Heydər Əliyev Fondu qeyri-hökumət təşkilatı olaraq 2004-cü ildən etibarən vətəndaşlara ayrı-ayrı sahələrdə, xüsusilə də humanitar sahədə müxtəlif zəruri dəstək göstərib və bu istiqamətdə fəaliyyət bu gün də davam etməkdədir.
Fondan "Ölkə.Az"a verilən məlumata görə, yardıma ehtiyacı olan hər bir kəsin yanında olmağı öz başlıca missiyası hesab edən Heydər Əliyev Fondu ötən müddət ərzində təkcə səhiyyə sahəsində 10 minlərlə insanın müraciətinə baxıb, müvafiq köməklik göstərib. Heydər Əliyev Fondu yardım etməyi, xüsusən ağır vəziyyətdə olan insanlara dəstək olmağı öz vətəndaş borcu kimi qəbul edib, bundan siyasi dividentlər əldə etməyi, təbliğat mənbəyinə çevirməyi deyil, əksinə müraciət edən bütün şəxslərə zəruri köməklik göstərməyi özünün əsas məqsədi kimi seçib.
hazırda Heydər Əliyev Fondu aldığı kəllə-beyin travması nəticəsində koma vəziyyətində olan hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsinə zəruri yardım göstərməkdədir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, noyabrın 4-dən etibarən Oqtay Gülalıyevin müalicəsinə Fond tərəfindən müvafiq kömək göstərilir. Belə ki, Oqtay Gülalıyevin Bakıdakı müalicəsinə dəstək məqsədilə Türkiyədən mütəxəssislər cəlb edilmiş, daha sonra ailə üzvlərinin Oqtay Gülalıyevin müalicəsini Türkiyədə davam etdirmək istəyi nəzərə alınaraq, noyabrın 6-da o, Fondun prezidenti Mehriban Əliyevanın tapşırığı əsasında xüsusi ambulans təyyarə ilə İstanbula yola salınaraq orada Avrasiya klinikasına yerləşdirilmişdir. Bir müddət sonra ailəsi Oqtay Gülalıyevin Amerikan Xəstəxanasına köçürülməsi ilə bağlı Fonda müraciət etmişdir. Noyabrın 19-da İstanbulda Amerikan Xəstəxanasına yerləşdirilən Oqtay Gülalıyevin beynində hematoma təmizlənməsi və şunt əməliyyatı aparılmışdır. Hazırda Oqtay Gülalıyevin müalicəsi Heydər Əliyev Fondunun dəstəyi ilə Amerikan Xəstəxanasında davam edir.
Qeyd edək ki, Heydər Əliyev Fondunun daxili qaydalarına uyğun olaraq müalicə müəssisəsi hər 10 gündən bir xəstənin səhhəti ilə bağlı Fonda hesabat təqdim edir. Bu hesabatlara əsasən müalicənin dinamikasına uyğun olaraq xəstəyə Fond tərəfindən növbəti göstərilə biləcək kömək barədə qərar verilir.
Amerikan Xəstəxanasından dekabrın 9-da göndərilmiş növbəti 10 günün hesabatına əsasən, koma vəziyyətində olan Oqtay Gülalıyevin ağciyər və qanında infeksiya var və buna uyğun müalicə tətbiq olunmaqdadır. Xəstənin hazırkı vəziyyətini və həkimlərin rəyini nəzərə alan Heydər Əliyev Fondu müalicənin növbəti mərhələsində də müvafiq dəstəyin göstəriləcəyi barədə Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyevanı məlumatlandırmışdır. Bildirilmişdir ki, Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsinə kömək göstərmək, ailəsinə bu çətin günlərdə mənəvi dəstək olmağa çalışır.
Qeyd olunanları nəzərə alaraq, Heydər Əliyev Fondu bir daha özünün humanist, hər bir zaman istənilən vətəndaşın yanında olmaq niyyətini bəyan edir, xəstənin indiki durumunda ayrı-ayrı şəxslərin müxtəlif maraqlardan çıxış edərək hər hansı siyasi spekulyasilayar etməsinə qarşı olduğunu bildirir.