Almaniyanın xarici işlər naziri Hayko Maas Vyanada İranın nüvə proqramına dair aparılan danışıqların konstruktiv keçdiyini deyib.
APA-nın xəbərinə görə, bu barədə bu gün almaniyalı nazir yerli KİV-ə açıqlamasında bildirib.
“Biz Vyanada konstruktiv danışıqların ilk həftəsini geridə qoymuşuq. Bütün tərəflər eyni məqsədə nail olunması - İranla nüvə sazişinin tam tətbiqi barədə işləməyə hazır olduqlarını nümayiş etdiriblər. Bu asan olmayacaq. Biz sadəcə olaraq intensiv danışıqların başlanğıcındayıq”, - deyə H. Maas qeyd edib.
Xatırladaq ki, 6-9 aprel tarixlərində ABŞ və İranın 2015-ci ildə əldə edilmiş nüvə razılaşmasına geri qayıtması ilə bağlı Vyanada görüş keçirilib. Aparılan danışıqlarda İranla yanaşı Almaniya, Fransa, Böyük Britaniya, Çin və Rusiyanın daxil olduğu “beşlik” ölkələrinin nümayəndələri iştirak edib. Razılaşmadan çəkilməsi ilə əlaqədar ABŞ aparılan danışıqlarda birbaşa iştirak etməyib, bununla belə Vyanaya öz təmsilçisini göndərib.
Danışıqların gələn həftə də davam etdirilməsi planlaşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.