Oktyabrın 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın
Xalq artisti, bəstəkar Aqşin Əlizadənin “ Babək “ baletinin premyerası keçiriləcəkdir.
Tamaşa əfsanəvi xalq qəhrəmanı igid sərkərdə Babəkin öz xalqının azadlığı uğrunda
mübarizəsinə həsr olunmuşdur. Məlum olduğu kimi Babək 20 ildən artıq bir müddətdə
ərəb xilafətinə qarşı xalqın milli azadlıq hərəkatına rəhbərlik etmişdir. Onun şücaət və
qəhrəmanlığı haqqında hekayələr əsrlərdən bəri xalqın yaddaşında dərin iz buraxmış, nəsildən-nəslə ötürülərək günümüzə qədər gəlib çatmışdır.
Yeni tamaşanın quruluşcu baletmeysteri, Azərbaycanın Xalq artisti, “ Zirvə “, “ Qızıl dərviş“ və “Humay“ milli mükafatlarının laureatı Kamilla Hüseynova, quruluşcu rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir. Balet tamaşasını dirijorların Antal Dorati adına beynəlxalq müsabiqəsinin laureatı Orxan Haşımov idarə edəcəkdir.
Əsas rolları Azərbaycan Respublikasının Əməkdar artistləri Anar Mikayılov (Babək),
Cəmilə Kərimova (Alnisə), Makar Ferştandt (Əmir) və truppanın aparıcı solistləri Ayan
Eyvazova (Pərişad) və Seymur Qədiyev (Cavidan) ifa edəcəklər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.