AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şuşam - təsvirində sözlərin aciz qaldığı müqəddəs məkan

  • + A
  • - A
  • 27-01-2022, 11:49

    Şuşam - təsvirində sözlərin aciz qaldığı müqəddəs məkan

    Əziz Şuşa! Cənab Prezident İlham Əliyev sənin işğaldan azad edilmən xəbərini verəndə o qədər ağlamışdım ki... Sonra yaxın qohumum Tacəddin Əzizlinin şəhid olma xəbəri gəldi, Şuşada son görüntüləri yayıldı, sən mənə daha doğma oldun... Ukraynada ali təhsil alıb qayıtmış, könüllü cəbhəyə yollanmış Tacəddinə videoda dostları zarafatla deyir ki, bura Ukraynadı. Tacəddin cavab verir, Ukrayna belə gözəl ola bilməz bura Şuşadır. Şuşa gözəldir. Zəfər Qələbəmizdən 2 saat öncə şəhadətə qovuşdu bizim baş tacımız Tacəddin. O vaxtdan Şuşa deyən kimi Tacəddini xatırlayıram mən. Səndə nisgilimiz var, səndə təsəllimiz var, gözəl Şuşa...
    Sənə gediş-gəliş başlayandan səni görməyə can atdım, qırmızı koftanı, yaşıl tumanını görmək istədim, amma qismət yeni il ərəfəsi başıqarlı dağlarını görməyə nəsib etdi. Bizi sənə gətirən Zəfər yolu dolambac yollardan ibarət olsa da, hamar idi, sənə qovuşmağa çətinlik yaratmırdı. Amma sənə qovuşmaq üçün keçdiyimiz 3 post ürəyimi sıxırdı, əziz Şuşam!
    Sənin girişində bizi alban kilsəsi qarşıladı – Qazançılar kilsəsi. Sonra dolambac yollarla Saatlı məscidi... Müqəddəs Gövhər Ağa Məscidinin minarələri görünürdü, oranı görməyə tələsirdim, İçərişəhərin yollarını xatırladan dolambac yollarınla addımlayıb. Yolboyu yaralarını gördüm, acılarını hiss etdim bütün varlığımla. Raketlə vurulmuş evlər, şəhidlərimizin xatirəsinə divarlara yazılan sözlər... Vətənpərvər, cəsur igidlərimiz sənin divarlarına tarix yazıb. Çox sözləri oxuduqa, Allaha dua edirdim ki, sözlərin müəllifi həyatda olsun. Gələcəkdə səni adınalayiq təmir etsələr də, o yazılara toxunulmasın, Şuşam. Bizə Zəfər qələbəsini daddırmış igidlər əzizlərinə fəxrlə canlı tarix yazdıqları divarları göstərsinlər. Biz səni bələdçisiz gəzirdik. Tarix dərsliyindən oxuduqlarımı yada salıb Pənah xanın, İbrahimxəlil xanın tarixi izlərini görməyə çalışıram. Dörd tərəfinə baxıram. Sənə hansı tərəfdən dişi ilə, dırnağı ilə dırmaşıb igidlərimiz? Cıdır düzünün sıldırımındanmı? Təxmin etməyə çalışıram... Yaqin Daşaltı tərəfdən. Alınmaz qalam mənim! Sənə baxan kimi görmək olur ki, vaxtilə xəyanət qurbanı olmusan, səni döyüşlə təslim etməzdi Vətən oğulları... Möhtəşəm Cıdır Düzünə qalxırıq. O ərazi səni daha möhtəşəm göstərir, amma yer ayağımın altından qaçır. Görəsən Cıdır düzünə şəhid qanı tökülübmü? – firki məni rahat buraxmır, elə hey bizə o xoş anları yaşadan qalanlara can sağlığı, şəhidlərə Allahdan rəhmət diləyirəm. Yaralı, gözü yolda Xankəndimiz səndən, sənin zirvəndən ovuc içi qədər yaxın görünür, Qeyrət Qalam. Fikrimi toparlayıram. Paşinyanın qoynunda Yallı getdiyi günləri yada salıb, günün nəşəsini çıxarmağa çalışıram. Doğrudan da həyatın möcüzələrdən xali olmadığının şahidi oluram. Şair təxəyyülü olduğunu bilsəm də, Xuramanın özünü atdığı qayanı təxmin etməyə çalışıram...
    Vaqifin məqbərəsinə yaxınlaşıram. Ruhuna dualar oxuyuram, onun barəsində birmənalı səslənməyən fikirlər düşür yadıma. Yerdə bəyaz qar, hava təmiz, çox möcüzəli iqlimin var, şərəf simvolum... Turşususuz qalmısan, kəndlərinin yarısı müvəqqəti işğal altında qalıb, xiffət edirsən. Xiffətini sezməmək olmur, Şuşam. Dağılmış, viran qalmış evlər, güllələnmiş heykəllər sənə qovuşmağın kamını tam almağa imkan vermir. Gövhər Ağa məscidi ümidimə ümid qatır, ən müqəddəs arzularım üçün yatsam yuxuma girməyən Şuşa ilə görüşü mənə qismət edən Allaha dua edirəm. İnanıram ki, Allah məni o arzuma çatdıracaq, mən qəbul olunmuş nəzirimi gətirəndə Şuşamı da abad görəcəm. Yaxınlıqdakı çörəkbişirmə sexindən ətrafa yayılan adlınla adlanan Şuşa çörəyinin ətri ruhuma rahatlıq gətirir. Canım Şuşa, sənin dillərdə dastan olan mətbəxin var. Hələki ziyarətinə gələnlər o mətbəxi görə bilmir. Amma əminəm ki, sən abadlaşandan sonra, mədəniyyət beşiyi kimi aləmə səs saldıqdan sonra dünyaya səs salacaq sənin ləzzətli təamların. Küçələrində sənin asayişini qoruyan polislərin və hərbçilərin duruşundakı qüruru görmək çox möhtəşəm idi. Etibarlı əllərdəsən, Şuşam! Ona görə də əminəm ki, tezliklə əvvəlki görkəminə qayıdacaqsan, keçmişlə gələcəyi özündə birləşdirən mədəniyyət beşiyim mənim. Məsciddən güllələnmiş, etməni vandalının şahidi olan heykəllərə tərəf gedəndə yolun hər iki tərəfində dağıdılmış bina evlərinə baxıram. Orta mərtəbələri dağıdılsa da, işıqları yanır, bacalarından tüstü çıxır, bilinir ki, yaşayış var. Sanki orda yaşayanlar köksü dağılmış binalara təsəllidir isti nəfəsləri ilə... İsa bulağını görə bilmədik. Çünki qəbul olunmuş qaydalar var, hələki o qaydalara riayət etməliyik. Amma o gün də gələcək. Sənin buz kimi suyu olan İsa bulağını da ziyarətə gələcəyik. Bizə biraz zaman ver. Güllələnmiş heykəllərdən möhtəşəm Şuşa qalasına düşən yolun Lahıcı xatırladır. 5 dəqiqə piyada yolla məsafəsi olmayan yolda bir ömrə sığmayan vandallıq var. Dağılmış, viran olmuş tikililər arasında bulağa dəyməmələri biraz təsəlli verir insana. Şuşa qalasının möhtəşəmliyi, qələbəmizin simvolu Xarı bülbül bir anlıq da olsa vandallığı unutdurur. Qalanın başında igidlərimizin bayraq taxdığını xatırlayıb bir daha sənə qovuşmağın necə möhtəşəm hiss olduğunun dadını çıxarmağa çalışıram. Əziz Şuşam, nə Cıdır Düzündə, nə də Qala divarları arasında Yallı getmək, rəqs etmək keçmir ürəyimdən. Qolum qalxmaz hələki. Çünki sənin üzün hələ gülmür, çünki igidlərimizin uğrunda axıtdıqları qan hələ qutumayıb fikrimcə. Sənə doğru gələndə baş tacımız Tacəddinin son günlərində qoynunda gəzdiyi, videoda gördüyüm yerləri bələdləmişdim. Geri qayıdanda sağ olsun, sürücü saxlayır, mən qarın arasından az da olsa torpaq götürürəm. Tacəddinin məzarı başında əkilən ağacların dibinə səpəcəm sənin torpağını. Ruhu şad olsun deyə...
    Geri qayıdırıq. Sənin üçün darıxdığımı hiss edirəm elə yoldaca...
    Biz hər dəfə 70 nəfər olmaqla iki gün ziyarətinə gəldik. Demək olar ki, hər gün ən azı 5-6 həmkarımız səndən yazdı, hisslərini bölüşdü. Mən toparlanıb yaza bilmədim, Şuşam. Sənin köksündəki yaralar, torpağındakı qanlar, divarlarındakı canlı tarixi əks etdirən yazılar məni çox sarsıtmışdı, lap çox...
    Bu ay gözəl xəbərlər oldu, sənə doğru gəlmək istəyənlərə şərait yaratdı dövlətimiz. Şənbə və bazar günləri səni görmək istəyənlər üçün müntəzəm marşrutlar açıldı. Səni görməyə can atanları, marşrutların ilk sərnişinlərini izlədim. Eynən bizim kimi idilər. Həyəcanlı, sevincli... Amma hansı təəssüratla qayıtdıqlarını hələ izləyə bilməmişəm. Sənin üçün darıxıram Şuşam, mən sənə yenə gələcəm. Yerdə qar olsa da havası qəlbi kimi təmiz Şuşam, alınmaz qalam. Bəyaz örpəyini çıxarıb yaşıl tumanında səni möhtəşəm görmək ümidi ilə salamat qal.
    Elnurə Abuşova
    28.01.2022


















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR