AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Çinə aqrar ixracı artırmaq niyyətindədir

  • + A
  • - A
  • Bu gün, 13:03

    Azərbaycan Çinə aqrar ixracı artırmaq niyyətindədir

    İki ölkənin kənd təsərrüfatı nazirlikləri əməkdaşlıq memorandumu imzalayıb

    Pekində Azərbaycan və Çin arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumu imzalanıb.

    Sənədi Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Çinin kənd təsərrüfatı və kənd işləri naziri Can Cu imzalayıblar. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

    Razılaşma birgə investisiyaların təşviqi, texnologiyaların mübadiləsi, torpaq ehtiyatlarından səmərəli istifadə, aqrar məhsulların ixracının genişləndirilməsi və sahibkarlar arasında əməkdaşlığın gücləndirilməsini əhatə edir. Tərəflər, həmçinin rəqəmsal kənd təsərrüfatı, məhsulların sığortalanması və birgə elmi tədqiqatlar üzrə təcrübə mübadiləsi aparacaqlar.

    Memorandumun icrasına nəzarət etmək üçün Birgə İşçi Qrupunun yaradılması nəzərdə tutulur.

    Görüşdə Azərbaycan-Çin münasibətlərinin inkişafı və aqrar sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub. Çin naziri Can Cu pambıqçılıq, üzümçülük, şərabçılıq və müasir kənd təsərrüfatı texnologiyaları üzrə birgə fəaliyyətin genişləndirilməsində maraqlı olduqlarını bildirib.

    Məcnun Məmmədov Azərbaycanın kənd təsərrüfatı istehsalının artırılması, müasir texnologiyaların tətbiqi və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb. O, ölkənin aqrar potensialının iki ölkə arasında ticarətin genişləndirilməsi üçün əlverişli imkanlar yaratdığını vurğulayıb.

    Nazir bildirib ki, cari ilin yanvar–iyul aylarında Azərbaycanla Çin arasında kənd təsərrüfatı və emal olunmuş qida məhsulları üzrə ticarət dövriyyəsi 37,9 milyon ABŞ dollarına çatıb. Bu müddətdə Çindən idxal 25,5 faiz, Azərbaycandan Çinə ixrac isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,4 faiz artıb.

    Məcnun Məmmədov Çin şirkətlərini Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş ərazilərdə aqrar investisiya layihələrində iştiraka dəvət edib. O, həmçinin “Caspian Agro” sərgisində Çin şirkətlərinin iştirakının genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

    Tərəflər ağıllı kənd təsərrüfatı, dron texnologiyaları, süni intellekt, aqrotexnologiyalar və mütəxəssislərin hazırlanması sahələrində əməkdaşlığın inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparıblar.

    Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Çin Kənd Təsərrüfatı Elmləri Akademiyasına və Pekin Kənd Təsərrüfatı və Meşəçilik Elmləri Akademiyasına baş çəkib, elmi tədqiqatlar və əldə edilmiş nəticələrlə tanış olub.










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR