“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin layihəsi kimi nəşr olunan bu kitabda ilk insan məskənlərindən biri olan Azərbaycanın Qarabağ bölgəsindən bəhs olunur. Kitabda Qarabağın tarixi, numizmatikası, epiqrafik abidələri, xalçaçılq məktəbi, dulusçuluq, milli geyimlər, bədii və zinət əşyaları, ədəbi mühit, musiqi və teatrı haqqında geniş məlumatlar verilib.
Qarabağın tarixi zəngin qaynaqlar bazasında araşdırılaraq, «Qarabağ» sözünün etimologiyası, qədim dövrlərdən bu günə kimi Qarabağın tarixinə dair maraqlı məlumatlar əks olunur.
Kitabda Qarabağın xristian və islam dövrü epiqrafik abidələri ətraflı tədqiq edilmişdir. Qarabağda mövcud olan xristian məbədlərinin Azərbaycan xalqının mədəni irsi olduğu bir daha epiqrafik abidələr əsasında təsdiqlənmişdir. İslam dövrü abidələri üzərində olan epiqrafik yazılara əsasən Qarabağda yaşayıb fəaliyyət göstərən alim, memar, nəqqaş, xəttat, sufi şeyxləri, Qarabağ memarlıq məktəbinin banilərinin adları tarixə salınmışdır.
Nəşrdə həmçinin Qarabağın qədim dövrlərdən bəri, əsrlər boyunca bənzərsiz sənət əsərlərini yaradan istedadlı sənətkarları, onları yetisdirən sənətkarlıq məktəbləri haqqında geniş bəhs olunur.
Bununla yanaşı, dərc edilmiş kitabda Qarabağda ədəbi mühitin formalasması, görkəmli ədib, şair, yazıçıların, mütəfəkkirlərin həyat yaradıcılığından, görkəmli xanəndə, yaradıcı insanlar, ilk teatr haqqında bəhs olunur.
2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfər nəticəsində Qarabağ torpağı Ali baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu tərəfindən erməni işğalından azad edilmişdir. 44 günlük haqq savaşımızın təfərrüatları da, təbii olaraq, kitabda öz əksini tapıb.
Elmi rəhbərlik İdarənin Elm və mədəni irsin təşviqi sektorunun müdiri, tarix elmləri doktoru Vəfa Quliyeva ilə İdarənin Elmi-mədəni Mərkəzinin Elm şöbəsinin arxeologiya üzrə baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Qənirə Pirquliyeva tərəfindən həyata keçirilən bu nəşr, fikrimizcə, Azərbaycanın mədəni həyatında böyük əhəmiyyət kəsb edəcək. «Qarabağ – tarixi-mədəni irsimizdən» kitabı erməni vandalları tərəfindən Qarabağda Azərbaycan xalqına, onun mədəni irsinə edilən soyqırıma qarşı bir cavabdır və hazırda sürətlə gedən mədəni irsin bərpası istiqamətində daha bir əhəmiyyətli yardımçı vəsitə ola bilər.