AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədrinə Azərbaycandakı tolerant mühit barədə ətraflı məlumat verilib

  • + A
  • - A
  • 26-08-2021, 18:37


    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı avqustun 26-da Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə ölkəmizə səfər edən nümayəndə heyətini salamlayan komitə sədri Mübariz Qurbanlı Azərbaycan ilə Gürcüstan xalqlarını tarixi dostluq əlaqələrinin bağladığını, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə qurulduğunu qeyd edib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1996-cı ildə Gürcüstana rəsmi səfərinin ölkələrimiz arasındakı əlaqələrin inkişafında yeni səhifə açdığını vurğulayan komitə sədri mehriban qonşuluq və əməkdaşlıq əlaqələrinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. DQİDK-nin sədri Ermənistanın işğalı altında olan Azərbaycanın tarixi torpaqlarının azad olunması ilə yekunlaşan 44 günlük Vətən müharibəsində ölkəmizin ədalətli mövqeyinin bir çox ölkələr kimi Gürcüstan tərəfindən də müdafiə edildiyini xüsusi vurğulayıb.

    Ölkəmizdəki dövlət-din münasibətləri, tolerant və multikultural mühit haqqında qonaqları məlumatlandıran sədr Prezident İlham Əliyevin dini sahəyə daim diqqət və qayğı göstərdiyini, ayrı-ayrı dini icmalara münasibətdə heç bir fərq qoyulmadığını və bu münasibət sayəsində Azərbaycanın zəngin tolerantlıq və multikultural dəyərlərinin qorunduğunu deyib. Qeyd edib ki, əsası ulu öndərimiz tərəfindən qoyulan siyasətin uğurlu davamı kimi son illərdə Azərbaycanda milli-mənəvi dəyərlərimiz və birgəyaşayış ənənələrimizin qorunması, başqa dinlərə qarşı tolerant münasibətin daha da möhkəmləndirilməsi sahəsində xeyli iş görülüb. Dövlətimizin başçısı müxtəlif dinlərə aid tarixi-memarlıq abidələrinin, ibadət və inanc yerlərinin təmiri və bərpası, dini qurumlara maddi yardımların ayrılması ilə bağlı bir sıra sərəncam və fərmanlar imzalayıb. İşğaldan azad edilmiş ərazilərimizdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ermənistan tərəfindən vandalizmə məruz qalmış məscid və məbədlərin, eləcə də saxtalaşdırma və mənimsəməyə məruz qalmış qədim alban xristian irsinin bərpa və konservasiyası istiqamətində işlər görür. O, Heydər Əliyev Fondunun tarixi, mədəni və dini irsin qorunmasına xidmət edən layihələrinin Azərbaycanın sərhədləri ilə məhdudlaşmadığını bildirərək fondun Gürcüstanda həyata keçirdiyi işlərə diqqət çəkib.

    Ölkə ərazisində 2253 məscidin mövcud olduğunu, 16 kilsə, 7 sinaqoqun fəaliyyət göstərdiyini qeyd edən Mübariz Qurbanlı əlavə edib ki, 2-si gürcü pravoslav xristian dini icması olmaqla 37 qeyri-islam təmayüllü dini icma dövlət qeydiyyatından keçirilib. Bildirib ki, dini icmaların fəaliyyətinin yaxşılaşdırılması, dini maarifçilik işinin genişləndirilməsi məqsədilə dövlət tərəfindən maliyyə yardımı ayrılan icmalar içərisində gürcü pravoslav dini icmaları da yer alır.

    DQİDK sədri vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili”, 2017-ci ilin "İslam Həmrəyliyi ili” elan olunması, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı məqsədilə əsası qoyulan “Bakı Prosesi” ölkəmizdəki dinlərarası harmoniyanı, tolerant və multikultural mühiti dünyaya bəyan etməklə yanaşı, dinlərarası dialoqun inkişafı üçün geniş imkanlar yaradıb.

    Dəvətə və səmimi görüşə görə təşəkkürünü bildirən Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze Azərbaycan xalqını işğal altındakı torpaqların azad olunması ilə nəticələnən böyük zəfər münasibətilə təbrik edib. Ölkəsindəki dini mühit, müsəlman icmaları barədə danışan Agentlik sədri Gürcüstan hökumətinin ölkənin müsəlman icmasına hər zaman xüsusi diqqət və qayğı göstərdiyini söyləyib. Z.Vaşakmadze Gürcüstanda 300-ə qədər məscidin olduğunu, əhalinin 10 faizini müsəlmanların təşkil etdiyini, İslam dininə mənsub əhalinin öz dini bayramlarını yüksək səviyyədə qeyd etdiklərini və dövlət tərəfindən İslam dini icmalarına maddi yardım ayrıldığını vurğulayıb. Ölkəmizdə gürcü icmasına göstərilən diqqəti də məmnunluqla dilə gətirən qonaq Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mövcud təcrübəsindən yararlanmaq məqsədilə dini sahədə mövcud əlaqələrin möhkəmləndirilməsinin zəruriliyinə toxunub. Gürcüstanda Dini Etiqad Azadlığı haqqında qanunun hazırlanması istiqamətində işlər getdiyini bildirən Z.Vaşakmadze bu məsələdə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlı olduqlarını qeyd edib.

    Görüş zamanı DQİDK-nın tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Gürcüstanın müvafiq ali təhsil ocaqları arasında əlaqələrin qurulması və Dövlət Komitəsi ilə Gürcüstan Dini Məsələlər üzrə Dövlət Agentliyi arasında memorandumun imzalanması, dini radikalizmə qarşı mübarizə sahəsində fikir və təcrübə mübadiləsinin aparılması, eləcə də Mənəvi Dəyərlərin Təbliği Fondu ilə əlaqələrin daha da genişləndirilməsi barədə müzakirələr aparılıb.

    Gürcüstanın Azərbaycan Respublikasındakı səfiri Zurab Pataradzenin də iştirak etdiyi görüşün sonunda qonaqlara DQİDK tərəfindən ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında ingilis dilində nəşr olunmuş kitablar təqdim edilib.

    Qeyd edək ki, avqustun 28-dək davam edəcək səfər çərçivəsində Gürcüstan nümayəndə heyəti müvafiq dövlət və qeyri-dövlət qurumları, eləcə də ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri ilə görüşəcək və bir sıra dini ibadət məkanlarını ziyarət edəcəklər.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR