Mayın 13-də Tahir Salahovun ev-muzeyində “SabirArt” adlı sosial-incəsənət layihəsinin açılış mərasimi keçirilib.
Milli Məclisin deputatı Kamal Cəfərovun təşəbbüsü, “PAŞA Holding” MMC-nin dəstəyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərəfdaşlığı ilə baş tutan layihənin məqsədi ilkin olaraq sabirabadlı 10 gənc rəssamın bacarıqlarının artırılması və regionda gənclərin məşğulluğuna dəstək verməkdir.
Layihə çərçivəsində Sabirabad rayonundan seçilmiş 10 gəncə cari ilin iyun-noyabr ayları ərzində hər həftənin şənbə günləri “ArtEvi” yaradıcılıq emalatxanasının rəssamı Aygün Xanəliyeva tərəfindən rəsm dərsləri keçiriləcək.
Layihənin 5-ci ayında sabirabadlı gənc rəssamlar “Şuşa ili” tədbirləri çərçivəsində Şuşa şəhərinə səfər edəcək və mədəniyyət paytaxtımızda etüd keçirəcəklər. Daha sonra onların rəsm əsərlərinin sərgisi keçiriləcək, əldə edilən gəlirlə 2023-cü ildə növbəti 10 gənc rəssama dəstək veriləcək.
Tədbirdə “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri Şahin Seyidzadə, Milli Məclisin deputatları Kamal Çəfərov və Ramin Məmmədov, "PAŞA Holdinq"MMC-nin nümayəndəsi Nazim Səfərov və gənc rəssamlar iştirak edərək öz çıxışlarında layihə iştirakçılarına uğurlar arzulamışlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.