Oktyabrın 22-də Milli Məclisin sədri Sahibə Qafarova Parlament Sədrlərinin Avropa Konfransında “Bütün Avropa vətəndaşlarının ümumi gələcəyi” mövzusunda çıxış edib.
Parlamentin sədri bildirib ki, bu toplantı üçün seçilmiş mövzu Avropanın ümumi gələcəyi ilə bağlı məsələlərin geniş bir kompleksini müzakirə etməyə imkan yaradır. Yaxşı məlumdur ki, 72 il bundan əvvəl Avropa xalqları Avropa Şurasının simasında ümumi Avropa evi qurmağı qərara aldılar və bəyan etdilər ki, Avropada daha böyük vəhdətə nail olmağın ən səmərəli vasitələri plüralist demokratiya, qanunun aliliyi və insan hüquqlarıdır. Ötən dövrdə Avropada çox şey dəyişsə də, Avropa xalqlarını ümumi evdə ümumi dəyərlər ətrafında birləşdirən bu prinsiplər dəyişməz qalıb.
Milli Məclisin sədri deyib ki, əgər ötən dövrdə Avropanın əksər ölkələrində demokratiyanın inkişafı yolunda qarşıya çıxan çətinliklər əsasən daxili xarakter daşıyırdısa, müasir dünya bu problemlər siyahısını daha da artıraraq ona terrorizm, transmilli cinayətkarlıq, qanunsuz miqrasiya kimi problemləri də əlavə edib.
Sahibə Qafarova diqqətə çatdırıb ki, müasir dövrün çağırışları demokratik idarəçilik problemlərinin ötən dövrdə təşəkkül tapmış paradiqma çərçivəsində həllinin mümkün olmadığını göstərir. Spiker məsələlərin həllində ayrıseçkiliyi istisna edən vahid yanaşmanın formalaşdırılmasının, demokratik dəyərlər sistemi üçün təhdidlər doğuran təhlükəsizlik problemlərinin, xüsusən dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə qəsdlərin, etnik separatizmin, davakar millətçiliyin dayandırlmasının və aradan qaldırılmasının vacibliyini qeyd edib.
Milli Məclisin sədri beynəlxalq problemlər və çağırışlar üçün birgə həll yolunun işlənib hazırlanması məqsədilə dünya parlamentlərini bir araya gətirməyin mühüm əhəmiyyət kəsb etdiyinə inamını ifadə edib. Deyib ki, Avropa Şurasının iki üzvü olan Ermənistanla Azərbaycan arasında mövcud olmuş və artıq keçmişdə qalmış münaqişənin həlli ilə bağlı danışıqların uğursuzluqla nəticələnməsi timsalında söyləyə bilərik ki, ortaq həll yolunun tapılmaması dövlətlərarası uzunmüddətli münaqişələrə səbəb olur. Uzun illər ərzində münaqişənin sülh yolu ilə nizama salınması üçün göstərilən beynəlxalq səylərin nəticə verməməsinin bir səbəbi Ermənistanın beynəlxalq hüquq normalarına və prinsiplərinə məhəl qoymaması, danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutması idisə, digər səbəbi təcavüzkar dövlətin öz adı ilə çağırılmaması, bir sıra hallarda işğalçı dövlətlə işğala məruz qalan dövlətin bir tutulması, beynəlxalq birliyin tələblərinə məhəl qoymayan, beynəlxalq qaydalara meydan oxuyan Ermənistan dövlətinə münasibətdə lazımi qətiyyət göstərilməməsi olub.
Spiker deyib ki, əgər münaqişənin həllində ikili standartlara yol verilməsəydi, Azərbaycan işğal edilmiş torpaqlarının azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini, digər beynəlxalq təşkilatların sənədlərini öz gücü ilə icra etməyə məcbur olmazdı.
Sahibə Qafarova xatırladıb ki, ötən ilin 27 sentyabr tarixində Ermənistanın daha bir təxribatından sonra Azərbaycan BMT-nin Nizamnaməsi ilə nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək təcavüzkarı dayandırmaq və Azərbaycan torpaqlarının işğalına son qoymaq üçün əks-hücum əməliyyatlarına başladı. Xalqımızın 44 günlük Vətən müharibəsi nəticəsində biz beynəlxalq ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Bununla da Cənubi Qafqaz bölgəsində yeni geosiyasi reallıq yarandı.
Parlamentin sədri diqqətə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsi artıq mövcud deyil. Ermənistan yeni reallıqla barışaraq onu qəbul etməli, 2020-ci ilin noyabrında və 2021-ci ilin yanvarında imzalanmış və bölgənin sülh və təhlükəsizlik məkanına çevrilməsinin parametrlərini özündə ehtiva edən üçtərəfli bəyanatları tam yerinə yetirməlidir.
Belə hesab edirik ki, bölgənin sülh, sabitlik və inkişaf məkanına çevrilməsi Avropanın gələcəyi baxımından da son dərəcə əhəmiyyətlidir.
Spiker daha sonra vurğulayıb ki, parlamentlər demokratik institutların və siyasi sistemlərimizin qarşısında duran vəzifələri həll etmək üçün hərəkətə keçməlidir. Biz diqqəti daha çox enerjili vətəndaş cəmiyyətinin mədəni müxtəlifliyinə və diskriminasiyanın olmadığı, inklüzivlik, tolerantlıq, ədalət, həmrəylik kimi ümumi dəyərlərə malik cəmiyyətə yönəltməliyik. Bu cəmiyyətdə insanlar inanmalıdırlar ki, demokratiya, insan hüquqları, gender bərabərliyi və qanunun aliliyi prinsipləri dayanıqlı sülh və tərəqqiyə nail olmaq üçün ən yaxşı vasitədir.