İranın Azərbaycanla sərhəddə, xüsusulə də indiki həssas məqamda, Ermənistanın revanşist iddialarının dalana dirəndiyi və İrəvandan yalvarış mesajlarının səsləndiyi bir zaman kəsiyində hərbi təlimlər keçirməsini ən yaxşı halda məğlub ölkəyə dəstək kimi qiymətləndirmək olar. Və təbii ki, bu, Azərbaycan Respublikasına qarşı dost olmayan münasibətin göstəricisidir.
Doğrudur, İran beynəlxalq təcrübəyə uyğun olaraq, Azərbaycanla sərhədyanı ərazilərdə keçirilən hərbi təlimlərlə bağlı rəsmi Bakını məlumatlandırıb və bəyan edib ki, təlimlər ölkəmizə qarşı deyil. Lakin İranın bəzi dini-siyasi dairələri, həmçinin sosial şəbəkələrdəki anti-Azərbaycan qrupları tərəfindən səsləndirilən fikirlər, aparılan təbliğat, eyni zamanda təlimlərin keçirildiyi məkan və zaman çərçivələri bunun əksini sübuta yetirir.
Əgər sözügedən təlimlər Azərbaycanla Türkiyənin, yaxud Azərbaycan, Türkiyə və Pakistanın birgə keçirdiyi təlimlərə cavabdırsa, o zaman bu, Ermənistanla və məğlub ölkəni hələ də regionda münaqişə mənbəyi kimi qoruyub saxlamaq niyyəti güdən dairələrlə eyni mövqedən çıxış etmək anlamına gəlir. Azərbaycan müharibədən yenicə çıxmış ölkədir, revanşist bəyanatlarla və iddialarla qarşı-qarşıyadır. Azərbaycanda, yaxud Azərbaycan hərbçilərinin iştirakı ilə dost, qardaş ölkələrdə keçirilən təlimlərdən də açıq-aşkar görünür ki, bu təlimlərin İran İslam Respublikası ilə yaxından uzağa əlaqəsi yoxdur. Bunu orta səviyyədən aşağı qavramaq imkanı olan istənilən şəxs, zaman, məkan amilini nəzərə almaqla və təlimlərin mahiyyətini gözucu nəzərdən keçirməklə anlaya bilər.
Digər tərəfdən, əgər İranın bu təlimləri Azərbaycanın Gorus-Qafan yoluna nəzarəti gücləndiməsinə çılğın, emosional reaksiyadırsa, o zaman belə anlaşılır ki, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinə rəsmi Bakının icazəsi olmadan yük daşıyan avtomobillərin sürücüləri bu qanunsuz əməllərini rəsmi Tehranın tapşırığı və istəyi ilə həyata keçiriblər. Əks təqdirdə, İran hakimiyyəti Azərbaycan tərəfinə qanunun aliliyini, beynəlxalq avtomobil yollarında yükdaşınmaları ilə bağlı müvafiq konvensiyaların tələblərini təmin etdiyinə görə təşəkkürünü bildirməli, qanunsuz əməllərə yol verən vətəndaşlarını cəzalandırmalıydı. Amma biz İranın rəsmi dairələrinin davranışlarında, həmçinin bu ölkənin media resurslarında ölkəmizə qarşı aparılan qərəzli təbliğat kampaniyalarında bunun əksini müşahidə edirik.
Bu baxımdan, İranın Azərbaycanla həmsərhəd ərazilərdə həyata keçirdiyi hərbi təlimlərə əzələ nümayişindən başqa ad vermək mümkün deyil. Əslində İranın bu davranışı Azərbaycanda ağlı başında olan mütləq çoxluğu təəccübləndirmir. Ağlı başında olmayanların qafalarındakı boşluqları dolduran sərsəm ideyalar isə sabun köpüyü kimi iynənin ucuna bənddir.
İranın Birinci Qarabağ müharibəsi dövründə Ermənistana verdiyi dəstəyin miqyasını anlamaq üçün, işğal prosesinə rəhbərlik edən sabiq prezident Levon Ter-Petrosyanın məşhur fikirlərini xatırlatmağın yetərli olacağını düşünürəm. Həmin dövrdə Petrosyan deyirdi ki, “İran bizim üçün nəfəslik rolu oynayır, bu nəfəslik 2-3 günlüyə bağlansa, Ermənistan çökər”. Eyni sözləri daha sonra, bir az fərqli formada Xocalı qatili, hərbi cinayətkar Robert Köçəryan da təkrarlamışdı...
Nəzərə almaq lazımdır ki, İran Azərbaycan torpaqlarının işğal altında olduğu zaman kəsiyində bircə dəfə də olsun, Ermənistan qarşı təzyiq xarakterli addım atmayıb, əksinə bu ölkənin mümkün qədər daha çox dirəniş göstərməsinə, Azərbaycanın isə bir dövlət kimi zəifləməsinə səy göstərib. Amma buna nail ola bilməyib və əksər hallarda ölkəmizə qarşı nümayiş etdirilən qəzəbin əsasında da bu “iqtidarsızlıq” dayanır.
İran Azərbaycan torpaqlarının işğal altında olduğu zaman kəsiyində bircə dəfə də olsun Ermənistanla sərhəddə hərbi təlimlər keçirməyib və bu ölkəyə qarşı nəinki əzələ nümayiş etdirməyib, hətta ermənilərin narahat edəcək heç bir davranışa yol verməyib, barmaq belə silkələməyib. Başlarını sığallayıb, Azərbaycan xalqının qanına əli bulaşan müharibə canilərini bağrına basıb, əzizləyib.
Ola bilsin ki, İranın vaxtilə işğal altında olan Azərbaycan ərzilərindən keçən narkotrafik, yaxud silah və valyuta qaçaqmalçılığı ilə bağlı maraqları buna imkan verməyib. Digər səbəblər də var, şübhəsiz və zamanla, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq-bərpa prosesi davam etdikcə, bir çox qapalı məqamların üstü açıldıqca bəlağətli, gəlişigözəl sözlərin arxasından boylanan xəyanətlər daha aydın görünəcək.
İranın son 40 illik tarixinə nəzər salsaq, savaşdığı, çeşidli təhlükələr yaratdığı, ürək bulandırdığı, utancverici rəqabət apardığı, ziyan verdiyi ölkələrin sırasında yalnız və yalnız müsəlman ölkələrini görmək olar. Üzdə dəstək verdiyi ölkələr və toplumlar isə, son nəticədə həmin ölkə və toplumların özünə qarşı yönəlir. Bu ölkə və toplumlar İranın öz sərhədlərindən kənarda maraqlarını ifadə etmək və bir qayda olaraq, nəticəsiz əzələ nümayişləri üçün “qurbanlığa” çevrilir və uzun illər boyu sabitliyə qovuşa bilmirlər.
Bölgədə sabitliyin bərpa olunmasına maneə yaradan, münaqişə mənbəyi rolunu oynayan, regiona kənar qüvvələri, o cümlədən İranın da üzdə düşmən elan etdiyi mərkəzləri cəlb etməyə çalışan Ermənistan olduğu halda, İran hərbi təlimləri Azərbaycanla sərhəddə keçirir. Azərbaycanın öz ərazi bütövlüyü uğrunda müqəddəs savaşa başladığı və müharibənin taleyinin həll olunduğu zaman kəsiyində də İran eyni davranışları sərgiləyirdi. Nəyin bahasına olursa-olsun Azərbaycanın və ölkəmizin haq işində dəstək verənlərin diqqətini hədəfdən yayındırmağa çalışırdı. Maraqlıdır, nədir bu aşırı erməni sevgisinin səbəbi? Müsəlmanların məscidlərini donuz tövləsinə çevirənlərlə qardaşlıq münasibətləri quran bir ölkə hansı haqla müsəlman həmrəyliyindən danışır? Bütün bunlardan sonra dostluqdan, ortaq tarixdən, ortaq mədəniyyətdən, mənəvi dəyərlərdən, həmrəylikdən necə söz açmaq olar?
Utanmasan oynamağa nə var ki... Təəssüf ki, öz gözündə tiri görməyib başqalarının gözündə çöp axtaran bəziləri həm oynayır, həm də utanmaq barədə düşünmək istəmirlər.
Elçin Mirzəbəyli