Masallı Rayon İcra Hakimiyyətinin yerləşdiyi inzibati binanın qarşısında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə “PeşəFest-2026” layihəsi çərçivəsində festival keçirilib.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Milli Məclisin deputatı Məşhur Məmmədov və rayonun digər rəsmi şəxsləri iştirak ediblər.
Çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev gənclərin məşğulluğunun təmin olunması, əmək bazarının tələblərinə uyğun peşə bacarıqlarına yiyələnməsi və müasir ixtisaslara marağının artırılmasının vacibliyini vurğulayıb. O, bu istiqamətdə həyata keçirilən layihələrin gənclərin peşə seçimində düzgün istiqamətləndirilməsinə və gələcək karyera imkanlarının genişlənməsinə xidmət etdiyini qeyd edib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxışında rayon gənclərinin peşə hazırlığının artırılmasının, onların müasir əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlar əldə etməsinin əhəmiyyətindən danışıb. O, belə təşəbbüslərin gənclərin potensialının üzə çıxarılmasına, yeni peşələrlə tanış olmasına və gələcək məşğulluq imkanlarının genişləndirilməsinə mühüm töhfə verdiyini bildirib.
Milli Məclisin deputatı Məşhur Məmmədov çıxışında müasir dövrdə gənclərin yalnız nəzəri biliklərlə kifayətlənməməsinin, praktiki bacarıqlara yiyələnməsinin və rəqəmsal texnologiyaları mənimsəməsinin vacibliyini diqqətə çatdırıb. Deputat vurğulayıb ki, gənclərin düzgün peşə seçimi etməsi, daim öyrənməsi və əmək bazarının dəyişən tələblərinə hazır olması həm onların şəxsi inkişafı, həm də ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Festival çərçivəsində əmək bazarında aktual olan 11 peşə və ixtisas üzrə maarifləndirici tədbirlər təşkil olunub. İştirakçılar kibertəhlükəsizlik, əşyaların interneti (IoT), UI/UX dizayn, uçuş mühəndisliyi, geyim dizaynı, tibb, dənizçilik və digər istiqamətlərlə tanış olmaq, mütəxəssislərdən faydalı məlumatlar əldə etmək imkanı qazanıblar.
Tədbir gənclərin peşə seçimi ilə bağlı məlumatlılığının artırılması, onların maraq və bacarıqlarına uyğun ixtisaslara yönləndirilməsi, eləcə də müasir əmək bazarının imkanlarının tanıdılması baxımından əhəmiyyət daşıyıb.
Qeyd edək ki, “PeşəFest-2026” layihəsi gənclərin peşəyönümü imkanlarının genişləndirilməsinə, əmək bazarının tələblərinə uyğun kadr potensialının formalaşdırılmasına və məşğulluğun təşviqinə xidmət edir.