AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Estoniyanın ölkəmizdəki səfiri: “Böyük qaçqın axınının olması mümkündür” — MÜSAHİBƏ

  • + A
  • - A
  • 25-12-2017, 15:38

    Estoniyanın ölkəmizdəki səfiri: “Böyük qaçqın axınının olması mümkündür” — MÜSAHİBƏ














    Ölkə.Az” saytının əməkdaşı Estoniya Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili İndrek Kiverik ilə müsahibə edib.
    Həmin müsahibəni təqdim edirik:

    -Cənab səfir, Estoniya Respublikası və Azərbaycan arasında diplomatik əlaqələrin yaranma tarixindən və bu əlaqələrin bu günündən danışardınız.

    -Ölkələrimiz arasında diplomatik əlaqələr Sovet İttifaqının dağılmasından sonra yarandı. 2008-ci ilə qədər diplomatik münasibətlərimizi var idi. Amma hər iki ölkənin prezidentlərinin qarşılıqlı səfərlərindən sonra bu əlaqələr daha dü gücləndi. İş adamları arasında biznes forumlar da keçirildi. 2010-cu ildə Tallində Azərbaycanın səfirliyi açıldı. Son 2 ildə ölkələrimiz arasında əlaqələr daha intensiv xarakter alıb.

    Bir neçə il əvvəl Bakıda Estoniyanın səfirliyinin ofisi açıldı. Çox təəssüf ki, səfirlik Ankaradadır. Burada səfirliyin ofisi var və Estoniyanı müvəqqəti işlər vəkili təmsil edir. Hazırda mən müvəqqəti işlər vəkili kimi ikinci diplomatam və artıq 3 ildir ki, Azərbaycandayam.

    - Cənab səfir, keçmiş Müttəfiq Respublikanın müstəqillik əldə etdikdən sonra keçdiyi tarixi yolu necə xarakterizə edərdiniz?

    -Müttəfiq Respublikaların iqtisadiyyatı İttifaqın böyük bazarına yönəlmişdi. İttifaq dağıldıqdan sonra bu əlaqələr pozuldu. Yeni bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq iqtisadiyyatımızın yönümünü dəyişməli olduq.

    Estoniya həm ərazicə, həm də əhalinin sayına görə kiçik ölkədir. Nəzərə alaq ki, təbii sərvətlərimiz də yoxdur. Bizdə hələ İttifaq vaxtında slans qumlarının qazıntısı və onun əsasında kimya sənayesi yaranmışdı. Biz həmin sənayeni daha da mütərəqqi texnologiyalarla təchiz edib yüksək səviyyəyə qaldırdıq. Yeni sənaye sahələrindən biri də gəmiqayırma sənayesidir ki, hətta İttifaq dövründə də bu sənaye bizdə yox idi. Hazırda orada neft daşıyan tankerlər tikilir. Bütün müəssisələrin yönümü yeni bazar tələblərinə uyğunlaşdırıldı. Biz öz diqqətimizi kiçik və orta biznesin inkişafına yönəltmişik ki, onlar bazarın tələbinə daha cəld reaksiya verə bilirlər.

    Estoniya İT-texnologiyaların inkişafına böyük diqqət yetirir, bu sahə bizdə daha yaxşı inkişaf edir, bizim müvəffəqiyyətlərimiz dünyada tanınır.

    -Estoniyanın Dağlıq Qarabağ probleminə rəsmi münasibəti necədir və bu problemin həllini hansı prinsiplər əsasında görür?

    -Hətta Sovetlər İttifaqının tərkibində olduğumuz dövrdə bu münaqişənin yarandığı zamandan biz Azərbaycanın suveren hüquqlarının və ərazi bütövlüyünü tanııyır və dəstəkləyirik.

    Müstəqillik əldə etdikdən sonra BMT-nin və bütün Beynəlxalq Təşkilatların üzvü kimi biz bu prinsipə sadiqik və hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyirik. Bir sülhsevər ölkə kimi biz bu münaqişənin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həllini istərdik.

    - Dövlət başçılarının qarşılıqlı səfərləri nəticəsində xeyli sayda sazişlər imzalanıb. Cənab səfir, həmin sazişlərin icrası hansı səviyyədədir və sizi qane edirmi, qarşıda rəsmi səfərlər gözlənilirmi?

    -Əlbəttə ki, bağlanmış sazişlər çərçivə xarakteri daşıyır və dövlətlərarası əlaqələrin bütün sahələrini əhatə edir. Bu sazişlərin əsasında hökumətlərarası iqtisadi komissiya yaradılıb ki, mütəmadi olaraq hər iki ildən bir öz iclaslarını keçirir, görülmüş işlərin nəticələri müzakirə olunur və yeni layihələrin planları hazırlanır. Komissiyanın iclasında hər iki ölkə tərəfindən bütün müvafiq nazirliklər iştirak edirlər. Komissiyanın son iclası bu ilin aprel ayında çox müvəffəqiyyətlə keçdi. Əlbəttə ki, hər bir layihənin icrasına müvafiq vaxt və iqtisadi həyatda dəstək lazımdır.

    -Cənab səfir, iki ölkə arasında birbaşa aviareyslərin olmaması ticari və mədəni əlaqələrə təsir edirmi və bu reyslərin açılması nəzərdə tutulurmu?

    -Çox təəssüf edirəm ki, Bakı və Tallin arasında birbaşa aviareys yoxdur və bu xalqlar arasında ünsiyyəti çətinləşdirir. Üçüncü ölkələr vasitəsi ilə aviareyslər çox baha başa gəlir və vaxt itkisidir. Ancaq demək istərdim ki, aviareysin yaranması üçün mütləq xüsusi şərait olmalıdır. Aviareys özlüyündə biznesdir. Hətta bunu sizə deyim ki, Estoniyanın Gürcüstanda böyük səfirliyi var və Gürcüstana xeyli eston turist səfər edir, lakin, birbaşa aviareys yoxdur.

    - İttifaq tərkibində olanda Estoniya Respublikasının yüngül sənayesi, kurort-sanator sənayesinin şöhrəti indiyə qədər xalqın dilindədir. Bu gün vəziyyət necədir və iki ölkə arasında ticari, iqtisadi və turizm mübadiləsi necədir, ümumiyyətlə Estoniyanın aparıcı sahələri hansılardır?

    -Bütün müttəfiq respublikalar kimi İttifaq dağıldıqdan sonra biz də öz iqtisadiyyatımızın yönümünü yeni bazar tələblərinə uyğunlaşdırdıq. Kənd təsərrüfatımız İttifaq dövründə də yüksək nailiyyətlər əldə etmişdi, hal-hazırda da inkişafdadır. Bu sahədə bizim müvəffəqiyyətlərimiz tanınır və Azərbaycan tərəfi ilə bölüşməyə hazırıq. Qeyd etdiyim ki, Estoniyada İT-texnologiyaların inkişafı və bu sahədə göstərilən xidmətlər yüksəkdir və biz Azərbaycanla bu sahədə bölüşürük. Bizim ekspertlər Azərbaycan şirkətlərinin elektron hökumət proqramları yaradılmasında məsləhətlər verirlər.

    -Estoniya və Azərbaycan arasında turist mübadiləsi Sizi qane edirmi?

    -Turist mübadiləsi məni qane etmir. Bu mübadilənin belə zəif olmasında səbəb birbaşa aviareyslərin olmaması və viza rejiminin tətbiqidir. Ölkələrimiz arasında viza rejiminin yüngülləşdirilməsi barədə razılıq olsa da, Avropa İttifaqının viza rejiminin yüngülləşdirilməsi barədə tələblərinin yerinə yetirilməsi lazımdır, bu da, öz növbəsində vaxt tələb edir.
    - Sovetlər İttifaqı dövründə müttəfiq respublikalar arasında qarşılıqlı mədəniyyət, təhsil və səhiyyə sahələrində mübadilə yüksək səviyyədə idi. Cənab səfir, bu gün bu münasibətlər necədir?

    -Estoniyada təhsil alan azərbaycanlı tələbələr vardır və bu tələbələrin sayı hər il artmaqdadır. 2016-cı ilin payızında bizim həkim və alimlərimizdən ibarət böyük bir qrup Azərbaycana səfər etdi və buradakı elmi institutlar və klinikalarla əlaqələr yaradıldı.

    Mədəni mübadilə sahəsində onu deyim ki, İttifaq dağıldıqdan sonra bu əlaqələr çox zəiflədi və hazırda elədir. Yetişən gənc nəsil ölkələrimizi tanımır. Bu tanışlığın artması üçün turizmin inkişafına ehtiyac var.

    - Azərbaycan iqtisadiyyatının hansı sahələrinə Estoniya tərəfi maraqlıdır və qarşılıqlı olaraq Azərbaycan iş adamları Estoniyanın hansı sahələrinə maraq göstərirlər?

    -Bizim ölkələr arasında iki əsas sahə inkişaf edir. Bu aqrar sənaye kompleksi və dərman preparatlarının istehsalıdır. Bizim səhiyyə işçilərinin Azərbaycana səfəri zamanı və hökumətlərarası iqtisadi komissiyanın son iclasında dərman preparatlarının birgə istehsalı və üçüncü ölkələrə ixracı barədə razılıq əldə edilib.

    Bundan başqa Azərbaycanın aqrar sektoruna investisiya yatırılması barədə razılıq əldə olunub. Estoniyada iribuynuzlu heyvanların yetişdirilməsi sahəsində böyük müvəffəqiyyətlər vardır və biz Azərbaycan tərəfi ilə bu təcrübəni bölüşmək istərdik.

    -Estoniya Respublikası özünün sülhsevər siyasəti ilə məlumdur. Suriyada, İraqda, Myanmada, Ukraynada baş verən münaqişələrə rəsmi Tallinin mövqeyi necədir?

    -Suriyada vətəndaş müharibəsi gedir və biz beynəlxalq qüvvələrin sülh yaratmaq missiyasını alqışlayırıq. Avropa İttifaqının üzv ölkəsi kimi biz bu təşkilatın qərarlarını dəstəkləyirik. Əlbəttə ki, hər bir qərar beynəlxalq hüquqa və BMT-nin qərarlarına əsasən olmalıdır. Tamam başqa bir məsələ isə İŞİD-dir ki, biz də onunla mübarizəni dəstəkləyirik.

    Ukrayna barədə onu deyim ki, biz Ukraynanın ərazi bütövlüyünü tanıyırıq və dəstəkləyirik.

    Myanmada baş verən hadisələr yolverilməzdir və mütləq dayandırılmalıdır.

    - Cənab səfir, Azərbaycana təyin olunduğunuzu biləndə ölkəmiz haqqında hansı təəssüratınız var idi?

    -Bakıda səfirliyin ofisinin açılmasını şəxsən mən Estoniyanın Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz üzrə şöbəsinin müdiri olduğum zaman təklif etmişəm, bu regionu və Azərbaycanı yaxşı tanıyıram. Ona görə də Azərbaycana təyinat almağım mənim üçün ani bir xəbər olmadı və artıq üçüncü ildir ki, burada Estoniyanı təmsil edirəm.

    - Cənab Səfir, diplomatik missiyanızı həyata keçirərkən iki ölkə arasında daha hansı sahələrdə inkişaf görmək istərdiniz?

    -Əlbəttə ki, ölkələrimizin vətəndaşları arasında mədəni mübadilənin daha sıx olmasını, tələbə mübadiləsinin artmasını və turizmin daha geniş vüsət almasını istərdim. Azərbaycan turizmin inkişafına son illər diqqətini artırıb. Ancaq daha çox işlər görmək lazımdır. Turizm axınının artması üçün inkişaf etmiş infrastruktura və birbaşa aviareyslərin olması önəmlidir.

    Azərbaycanla bizim ölkə vətəndaşları arasında viza problemləri vardır ki, bu təksə Estoniya vətəndaşları ilə yox, Avropa İttifaqının bütün vətəndaşları ilədir. Vizasız rejimin yaranması üçün Azərbaycan tərəfindən Avropa İttifaqı ilə bağlanmış bütün müqavilələrin yerinə yetirilməsi lazımdır. Biz Azərbaycan tərəfinin öz regionunda olan vəziyyəti tənzimləmək üçün etdiyi addımları başa düşürük. Azərbaycan elə bir regionda yerləşir ki, Yaxın Şərqdən gələ biləcək böyük qaçqın axınının olması mümkündür və bu Azərbaycan üçün arzuolunmazdır.

    Səfirlik kimi biz işgüzar adamlar arasında əlaqələri yaratmaq üçün hüquqi bazanı yaradırıq. Bunun üçün biznes forumlar təşkil edirik. Qeyd etdiyim kimi bizim Azərbaycanla sıx əlaqələrimiz yaranmış İT xidmətlər və kənd təsərrüfatı sahəsidir ki, burada bizim nailiyyətlər tanınıb və biz bu nailiyyətlərimizlə Azərbaycan tərəfi ilə bölüşmək istəyirik.

    Bir sahədə bizim ölkələr arasında yenidir ki, bu da üçüncü ölkələrə ixrac üçün birgə istehsal sahələrinin yaranmasıdır. Ümid edirəm ki, layihələşdiririlən və razılaşdırılmış bütün məqsədlərimiz müvəffəqiyyətlə yerinə yetiriləcəkdir.

    Söhbətləşdi: Xəyalə Süleymanqızı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR