AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın strateji diplomatiyasının yeni mərhələsi başlayır

  • + A
  • - A
  • Bu gün, 17:08

    Azərbaycanın strateji diplomatiyasının yeni mərhələsi başlayır


    Məşhur Məmmədov,
    Millət vəkili



    Çində keçirilən ŞƏT Sammiti çərçivəsində Prezident İlham Əliyevin keçirdiyi görüşlər və etdiyi çıxışlar Azərbaycanın həm regional, həm də qlobal miqyasda diplomatik fəallığının bariz nümunəsidir. Bu görüşlər və çıxışlar bir daha sübut etdi ki, Azərbaycan beynəlxalq münasibətlərdə yalnız müşahidəçi deyil, proseslərin istiqamətverici aktorudur.

    Prezident İlham Əliyevin ŞƏT “plyus” Sammitində çıxışı da Azərbaycanın qlobal strateji tərəfdaşlıq kursunun bariz nümunəsi idi.
    Çinin Tiencin şəhərində keçirilən ŞƏT “plyus” Sammitində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın həm regional, həm də qlobal miqyasda mövqeyini daha da möhkəmləndirdi. Bu çıxış Azərbaycanın xarici siyasətində Çinlə strateji tərəfdaşlığın yüksələn xəttini, həmçinin qlobal təşəbbüslərdə fəal iştirakını nümayiş etdirdi.

    Son iki ildə Bakı ilə Pekin arasındakı əlaqələr keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Ötən il Astanada strateji tərəfdaşlıq elan olundu, bu il isə dövlət səfəri zamanı hərtərəfli strateji tərəfdaşlıq barədə Birgə Bəyanat imzalandı. Bu sənəd iki ölkə arasında münasibətləri “dostluqdan strateji ittifaqa” yüksəltdi. Prezident İlham Əliyevin sammitdə vurğuladığı kimi, Çinlə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir.

    Qlobal təşəbbüslərə dəstək verən Azərbaycanın Çin rəhbərliyi tərəfindən irəli sürülmüş Qlobal İnkişaf, Təhlükəsizlik, Sivilizasiya və İdarəetmə təşəbbüslərinə açıq dəstək verməsi ölkəmizin beynəlxalq arenada konstruktiv tərəfdaş imicini daha da gücləndirir. Bu, Azərbaycanın yalnız öz milli maraqlarını deyil, həm də qlobal sabitlik və inkişaf gündəliyini dəstəklədiyini göstərir.

    Bu sammit nəqliyyat və enerji diplomatiyasında da yeni üfüqlər açacaq.
    Prezidentin çıxışında “Bir kəmər, bir yol” təşəbbüsünə verdiyi dəstək və Orta Dəhlizin sürətlə artan yükdaşımaları Azərbaycanın Avrasiya nəqliyyat-logistika sistemində mərkəzi oyunçuya çevrildiyini təsdiqlədi. 2022-ci ildən bəri 90 faiz artım qeydə alınması ölkəmizin tranzit imkanlarının qlobal bazarlarda etibarlı seçim olduğunu sübut edir. Ələt Limanının gücünün 25 milyon tona çatdırılması isə bu mövqeni daha da gücləndirəcək.

    Ölkə rəhvərinin çıxışında vurğulanan məqam ondan ibarət idi ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal–Cənub dəhlizinin mühüm seqmentinə çevriləcək. Bu, yalnız Azərbaycan üçün deyil, bütün region üçün sabitlik, çoxtərəfli əməkdaşlıq və iqtisadi inteqrasiya deməkdir.

    Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə xidmət edən Prezident İlham Əliyevin sammitdəki nitqi Azərbaycanın regional sərhədləri aşan nüfuzunu nümayiş etdirdi. Azərbaycan artıq təkcə Cənubi Qafqazın deyil, həm də Avrasiyanın siyasi, iqtisadi və logistik arxitekturasının formalaşmasında etibarlı tərəfdaş və aparıcı mərkəz kimi qəbul olunur.

    Tiencindəki ŞƏT “plyus” sammiti bir daha göstərdi ki, Azərbaycan çoxvektorlu xarici siyasəti ilə həm Şərq, həm də Qərb istiqamətində strateji körpü rolunu uğurla oynayır. Ölkə rəhbəri İlham Əliyevin çıxışı isə bu siyasətin mahiyyətini – sülh, əməkdaşlıq və inkişaf – beynəlxalq auditoriyaya aydın şəkildə təqdim etdi.

    Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüş barədə də fikir bildirmək yerinə düşər. Görüşdə qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin hərtərəfli inkişafı müzakirə olundu. SOCAR ilə BOTAŞ arasındakı əməkdaşlığın Suriyaya qədər genişlənməsi enerji diplomatiyasında yeni mərhələdir. Qars–İğdır–Dilucu dəmir yolu və Naxçıvanın kommunikasiya layihələri isə Cənubi Qafqazı Orta Asiyanın nəqliyyat xəritəsinə daha sıx bağlayacaq. Bu, həm iqtisadi, həm də geosiyasi baxımdan Azərbaycan-Türkiyə tandeminin çəkisini artırır.

    Pakistanla qardaşlıq da ölkəmiz üçün dəyişməz strateji xətt olaraq qalıb.
    Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə ölkə rəhbərinin görüşündə Azərbaycanın göstərdiyi siyasi dəstəyə verilən yüksək qiymət, münasibətlərin qardaşlıq təməlinə söykəndiyini bir daha təsdiqlədi. Prezident İlham Əliyevin “Azərbaycan üçün qardaşlıq münasibətləri hər şeydən üstündür” bəyanatı regionda səmimi ittifaqların siyasi maraqlardan üstün tutulduğunu nümayiş etdirdi. Üçtərəfli – Azərbaycan-Türkiyə-Pakistan formatında əməkdaşlıq perspektivlərinin genişləndirilməsi həm təhlükəsizlik, həm də iqtisadi inteqrasiya baxımından strateji əhəmiyyət daşıyır.

    Bütün dünyanın diqqəti Ermənistanla dialoqa yönəlmişdi. Bu, sülh gündəliyinin irəliləməsindən xəbər verən addım idi.
    Nikol Paşinyanla keçirilən görüşdə sülh prosesinə dair konstruktiv dialoq davam etdirildi. Beynəlxalq dəstəyin, o cümlədən son Vaşinqton Sammitinin təsdiqlədiyi müsbət dinamika göstərir ki, regionda davamlı sabitliyin təmin olunması üçün real zəmin formalaşır. Azərbaycan öz mövqeyini güc və ədalət üzərində quraraq, bölgədə sülh təşəbbüslərinin aparıcı tərəfinə çevrilib.

    Sammit çərçivəsində beynəlxalq maliyyə əməkdaşlığı da yadda qalan hadisəlırdəndir.
    Asiya İnfrastruktur İnvestisiya Bankı ilə imzalanmış strateji əməkdaşlıq bəyannaməsi Azərbaycanın qlobal maliyyə və investisiya şəbəkəsində mövqelərini daha da möhkəmləndirir. Yaşıl enerji, metro, su təsərrüfatı və Orta Dəhliz üzrə layihələr Azərbaycanın davamlı inkişaf modelini dəstəkləyəcək.

    Sammit çərçivəsində Prezident İlham Əliyevin apardığı çoxvektorlu diplomatiya bir daha sübut etdi ki, Azərbaycan yalnız regional güc deyil, həm də beynəlxalq proseslərdə etibarlı tərəfdaşdır. Türkiyə və Pakistanla qardaşlıq, Çinlə strateji tərəfdaşlıq, Ermənistanla sülh gündəliyi və beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq – bütün bunlar Azərbaycanın sabitlik, inkişaf və əməkdaşlıq mərkəzi kimi nüfuzunu möhkəmləndirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR