AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Putinin işğalçılıq siyasəti: Azərbaycan üçün nəticələr...

  • + A
  • - A
  • 10-01-2022, 17:12


    Rusiyanın SSRİ-ni yeni formatda bərpa etməsi məsələsi və bu istiqamətdə aparılan müzakirələr gündəmin manşet mövzularından biridir.

    SSRİ-nin bərpası istiqamətində birinci cəhd:
    1991-ci il dekabrın 8-də Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması SSRİ-nin bərpası istiqamətində birinci və uğursuz cəhd idi. Artıq bir neçə gün sonra SSRİ tamamilə dağılacaqdı. Dekabrın 8-də Rusiya, Ukrayna və Belarus SSRİ-nin dağılması ilə bağlı yekun qərarlarını da vermişdilər. Ancaq MDB-nin yaradılması suda boğularkən saman çöpündən yapışmaqdan başqa bir şey deyildi.

    Maraqlıdır ki, 1922-ci ilin dekabrında SSRİ-nin əsası da məhz bu dövlətlər - Rusiya SFSR, Ukrayna SSR, Belarus SSR (eyni zamanda, Zaqafqaziya SFSR- Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR) tərəfindən qoyulmuşdu.

    Rusiya keçmiş sovet ölkələrində özünün imperialist maraqlarını və strateji hədəflərini qurmaq istəsə də, bütün bu məqsədlərə çatmaq üçün MDB adekvat format deyildi. Moskva bunu dərk edirdi. Birincisi, Rusiyanın yenidən güc toplaması üçün zaman lazım idi. İkincisi, bu ölkələri bir yerə yığa biləcək alternativ ideologiya yox idi. İndiki situasiyada və ilkin mərhələdə güclənən Rusiya hərbi təcavüzlə bu ölkələrə daxil ola bilərdi. 2008-ci ildə Rusiyanın təcavüzündən sonra Gürcüstan MDB-ni tərk etdi. 2014-cü ildə Krımın işğalından sonra Ukrayna da bu qurumdan çıxdı.

    Hazrıda Rusiya vaxtilə SSRİ-nin və MDB-nin yaradılmasında əsas baza rolunu oynayan 3 dövlətdən birini - Ukraynanı tamamilə itirib. Hərbi təcavüz Ukraynanı Rusiyadan daha çox uzaqlaşdırdı.

    Gürcüstan Rusiyanın təmsil olunduğu əksər birlik formatlarında iştirakdan imtina edir. Məsələn, “3+3” platformasından...

    Ancaq Baltikyanı ölkələr Rusiyanın yırtıcı caynağından xilas oldu...

    SSRİ formalaşmışdı:

    - Rusiya, Ukrayna, Belarusdan,
    - Cənubi Qafqaz ölkələrindən,
    - Mərkəzi Asiya ölkələrindən,
    - Şərqi Avropada Moldovadan və Baltikyanı ölkələrdən...

    İndi sual olunur, Rusiya bu ölkələrdən hansında özünün siyasi-iqtisadi və hərbi dayaqlarını bərpa edib, yaxud qura bilib?

    SSRİ-nin dağılmasından sonra Baltikyanı ölkələrlə (Latviya, Litva, Estoniya) bağlı Rusiyanın planları və hədəfləri tamamilə sıfırlandı. İkinci Dünya Müharibəsi zamanı sərhədlərini Avropaya qədər genişləndirən SSRİ bu ölkələri də öz tərkibinə qatmışdı. Ancaq SSRİ-nin parçalanmasından sonra bu ölkələr tamamilə fərqli istiqamət götürdü. 2004-cü ildə Latviya, Litva və Estoniya NATO-ya üzv oldu.

    Bu il - 2022-ci il dekabrkın 22-də SSRİ-nin yaradılmasının 100 illliyidir.

    İllərdir Kremlin diktəsi ilə Rusiyanın tanınmış elm-mədəniyyət adamlarının, ictimai-siyasi xadimlərinin və sadə vətəndaşlarının “SSRİ-nin bərpasının tələbi” ilə bağlı Putinə ünvanladığı məktublar və məhkəmələrdə qaldırdığı iddialar göstərir ki, Rusiya özünün işğalçılıq siyasətindən əl çəkmək niyyətində deyil. Rusiyada ictimai rəyin və kütlə psixologiyasının da buna hazırlanması üçün illərdir çoxşaxəli iş aparılır.

    Ancaq Rusiya tarixi reallıqları nəzərə almalıdır, SSRİ-nin bərpası mümkün deyil və Rusiyanın varis kimi bu istiqamətdə atdığı addımlar sonda onun özünün parçalanması ilə nəticələnəcək. İndi hər bir millətin müqavimət hissi formalaşıb. Millətlərarası münaqişlər nəticəsində tarixə qovuşan SSRİ yaxşı nümaunə deyil, bu dəfə onun varisi Rusiya millətlərin müqavimət addımları ilə parça-parça olacaq.

    SSRİ dağılarkən ilk və ən böyük zərbəni Azərbaycan aldı, ən ağır fəaciələri də azərbaycanlılar yaşadılar. Öz müstəqilliklərini əldə etmək üçün 20 yanvar hadisələri zamanı rus tanklarının qarşısına əliyalın çıxan azərbaycanlılar indi dövlətsiz deyil. İndi azərbaycanlıların müstəqil dövləti, ordusu, iqtisadiyyatı, müəyyənləşdirilmiş sərhədləri, büdcəsi, konstitusiyası var və Azərbaycan qlobal dünyanın ayrılmaz tərkib hissəsidir. Azərbaycana hər hansı şəkildə müdaxilə Rusiyanın parçalanaması ilə nəticələnəcək. Unutmaq lazım deyil ki, 1980-ci illərin sonlarında başlayan separatçılıq, ermənilərdən maşa kimi istifadə olunması SSRİ-nin süqutunu şərtləndirən əsas amillərdən idi. 1992-1993-cü illərdə Rusiya Qarabağı işğal edərək ermənilərə təhvil verdi. Azərbaycanlı körpələri, qadınları, qocaları Xocalıda, Ağdamda və s. məhz erməni-rus birləşmələri qətlə yetirdi. 30 il ərzində 1 milyona yaxın məcburi köçkün ən ağır həyat şərtləri altında yaşamalı oldu. BMT-nin 1994-cü ildəki hesabatında göstərilir ki, müharibə zamanı ermənilərin təcavüzü nəticəsində Azərbaycana 53, 5 milyard dollar maddi ziyan dəyib.

    Azərbayacanın 30 il ərzində müyyənləşdirdiyi müstəqil və monolit siyasət Qarabağın işğaldan azad olunmasını şərtləndirən əsas amillərdən biri kimi dəyərləndirilməlidir. Rəsmi Bakı işğal altındakı torpaqları azad etmək üçün regional və qlobal situasya yaratmalı idi və bunu bacardı. Ancaq nəticədə Rusiya bu dəfə “sülhməramlı” adı altında gəlib Qarabağa - Azərbaycan torpaqlarına daxil oldu.

    İndiki halda və mövcud şəraitə uyğun olaraq, Rusiyanın Qarabağdakı hərbi kontingentini “sülhməramlı” adlandırırıq, ancaq bir müddət sonra Rusiyanın Qarabağa işğalçılıq niyyəti ilə daxil olduğunun bir daha şahidi olacağıq və növbəti mərhələdə məhz buna görə Rusiyanı ittiham etməkdən də çəkinməyəcəyik.

    Digər ölkələr kimi, Azərbaycan da bu məsələdə konkretləşdirməlidir: Qazaxıstandakı hadisələr son deyil, proses davam edəcək. Biz Rusiyanın Ukraynaya hərbi təcavüzünü gözlədiyimiz halda, xoşagəlməz olaylar Qazaxıstanda baş verdi.

    Unutmamalıyıq ki, Rusiyanın Azərbaycanla bağlı strateji planlarının sərhədləri yalnız Qarabağa “sülhməramlı” adı altında qoşun yeritməsi ilə məhdudlaşmayacaq.

    Rusiyanın Qarabağa hərbi kontingent yeritməsi həm də ermənistana hesablanmış addım idi. Yəni biz Rusiyanın azərbaycanla bağlı təcavüz planlarının başa çatdığını düşünə bilmərik, bu, ən azı sadəlövlük olardı. ABŞ-Rusiya münasibətlərinin aqressiv mərləhəyə daxil olduğu bir ərəfəd regional dəyişikliklər qaçılmazdır.

    Rusiya özünün “təhlükəsizlik kəmərini” bu dəfə başqa şəkildə qurub: Belarus-Gürcüstan-Ukrayna-Qazaxıstan...

    Kreml bu ölkələrin hər birinə açıq şəkildə təcavüz edib, Gürcüstanla müharibə aparıb. Azərbaycana da iki ölkə arasındakı müharibənin nəticəsi kimi daxil olub. SSRİ-nin əsas baza dövlətlərindən olan Ukraynanı öz iradəsinə tabe etmək yalnız müharibədən və bu müharibədə Rusiyanın qələbəsindən keçir. Keçmiş sovet ölkələrinin hərəsindən bir-iki ərazi zəbt etməklə yeni formatda imperiya quracağına inan Rusiya hələki ciddi müqavimətlə rastlaşmır. Belə deyək, hələki ABŞ özünün planlarını işə salmayıb. 1983-cü ildə ABŞ prezidenti D.Reyqan SSRİ-nin dağılması üçün açıq şəkildə “müdafiə təşəbbüsləri”ni açıqlamışdı. ABŞ-ın ilki addımlarından sonra SSRİ müvazinətini itirdi, başı daxili problemlərə qatışmış oldu və ruslar “yenidənqurma” siyasətinə başladılar. Amma yenə də nəticə olmadı, SSRİ darmadağın oldu.

    Rusiyanın Qazaxıstana gözlənilməz məqamda daxil olmasının əsas səbəblərindən biri Qazaxıstanda aparılan milliləşdirmə siyasəti idi. Qazaxıstanın sabiq prezidenti N.Nazarbayev Latın əlifbasına keçidlə bağlı açıq mövqeyini ortay qoymuşdu. Rusiyanın təzyiqlərindən sonra o, rus dilində çıxan nəşrlərin ğz fəaliyyətlərini kiril əlifbası ilə davam etdiricəyini də demişdi. Prosesin sonu görünürdü, rus dili arxa plana keçirdi. Eyni zamanda, N.Nazabayev Qazaxtandakı türklərin sayının 70%-ə qədər qalxmasını təmin edə bilmişdi. SSRİ dağılanda bu rəqəm 50% civarında idi. Qazaxıstan ötən ilin dekabrında xidmət sektorunda rus dilindən imtina etdi. Bundan dərhal sonra Kreml Qazaıxtanda rus dilininin və rusların sıxışdırılması ilə bağlı çıxışlar sərgilədi. Bu günkü şəraitdə həmin çıxışların sahibləri Qazaxıstanın şimalının Rusiyaya birləşdirilməsindən danışırlar. Bütün hallarda Rusiya üçün bəhanələr həmişə mövcuddur.

    Rusiya prezidenti Putin rus dili ilə bağlı "həssaslığını" həmişə qabardıb. Təbii ki, bu, Putinin rus dilinə olan sevgisindən yox, Rusiyanın imperialist və yırtıcı maraqlarından irəli gələn eqoizmdir. Rusiya Qazaxıstana təcavüz etməklə, həm işğalçılıq siyasətini reallaşdırdı, həm də oradakı milliləşdirmə siyasətinə mane oldu.

    Qazaxıstandakı hadisələrdən Azərbaycan mühüm nəticələr çıxarmalıdır.

    Dövlətin yeni strateji hədəfləri müəyyənləşdirilməli, xüsusilə Rusiyadan gələn təhlükələrin, risklərin bütün variantları təhlil edilməli və praktiki işlər həyata keçirilməlidir.
    Azərbaycanda uzun illərdir milliləşdirmə siyasəti həyata keçirilir, işğal altında olan torpaqların azad edilməsi də bu milliləşdirmənin bir tərkib hissəsidir. Rusmeylli yox, milli kadrların önə çəkilməsi prosesinə də başlanılıb. Eyni zamanda, ölkənin müxtəlif sahələrində Rusiyaya bağlılığı şübhə doğurmayan çox ciddi vəzifə sahibləri öz vəfizələrindən çıxarılıblar. Azərbaycan gecikmədən, günü bu gündən etibarən ölkə həyatının bütün sahələrində səfərbərlik elan etməli, ciddi tədbirlər həyata keçirilməlidir. Rusiyanın ölkəmizdəki bütün rıçaqları tam nəzarət altına alınmalı, onların hərəkət trayektoriyası, fəaliyyət prinsipləri aşkara çıxarılmalıdır. Azərbaycanın ordu və güc strukturlarında "mikroskop araşdırma" işlərinin aparılması təxirəsalınmaz işlər həyata keçirilməlidir.

    Qazaxıstandakı hadisələrin təhlili göstərir ki, oradakı proseslər Rusiyanın uzun illərdir formalaşdırdığı rıçaqlar vasitəsilə yöndələndirilir. Necə ola bilər ki, 160 minlik ordusu olan Qazaxıstan öz ölkəsində sabitliyi bərpa edə bilmir, 3 min rus “sülhməramlı”sına ehtiyac yaranır?

    Deməli, ruslar ilk olaraq ordunu özlərinə tabe ediblər, ordunun milli qərarların icrasına yönələn fəaliyyəti tamamilə bloklanıb. Əsas məqsəd isə Rusiya ordusunun ölkəyə gəlməsini təmin etmək olub. Başqa cür desək, Qazaxıstanda yerli əhalini gülləbaran edən rus əsgərlərə niyə silahsız əhali cavab verir? Qazaxıstan ordusu niyə rus əsgərlərinə cavab vermir? Deməli,Qazaxıstan ordusuna diktə edən şəxslər Rusiyaya bağlı adamlardır.

    Ona görə də, ordunun milliləşdirilməsi hər bir ölkə üçün, eləcə də Azərbaycan üçün prioritet olmalıdır. Sabah hər hansı bir təcüvaz olarsa, silahsız əhali yox, işğalçıların qarşısına ordu çıxmalıdır. Elə müstəqil dövlətin ordusunun da əsas məqsədi budur.

    2022-ci ilin dekabrına və 2024-cü ilin Rusiyadakı prezident seçkilərinə qədər olan dövrün həssaslığı nəzərə alınmalıdır.

    Bu dövr ərzində Putin dünyaya “fərqli” və daha geniş əraziyə sahib Rusiyanı təqdim etmək niyyətindədir.

    Müəllif: Samir Feyruzov


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR