Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Könüldə Nur” Kimsəsizlərin və Xüsusi Qayğıya Ehtiyacı Olanların Sosial İnkişafına Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən “Erkən Nikaha Qarşı Sosial Platforma” adlı layihə çərçivəsində 10 iyun 2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında maarifləndirici tədbir təşkil olunub. Tədbirdə universitetin tələbələri, müəllim heyəti və bir sıra yerli ictimai fəallar iştirak ediblər.Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, tədbiri “Könüldə Nur” İctimai Birliyinin sədri Könül Qasımova açaraq layihənin məqsədləri, hədəf auditoriyası və həyata keçiriləcək fəaliyyətlər barədə ətraflı məlumat verib. O, erkən nikah probleminin cəmiyyətin inkişafına ciddi mənfi təsir göstərdiyini qeyd edərək, bu problemin qarşısının alınmasında maarifləndirmə işinin və ictimai dəstəyin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, layihənin əsas məqsədi müxtəlif bölgələrdə gənclərlə birbaşa ünsiyyət quraraq onların erkən nikaha dair bilik və baxışlarını formalaşdırmaqdır.
Daha sonra çıxış edən layihənin təlimçisi, psixoloq və sosial məsələlər üzrə mütəxəssis Şəlalə Ağayeva erkən nikahın yaratdığı sosial, psixoloji və hüquqi fəsadlar barədə geniş təqdimatla çıxış edib. O bildirib ki, 18 yaşına çatmamış yeniyetmələrin ailə qurması onların psixoloji inkişafı və sosial adaptasiyası üçün ciddi maneələr yaradır. Yeniyetmələr həyat təcrübəsi və hüquqi şüuru tam formalaşmadan ailə-məişət məsuliyyətləri ilə üz-üzə qalır, bu da onların müxtəlif sosial və psixoloji risklərə məruz qalmasına səbəb olur.
Təlimçi qeyd edib ki, erkən nikahlar çox zaman ailə təzyiqi, cəmiyyətin mənfi stereotipləri və bəzən də açıq zorakılıq nəticəsində baş verir. Bu isə xüsusilə qızların təhsildən uzaq düşməsinə, inkişaf imkanlarını itirməsinə və gələcək arzularının yarımçıq qalmasına səbəb olur. Nəticədə, bu gənclər hüquqlarını tanıyan və reallaşdıran fəal vətəndaş kimi cəmiyyətdə yer tuta bilmirlər. Tədbir çərçivəsində real həyat nümunələri, statistik məlumatlar və iştirakçıların marağına səbəb olan interaktiv müzakirələr aparılıb.
Tədbirin sonunda Könül Qasımova bu sahədə rastlaşdığı konkret faktlar və həyat hekayələri ilə iştirakçıları məlumatlandırıb. O, erkən nikah probleminin aradan qaldırılmasında valideynlərin, təhsil müəssisələrinin və cəmiyyətin bütün təbəqələrinin birgə səylərinin vacibliyini vurğulayıb. Bildirib ki, hər kəsin üzərinə düşən məsuliyyəti dərk etməsi bu zərərli tendensiyanın qarşısının alınmasında mühüm rol oynayacaq.
Görüş zamanı iştirakçılar erkən nikahla bağlı suallarını təlimçiyə və təşkilatçılara ünvanlayıb, fikir və təkliflərini bölüşüblər. Tədbir açıq və səmimi müzakirə şəraitində keçib, tələbələrin mövzuya olan marağı və fəallığı ilə yadda qalıb.
Tədbir çərçivəsində iştirakçılarla foto və video çəkilişlər aparılıb, bu da layihənin sənədləşdirilməsi və ictimaiyyətə təqdim olunması məqsədinə xidmət edib.
Layihə çərçivəsində bu cür maarifləndirici görüşlərin ölkənin digər bölgələrində də keçirilməsi nəzərdə tutulur. Məqsəd – gənclər arasında erkən nikahın fəsadları barədə məlumatlılığı artırmaq, onların hüquqlarını tanımalarına və seçim imkanlarını dəyərləndirmələrinə dəstək olmaqdır.
Fotolar