŞA Holdinq”in sponsorluğu ilə həyata keçirilən 3-cü “Rəqəmsal Jurnalistikaya doğru” proqramı çərçivəsində 4 günlük seminarlarda iştirak etdim. 13-16 iyul tarixində ASAN Təlim–Tədris Mərkəzində təşkil olunan seminarlarda “Ənənəvi mediadan rəqəmsal mediaya”, “Medianın əsasları”, “Sosial medianın jurnalistikada istifadəsi”, “Blogerliyin əsasları”, “Qlobal rəqəmsallaşmada Azərbaycan”, “myGov” elektron hökumət portalı”, “e-gov.az” portalı”, “ASAN Login” Vahid Giriş Sistemi, “ASAN Finans”, “ASAN ödəniş”, “ASAN Viza”, “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”, “Startaplar”, “Süni İntellekt” mövzuları müzakirə olundu, media nümayəndələrini maraqlandıran suallar cavablandırıldı. Müsahibə mövzusu təqdim olunduqda mənim marağımı hazırda həyatımızda yaratdığı rahatlıq baxımımdan əvəzedilməz hesab olunan "Süni intellekt" mövzusu daha çox cəlb etdi. Bəlkə də Günay xanım Kazımzadənin bizimlə bölüşdüyü uğurlu həyat hekayəsi buna səbəb oldu.
    Əsrin əvvəllərindən etibarən, bir çox ölkədə elektron hökumət ideyası geniş şəkildə tətbiq edilməyə başlandı, bu məqsədlə böyük həcmdə investisiyalar yatırıldı. Elektron hökumət modeli tətbiq edildiyi ölkələrdə yaratdığı komfort baxımından insanlar tərəfindən müsbət qarşılanır. Çünki vətəndaşlar bununla məmurlarla təmas olmadan rahat, əlverişli şəkildə böyük vaxt sərf etmədən dövlət xidmətləri sistemindən istifadə edə bilirlər. Başqa sözlə, dövlətlə qarşılıqlı əlaqələr avtomatlaşdırılır, vahid giriş portalları ilə zəruri məlumatlar əldə edilir və qeydiyyat əməliyyatları yüksək sürətlə həyata keçirilir. Lakin rəqəmsal texnologiyaların indiki inkişaf dinamikası, yaratdığı imkanlar artıq elektron hökumətin də müasir tərəqqi ilə ayaqlaşa bilmədiyini göstərir. Məhz bu səbəbdən elektron hökumətdən sonrakı mərhələ sayılan rəqəmsal hökumət quruculuğu dünya miqyasında aktuallaşıb və bunun tətbiqinin uğurlu nümunələri də mövcuddur. Obrazlı şəkildə desək, rəqəmsal hökuməti elektron hökumətin təkamülü də alandırmaq olar.
    Əgər elektron hökumət daha çox xidmətlərin elektronlaşdırılımasını nəzərdə tutursa, rəqəmsal hökumət tamam fərqli məzmunu özündə ehtiva edir. Rəqəmsal hökumətdə ilk növbədə hər növ informasiya sistemində toplanmış böyük həcmdə məlumatın istifadəsi ön planda olur. Başqa sözlə desək, rəqəmsal hökumətin mahiyyəti alətlər deyil, interfeyslər, rabitə kanalları deyil, məlumatlar, onların inteqrasiyası, qarşılıqlı işlənməsi və faydalı nəticələrin əldə edilməsidir. Bu zaman insanlara göstərilən xidmətlər komfortluğu, əlçatanlığı baxımından elektron hökumətdən dəfələrlə üstün olur. Artıq sistem rəqəmsal hökumətdə lazımı xidməti avtomatik şəkildə məlumatlar emalı nəticəsində özü göstərir. Amma təbii ki, rəqəmsal hökumətin üstünlükləri bununla bitmir.

    Rəqəmsal hökumət belə demək olarsa, hadisələri qabaqlamaq imkanı yaradır. Xüsusən də belə hökumətdə süni inllekt tətbiq olunarsa. Əslində, rəqəmsal hökumət quruculuğu prosesini tamamlayan başlıca cəhət məhz süni inllektin tətbiqidir. Süni intellekt kompüterlərə verilən parametrlərə uyğunlaşmağa və əvvəllər yalnız insanların edə biləcəyi tapşırıqların öhdəsindən gəlmək imkanı yaradır. Bunun sayəsində kompüterlər böyük həcmdə məlumatları ani müddətdə emal edərək, qarşıya qoyulan tapşırıqları ən effektiv şəkildə yerinə yetirir. Alqoritmlər sayəsində verilən məlumatlar artıq intellektual mülkiyyətə çevrilir. Beləliklə, rəqəmsal hökumət quruculuğunda tətbiq edilən süni inllekt artıq zamanı, hadisələrin inkişaf axarını qabaqlamaq imkanı yaranır. Bəzi Qərb ölkələrinin timsalında qeyd edilənlərin əyani nümunəsini də görmək olar. Məsələn, ABŞ-da həbsxanadan şərti olaraq azadlığa çıxan insanlar üzərində nəzarət problemi var, bunun üçün polislərin sayı və digər resurslar kifayət deyil. Lakin Los-Ancelesdə rəqəmsal hökumət, süni intellektdən istifadə məsələni asanlıqla çözməyə imkan verir. Şərti azadlığa çıxan insanlarla bağlı bütün sistemlərdən məlumatlar toplanır, süni intellekt vasitəsilə təhlil olunur. Bu zaman həmin şəxsin qanunsuz hərəkətlərin ehtimalı vaxtı və yeri barədə yenə süni intellekt proqnozlar verir. Məhz bundan sonra artıq polis zabitləri əvvəlcədən şəxsin təhdid yarada biləcəyi yerdə olur, nəticədə çox sayda cinayətin qarşısı alınır. Şəxs barədə məlumatlar isə təkcə polisdən yox, eyni anda digər mənbələrdən, məsələn, vergi orqanlarından, videokameralarda qeydə alınan görüntülərdən, hər cür sensorlardan və nəhayət, sosial şəbəkələrdən toplanır. Bu məlumatları rəqəmsal hökumətdə qısa müddətdə toplamaq, emal və təhlil etmək, proqnozlar qurmaq olduqca rahat və qısa zaman kəsiyində mümkündür. Elə bu da rəqəmsal hökumətin elektron hökumətdən nə qədər üstün olduğunun daha bir real təzahürüdür. Bu mənada Azərbaycanda da süni intellekt əsasında fəaliyyət həyata keçirən rəqəmsal hökumətin qurulmasının daha yüksək templərlə həyata keçirilməsi olduqca mühümdür. Barəsində yuxarıda bəhs edilən ABŞ təcrübısinin Azərbaycanda da tətbiqi cəmiyyətdə təhlükəsizlik baxımından olduqca əhəmiyyətli hal olardı.
    Təbii və texnogen fəlakətlərə rəqəmsal hökumətdə süni intellekt tərəfindən “ağıllı” reaksiya da eyni prinsipə əsaslanır. Bu, həmin qəzalarla bağlı vaxtında səmərəli tədbirlər görülməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Yaxud da Skandinaviya ölkələri olan İsveç, Finlandiya, Danimarka, Norveçin vergi məsələsində rəqəmsal hökumət vasitəsilə nail olduğu uğurlar Azərbaycanda da tətbiq edilə bilən möhtəşəm təcrübə ola bilərdi. Sözügedən ölkələrdə vergilərlə bağlı bütün məsələlər “ağıllı” alqoritmlər vasitəsilə effektiv şəkildə həll olunur. Bu alqoritmlər vasitəsilə vətəndaşların gəlirləri, gündəlik xərcləri, sərmayələri, mülk tərkibi haqqında bütün məlumatlar toplanır, emal edilir. Nəyə görə nə qədər verginin ödəniləcəyi zərgər dəqiqliyi ilə bilinir. Nəticədə vergi məmurları üçün sənədləşmə və vətəndaşlar üçün bəyannamə verməyə ehtiyac yoxdur, çünki alqoritmlər sayəsində vergilər avtomatik olaraq hesablanır, silinir və vətəndaşlar yalnız hesablamaları yoxlamaq üçün bildiriş alır. Təbii ki, belə bir təcrübənin Azərbaycanda da tətbiqi böyük məmnuniyyət doğurardı.
    Bir maraqlı məqamı da qeyd edək ki, avtomatlaşdırılmış vergi yığıcısı yaxşı vergi məsləhətçisinə də çevrilir. Məsələn, peyklərdən və digər mənbələr vasitəsi hansısa bir insanın evinin bərbad vəziyyətdə olduğunu hesablayan sistem vətəndaşa təmirə sərmayə qoymağı təklif edir ki, qanuna əsasən, şəxs vergi azadlığı alsın. Ondan tutulmayan vergi isə tikinti işləri üçün pul alanlardan əldə ediləcək.
    “Yüksək risk” kateqoriyasına aid ailələrdən olan uşaqların müşahidə və onlara zərurət yarandıqda əməliyyat yardımı məsələsində ABŞ-da rəqəmsal hökumət artıq əvəzedilməz “köməkçidir”. Belə ki, məhz bu hökumət ailə üzvlərinin davranışlarına dair məlumatları təhlil edir, mümkün təhlükəli davranışı müəyyənləşdirir, nəticələri proqnozlaşdırır. Bu fonda belə ailələrdə uşaqlar üçün yarana biləcək problem səmərəli həll edilir, bunun üçün çox sayda sosial işçi ayırmağa ehtiyac qalmır. Bu təcrübənin də Azərbaycanda tətbiqi yaxşı nəticələr verərdi.
    Qərb ölkələrində toplanmış məlumatların süni intellektlə emalı artıq bir çox istiqamətlərdə planlaşdırma və qərar qəbuletmə üçün istifadə edilir. Məsələn, Almaniya Federal Əmək Agentliyi iş axtarmaq üçün müraciət etmiş işsiz vətəndaşlara dair məlumatları kompüterlərdə təhlilini aparıb. Bu zaman agentliyin onları işə götürmək üçün gördüyü tədbirlər və nəticələr, işsizlər tərəfindən iş axtarışı şərtləri təhlil daxil edilib. Nəticədə işsizlər daha qısa müddətdə istədikləri işlə təmin ediliblər, məşğulluq sahəsində dövlət xidmətlərinin keyfiyyəti daha da yüksəlib və milyonlarla avro vəsaitə qənaət edilib. Məhz bu da süni intellektin məhsuldaqlıənın nə dərəcədə yüksk olduğunu göstərir. Ölkəmizdə də analoji təcrübənin tətbiqi həm vərtəndaş məmnunluğunu artırar, həm də iqtisadi cəhətdən səmərəli olardı.
    Süni intellektlə bağlı Avstraliyada tətbiq edilən təcrübə də xeyli maraq doğurur. Burada dövlət məmurlarının peşəkar fəaliyyətin effektivliyini qiymətləndirmək üçün müasir texnologiyaların istifadə geniş yayılıb. Belə ki, fəaliyyəti tələblərə cavab verməyən işçilərin bilik və bacarıqlarını artırmaq üçün Avstraliyada xüsusi mobil tətbiqdən istifadə olunur. Bu tətbiqdə istifadə edilən süni intellekt vasitəsilə işçilərə göstərdiyi müvafiq xidmətla bağlı hər gün yeni sual ünvanlanır. Bu proses dövlət məmurlarının ixtisas dərəcələrini tələb edilən səviyyəyə çatdırana qədər davam edir. Sonda həmin məmurun fəaliyyəti daha məhsuldar və səmərəli olur. Təbii ki, bu qəbildən olan misalların sayını xeyli artırmaq olar. Lakin istənilən halda görünən odur ki, proaktiv xidmətlərin göstərilməsi, inkişaf prosesində yüksək nəticələrin əldə edilməsi üçün rəqəmsal hökumətin, süni intellektin tətbiqi dövrün tələbidir.

    Qeyd: Bu məqalə 3-cü "Rəqəmsal Jurnalistikaya doğru" proqramının müsabiqə mərhələsi üçün yazılıb.

    Müəllif: Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR