"Elmira Axundova 200 mini şəxsən özü verdi" - Deputatın adı daha bir QALMAQALDA
«Həbib mənə deyirdi ki, anası Elmira Axundova Milli Məclisin, məhkəmə sisteminin və digər dövlət təşkilatlarının dəftərxana tenderlərini udub, mal çatdıra bilmirlər», – Fərman Məmmədov bunu Milli Məclisin deputatı Elmira Axundova haqqında deyib.
F.Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan dələduzluqla bağlı cinayət işində zərərçəkmişdir. Deputatın oğlu Həbib Axundov da həmin işdə zərərçəkmiş qismində tanınıb.
Təqsirləndirilən şəxs qismində tanınan Elnur İbrahimov isə H.Axundovun dostu olub. O, 2011-ci ildə ofis və dəftərxana ləvazimatları, katric satışıyla məşğul olmaq üçün «E Plus E Company» MMC-ni yaradıb, müxtəlif şirkətlərdən nisyə mal alıb satmağa başlayıb.
Onun sözlərinə görə, zərərçəkmişlərin bəzilərini – Fərman Məmmədovu, Nazir Mirzəyevi bu işə H.Axundov cəlb edib. Onlardan pul alınıb, üstündə qazanc vəd olunub.
735 min manatlıq borc müqaviləsi
E.İbrahimov: «Həbib Axundovu sinif yoldaşım Orxan Xanbabayevə görə tanımışam. 2006-cı ildən aramızda münasibət yaranıb. Məclislərdə görüşmüşük. İlk dəfə Həbibdən mal almaq üçün 5 min istədim, o da verdi. Axşam əlavə 500 manat qazancla pulu qaytardım. Sonra bir günlük 10 min aldım. 1500 artığı ilə qaytardım. Sonra 25 min istədim. Həbib o qədər pulu olmadığını dedi. Fərman Məmmədovdan alıb verdi. 25 mini 30 min kimi qaytardım. Sonra 90 min istədim. Həbib dedi ki, Fərmanda da yoxdur. Faizə pul verən Nazir adlı şəxsə danışdılar. Onlardan 90 min alıb, 99 min qaytardım. Daha sonra həftəsi 12 min qazanc olmaqla 90 min bir neçə dəfə alıb qaytarmışam. Sonra işlər yaxşı getmədi deyə, pulları qaytara bilmədim…».
Həbib Axundov
Təqsirləndirilən şəxsin sözlərinə görə, H.Axundov 735 min manatlıq borc müqaviləsi imzalamasını istəyib: «Mən onlara bu müddətdə qazanc verdiyimi dedim və heç olmasa, əsas məbləğdən həmin qazancın çıxarılmasını istədim».
Zərərçəkmiş F.Məmmədov iyunun 1-də keçirilən məhkəmədə bildirib ki, o, E.İbrahimovla yox, H.Axundovla iş görüb, pulu da ona verib:
«Həbib Axundov mənə dedi ki, Elnurla biznes yaradıblar, yaxşı qazanc olacaq. Ofis ləvazimatları və katricləri xaricdən gətirib Azərbaycanda satacaqdılar. Həmçinin, gömrükdə müsadirə olunmuş malların da satışını təşkil edəcəklərini deyirdi. Anası Elmira Axundovanın Milli Məclisin, məhkəmə sisteminin və digər dövlət təşkilatlarının dəftərxana tenderlərini udduğunu söyləyirdi. Deyirdi ki, mal çatdıra bilmirlər. Mən də ona inandım. Pulların Elnura verildiyini bilmirdim. Müxtəlif tarixlərdə cəmi 435 min manat vermişəm».
«200 min, daha sonra 50 min manat verdi»
Zərərçəkmişin sözlərinə görə, pullar yoxa çıxandan sonra deputat E.Axundova ilə də bu haqda söhbətləri olub:
«Elmira Axundova mənə zəng edib Elnurla danışdığını və digər şəxslərlə razılığa gəldiklərini dedi. Həbiblə görüşdük, mənim 450 min manatımı qaytaracağını bildirdi. Bu razılaşmadan 20 gün sonra Həbib məni evlərinə dəvət elədi. Elmira Axundova 200 mini şəxsən özü verdi. Qalanını da yaxın günlərdə verəcəyini bildirdi. Sonra Elmira Axundova məni çağıraraq 50 min manat da verdi. Lakin sonra Həbib qalan məbləği qaytarmaqdan imtina etdi. Buna görə də mənə dəymiş ziyanı Həbib Axundovdan tələb edirəm».
H.Axundov da istintaqa ifadə verib. O bildirib ki, E.İbrahimov onu və digər tanışlarını aldadaraq «piramida» qurub. Onun sözlərinə görə, Elnur müxtəlif adamların birindən aldığı pulu digərinə qazanc kimi verib. H.Axundov özünün də E.İbrahimova iş görmək üçün pul verdiyini və sonra geri aldığını qeyd edib. Zərərçəkmişlərdən F.Məmmədovun E.İbrahimova verdiyi pullara görə zamin durmasına da münasibət bildirən Axundov qeyd edib ki, həmin pulu özü ödəmək məcburiyyətində qalıb.
H.Axundov qeyd edib ki, F.Məmmədovun verdiyi 450 min manatı ödəmək üçün bankdan 200 min manat kredit götürüb.(Azadliq.org)