Mütərəqqi dəyərlərə söykənən Azərbaycan Konstitusiyası

Xanlar Fətiyev
Milli Məclisin deputatı
Bu gün Azərbaycanda Konstitusiya Günüdür. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilən müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyası ölkəmizin hüquqi və siyasi sisteminin formalaşmasında, dövlət quruculuğunun həyata keçirilməsində mühüm rol oynadı.
Qeyd etmək lazımdır ki, dövlətin gücü iqtisadi və hərbi imkanlar, beynəlxalq nüfuzu kimi mühüm amillərlə yanaşı, həm də onun qanunlarının aliliyi və möhkəm hüquqi əsasları ilə ölçülür. Bu baxımdan əsas qanun olan Konstitusiya hər bir dövlətin siyasi və hüquqi həyatında xüsusi yer tutur. Konstitusiya dövlət quruluşunun əsaslarını, təməl prinsiplərini, o cümlədən ölkənin inkişaf istiqamətlərini müəyyən edir, cəmiyyətdəki münasibətlərin hüquqi çərçivəsini formalaşdırır.
1918–1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti bir çox hüquqi islahatlar həyata keçirsə də, obyektiv səbəblərdən dövlətin Əsas Qanununu qəbul edə bilməmişdi. Bu səbəbdən Azərbaycanda konstitusiya quruluşunun tarixi ölkəmizin SSRİ-nin tərkibində olduğu dövrə təsadüf edir. Belə ki, respublikamızın ilk Konstitusiyası 1921-ci il mayın 19-da qəbul olunub. Tarixi reallıqlar səbəbindən 1927 və 1937-ci illərdə Azərbaycanın yeni konstitusiyaları təsdiq edilib.
Sovet hakimiyyəti illərində Azərbaycanın sonuncu Konstitusiyası 1978-ci il aprelin 21-də qəbul olunub. 1978-ci il aprelin 2-də Azərbaycan Ali Sovetində məruzə ilə çıxış edən Ümummilli Lider Heydər Əliyevin təklifi ilə bu Konstitusiyanın 73-cü maddəsində Azərbaycan dili dövlət dili kimi təsbit olunub.
Azərbaycanın 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməsindən sonra qarşıda duran əsas vəzifələrdən biri yeni Konstitusiyanın qəbulu idi. Çünki daxil olduğumuz yeni siyasi dövrün çağırışları Ana Qanunun dəyişdirilməsini tələb edirdi. Bu məsələ 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında da öz əksini tapıb. Bu sənədin 32-ci maddəsində qeyd olunur ki, Konstitusiya Aktı Azərbaycan Respublikasının yeni Konstitusiyasının hazırlanması üçün əsasdır.
Lakin 1991–1993-cü illərdə Azərbaycanda hakimiyyətdə olan qruplar yeni çağırışlardan irəli gələn siyasi islahatların həyata keçirilməsindən uzaq oldular. Ona görə müstəqilliyimizin ilk illərində yeni Konstitusiyanın qəbulu ilə bağlı heç bir müzakirə açılmadı. Ümumiyyətlə, 1991–1993-cü illərdə Azərbaycanda siyasi hakimiyyətə yiyələnmiş qaragüruh qruplaşmalar nəinki yeni Konstitusiyanın qəbulu, həmçinin “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsindən çox uzaq oldular. Müstəqilliyimizin ilk illərinin Azərbaycanın müstəqillik tarixinə ən ağır dövr kimi yazılmasının səbəblərindən biri də məhz budur.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu yalnız Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra reallığa çevrildi. Ölkədə yaranmış dərin siyasi-hərbi böhrana son qoyan, müstəqilliyimizi qoruyan, sabitliyi təmin edən Heydər Əliyev hüquqi dövlət quruculuğunun həyata keçirilməsinə başladı və bu sahədə atılan ilk addım yeni Konstitusiyanın layihəsinin hazırlanması oldu. Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiyanın hazırlanması istiqamətində məqsədyönlü iş aparıldı və Ulu Öndər sənədin hər bir müddəasının Azərbaycanın milli maraqlarına, demokratik prinsiplərə və beynəlxalq hüquqa uyğun olmasına xüsusi diqqət yetirirdi. Heydər Əliyev Konstitusiya layihəsini hazırlayan komissiyanın ilk iclasında bununla bağlı demişdi:
“Bizim yeni Konstitusiyamız, şübhəsiz ki, birinci növbədə Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yeni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etmək və Azərbaycan Respublikasının özünəməxsus tarixi-milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir. Bir sözlə, biz elan etmişik və mən bir daha bəyan edirəm ki, Azərbaycanda demokratik, hüquqi sivilizasiyalı dünyəvi dövlət qururuq”.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul olundu. Yüksək seçici fəallığı şəraitində keçən bu referendum Azərbaycan xalqının Heydər Əliyev siyasətinə olan etimadının təcəssümü kimi tarixə düşdü. Yeni Konstitusiya 1995-ci il noyabrın 27-də qüvvəyə mindi. İlk Konstitusiyanın milli dövlətçilik tariximizdə müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli Fərmanına əsasən noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiyası Günü elan edildi.
Müstəqil respublikamızın ilk Konstitusiyasının qəbulu xalqımızın Ulu Öndəri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında tarixi xidmətlərindən biridir. Müasir siyasi çağırışlara cavab verən Ana Qanunun qəbulundan sonra hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu həyata keçirildi. O cümlədən bütün sferalarda islahatların həyata keçirilməsi, müstəqil dövlətçilik prinsiplərinə uyğun qanunvericilik bazasının formalaşdırılması və ölkədə inkişafın təmin olunması üçün müvafiq mütərəqqi hüquqi təməl formalaşdırıldı. Bütün bunları təmin edən Heydər Əliyevin adı tariximizə həm də müasir Azərbaycan dövlətinin memarı və qurucusu kimi həkk olundu. Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin Azərbaycan Konstitusiyasının qəbulu ilə bağlı xidmətlərini dəyərləndirərək deyib:
“Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır”.
Azərbaycan Konstitusiyasında müstəqilliyin, suverenliyin və ərazi bütövlüyünün qorunması əsas niyyətlərdən biri kimi bəyan olunub. Həmçinin 11-ci maddənin birinci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Lakin torpaqlarımızın işğal altında olduğu, o cümlədən Qarabağda erməni separatçılığının mövcudluğu dövründə bu müddəalar kobud şəkildə pozulmuşdu. Bu baxımdan 2020-ci ilin Vətən müharibəsində və 2023-cü ilin antiterror əməliyyatlarında qazanılan zəfərlər həm də Azərbaycan Konstitusiyasının ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazisində bərpasının real təcəssümü oldu. Bununla da Konstitusiyanın müvafiq müddəaları Azərbaycanın bütün ərazisində təmin edilən dövlətçilik reallığı kimi öz təsdiqini tapdı.
Ulu Öndər Heydər Əliyevin ideyalarına söykənən və Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdirilən konstitusion quruluş Azərbaycanın bu gününün, etibarlı gələcəyinin və güclü dövlətçiliyinin etibarlı təminatçısıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.