Deputatlığa sabiq namizəddən Bərdədə əlil qadını işdən çıxaranlara: “Vicdanınız hardadır?”
Deputatlığa keçmiş namizəd, tanınmış iqtisadçı-ekspert Elçin Qurbanov azyaşlı uşağı ilə parkda gecələyən, gözdən əlil Nazilə Musayevanın süpürgəçi işindən çıxarılmasına sərt reaksiya verib.
Cahan.info xəbər verir ki, E.Qurbanov feysbukda video müraciətində bu vicdansızlığı edənlərə, onu cəmi 123 manatlıq maaşından bayram ərəfəsində məhrum qoyanlara cavab verib.
Tanınmış ekspert bildirib ki, bəxtsiz bir ailənin günlərdir etdiyi müraciətlərə fikir bildirmək çox çətindir:
“Fikirləşərsiniz ki, ilk növbədə özün onlara kömək elə, bunu bəyan eləməyə ehtiyac yoxdur, mən nə lazımdırsa, nə qədər nəfəsim gedib-gəlir, yardım edirəm və edəcəyəm.
Bunu insanlıq naminə edirik. Eyni zamanda Xəyyam müəllim (jurnalist Xəyyam Salmanzadəni nəzərdə tutur – red) xeyli zamandır ki, köməklik göstərir, amma onun da imkanları məhduddur.
Bildiyim qədər, Bakıya onu həkim müayinəsinə aparıb. Bu insani hərəkətlərinə görə ona təşəkkür, Allahdan ruzi-bərəkət düşür.
Lakin çox əfsuslar ki, bu gün insanlığın mənəvi aşınmaları baş verir. İnsanların özlərinə başları elə qarışıb ki, ətrafdakıları dərd-səri onları maraqlandırmır. Bu, insanlığın süqutu deməkdir. Bu, İnsanlığın heyvani hissələrlə yaşaması anlamına gəlir”.
Millət vəkilliyinə keçmiş namizəd qeyd edib ki, Nazilə Musayeva xəstədir, acınacaqlı vəziyyətdədir, amma süpürgəsini də əlindən alırlar:
“Ötən gün oxuyuram ki, işdən qovulub. Bu kimsəsiz qadını video müraciətlərinə görə işdən çıxarıblar. Onun günahı nə idi? Sizin vicdanınz hardadır?
Hansı təfəkkürlə, nə üçün yaşayırsız? Bu ölümlü-itimli dünyada yetim-yesirə əl tutmaq bu qədər çətindir? Axı xeyirxahlıq əxlaqa xidmət edir. Bəs, niyə bu işi görmürük?”
E.Qurbanov Naziləni çarəsiz vəziyyətdə qoyanlara, imkanlı olub yardım etməyənlərə üzünü tutaraq bəyan edib ki, darıxmasınlar, hər bir sərvət sahibi sorğu-sual olunacaq:
“Əgər hər kəs zəkatnı ədalətlə çıxarsa, ölkəmizdə əmin-amanlıq yaranar. Çox təəssüf ki, bizim bu vəziyyətimiz pis olacaq. Sanki vətən üzərində bir lənət var...Allah hər kəsin köməyi olsun!”.
Xatırladaq ki, Nazilə Musayeva kimsəsiz uşaqlar evindən götürülüb, İmişlidə bir ailədə böyüyüb. Ögey valideynlər tərəfindən uşaq vaxtından əməyi istismar edilib, çoban işləyib, mal-qara saxlayıb. Sonra bu başı bəlalı qadından qurtulmaq üçün onu evli kişiyə ərə veriblər.
Zaman keçib, bir övladı ilə təkbaşına qalan qadını əri tərk edib. Onun evini də əlindən alıb, özünü də küçələrdə qoyub. Bərdəyə gələrək buraya sığınan Naziləyə xeyli müddət jurnalist Xəyyam Salmanzadə dəstək olub.
Nazilənin müraciətlərinə yüz minlərlə izləyici reaksiya verdi, onlarla insan yardım əlini uzadacağına söz verdi, efirə çıxıb yaxşılıqdan, mərhəmətdən danışanlar, Zaurun və Xoşqədəmin verilişlərində kimsəsizlərə əl tutmaqdan yekə-yekə pafosla çıxış edənlər, bu ölkənin sərvətini oğurlayıb özünə varidat quranlar, xaricdə biznes, malikanələr yaradanların biri də tükünü tərpətmədi.
Günlərdir barəsində həyəcanla yazdığımız, çağırış etdiyimiz, bank hesabını qoyduğumuz, gözü yaşlı video çıxışlarını təqdim etdiyimiz, körpəsi ilə parkda gecələdiyini fakt olaraq göstərdiyimiz, evsiz-eşiksiz qalan, 123 manatla ac-yalavac yaşayan, uşağını məktəbə qoymağa imkanı çatmayan gözdən əlil, onkoloji xəstə süpürgəçi qadın Nazilə Musayevanı Bərdədə işlədiyi son ümid yerindən də bayram “hədiyyəsi” olaraq azad elədilər.
Artıq onun süpürgəsini də əlindən aldılar ki, daha bir yollarda çütüyən harınlamış məmurların, milyonçuların ayaqlarının altını süpürmə. Bərdə icra hakimiyyətinin başçısı Vidadi İsayevin vicdanı oyanmadı ki, bayram qabağı Nazilə Musayevaya yardım eləsin, onu evlə təmin etsin, sevindirsin, bir sahibsizə sahib çıxsın.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin bu qədər müraciətlərə vicdanı oyanmadı ki, gözdən əlil qadının pensiya probleminin həllinə göstəriş versin. Hərgah, nazirliyin mətbuat katibi Fazil Talıblı redaksiyamızla əlaqə saxlayaraq, problemin həllinə söz vermişdi.