Açılış mərasimində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iştirak edib.
Baş prokurorluğun rəhbərliyinin də iştirak etdiyi tədbirə, həmçinin, digər dövlət və hüquq mühafizə orqanlarının əməkdaşları qatılıb.
Əvvəlcə mərasim iştirakçıları inzibati binanın foyesində ulu öndər Heydər Əliyevin barelyefi önündə dahi insanın unudulmaz xatirəsinə dərin hörmət və ehtiramlarını bildirib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Baş prokuroru Kamran Əliyev
deyib ki, Azərbaycan xalqı bu gün sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, yüksək fəxarət duyğuları, hədsiz fərəh, qürur hissləri yaşayır:
"Ümummilli lider Heydər Əliyev, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prokurorluq orqanlarına göstərdikləri daimi diqqət və qayğı hər zaman hiss olunub.
Ölkə prezidentinin cari ilin 24 may tarixli Sərəncamı ilə Xankəndi şəhər prokurorluğunun təsis edilməsi və qısa müddətdə qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi, habelə digər maddi-texniki təminatı məsələlərinin həlli bunun göstəricisidir"-deyə Baş Prokuror vurğulayıb.
Bildirilib ki, Xankəndi şəhər prokurorluğunun inzibati binasının qısa müddətdə istifadəyə verilməsi çox əlamətdar bir dövrə təsadüf edir.
Prokurorluq orqanlarının formalaşmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışan Baş prokuror Azərbaycan prokurorluğunun keçdiyi şərəfli yol və hazırkı fəaliyyəti barədə bəhs edib.
Kamran Əliyev prokurorluq orqanlarında aparılan kompleks islahatlar və sağlam iş mühitinin formalaşdırılması məqsədilə görülən məqsədyönlü tədbirlərdən söz açıb.
İnzibati binanın istifadəyə verilməsini prokurorluq əməkdaşlarının əməyinə verilən yüksək qiymət kimi dəyərləndirən Baş prokuror Azərbaycan dövlətinin inkişafı naminə bundan sonra da böyük səylə çalışacaqlarını bildirərək kollektivə uğurlar arzu edib.
Daha sonra iştirakçılar inzibati binada yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, binada vətəndaşların qəbul otağı, prokuror, prokuror köməkçiləri, müstəntiq və inspektorlar üçün otaqlar, dəftərxana və arxiv yaradılıb.
Bildirilib ki, bina bütün zəruri avadanlıq, kompüter sistemi, kommunikasiyalar və mühəndis qurğuları ilə təchiz edilib, mebel və digər inventarlarla təmin olunub.
Sonda xatirə fotoşəkli çəkilib.