Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın sürətli sosial-iqtisadi yüksəlişi, mülki dövriyyənin artması notariat xidmətlərinin rəqəmsal innovasiyalar, məsafədən və mobil qurğular tətbiq olunmaqla vətəndaşlara daha asan və əlçatan göstərilməsini şərtləndirir, bununla bağlı Ədliyyə Nazirliyi tərəfindən notariat fəaliyyətinin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür.
Eyni zamanda, notariuslar korpusunun müasir düşüncəli, peşəkar kadrlarla komplektləşdirilməsi davam etdirilərək ötən ay bəzi bölgələrdə notariat fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqşünaslarla test imtahanı keçirilib və uğur qazanmış namizədlər hazırda müsabiqənin növbəti mərhələsindədirlər.
Əhaliyə hüquqi xidmətlər göstərən notariuslardan, ilk növbədə, vətəndaşların müraciətlərinə diqqət və qayğı ilə yanaşılması, məmnunluğun təmin edilməsi, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması tələb olunur.
Bu mənada ölkə başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara həssas münasibəti, sosial təşəbbüsləri və çağırışları hər bir ədliyyə işçisinin, həmçinin notariusların fəaliyyət prinsipinə çevrilib. Ölkəmizin sosial-iqtisadi tərəqqisinin davamlılığı, inklüziv cəmiyyətin və müasir innovasiyaların inkişafı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışla bağlı milli prioritetlərə uyğun olaraq bu sahədə çağırışlar nazirlik tərəfindən mütəmadi təşviq olunur, əhalinin sosial problemlərinin həllinə yönəlmiş layihələrdə yaxından iştirak edilir.
Notariat institutu ictimai tələbatlılığı, innovativliyi və sosialyönümlü fəaliyyəti ilə fərqlənir. Dövlət başçısının təşəbbüsü ilə “Notariat haqqında” Qanunun təkmilləşdirilərək notariusun vergi agenti qismində müəyyən edilməsi əhaliyə göstərilən dövlət xidmətlərinə əlçatanlığı asanlaşdırmaqla büdcə daxilolmalarının da vaxtında və mütəşəkkil təmin olunmasına yönəlib.
Ölkədə fiskal siyasətin həyata keçirilməsində yaxından iştirak edən notariusların fəaliyyəti nəticəsində tutulmuş vergilər üzrə son illər ərzində dövlət büdcəsinə ümumilikdə 260 milyon manat məbləğində vəsait köçürülüb.
Notariuslar həmçinin, sosial dəstək proqramlarının icrasında fəal iştirak edir, COVID-19 qlobal pandemiyası ilə əlaqədar əhalinin sağlamlığının qorunması, Vətən müharibəsi və post-konflikt dövründə Azərbaycan Ordusuna, yaralı hərbçilərimizə, şəhid ailələrinə, azad edilmiş torpaqlarımızın bərpası naminə görülən işlərə dəstəklə bağlı sosial təşəbbüslərdə daim həmrəylik nümayiş etdirirlər.
Ötən dövrdə Koronovirusla Mübarizəyə Dəstək Fonduna, hərbçilərimizə, yaralılara və şəhid ailələrinin təminatına dəstək göstərən “YAŞAT” Fonduna, Qarabağ Dirçəliş Fonduna könüllü olaraq ədliyyə işçiləri, hakimlər və notariuslar tərəfindən bütövlükdə 6.6 milyon manatdan çox vəsait ianə edilmişdir.
Təsadüfi deyil ki, Qarabağ Dirçəliş Fondu ilə yarandığı ilk gündən səmərəli əməkdaşlıq edən Ədliyyə Nazirliyi tərəfindən doğma torpaqlarımızın bərpası naminə könüllü ianələr edilməsi, ədliyyə işçilərinin adından Qarabağın təbiətinə və yaşıllıqların artırılmasına töhfələr verilməsi Fond tərəfindən təqdir olunmuş və nazirlik “Qızıl” ianə sertifikatına layiq görülmüşdür.
Bundan əlavə, Vətən müharibəsi iştirakçıları ilə bağlı həyata keçirilən sosial dəstək proqramları çərçivəsində 7000 şəhid ailə üzvünə qısa müddətdə vərəsəlik şəhadətnamələri təqdim edilərək, onların sosial ödəmələri vaxtında təmin olunmuşdur. Eyni zamanda xüsusi notariuslar şəhid ailə üzvlərinə qayğılı münasibət göstərilməsi ilə bağlı ölkə başçısının tapşırıqlarına uyğun olaraq Vətən müharibəsinin ilk günlərindən və post-müharibə dövründə şəhid ailələrinə ödənişsiz xidmət göstərirlər. Bu xidmətlərə görə notariuslar vətəndaşlıq mövqeyindən çıxış edərək öz hesabına dövlət büdcəsinə il ərzində təxminən 100 min manat məbləğində vəsait köçürürlər.
Bu gün ədliyyə sahəsində çalışan hər bir şəxs özünü cəmiyyətdə yalnız vətəndaşların mülki-hüquq münasibətlərinin tənzimlənməsini təmin edən subyekt kimi deyil, həmçinin ölkənin sosial siyasətinə, dövlət başçısının bu sahədə verdiyi tapşırıqlara uyğun olaraq əhalinin problemlərinin həllində fəal iştirak edən şəxs hesab edir və bu prinsipi vətəndaşlıq borcu olaraq öz fəaliyyətində rəhbər tutur.