AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gizli tapşırıq zamanı əsir düşən kəşfiyyatçımızın yaşadıqları – Dəhşət dolu iki il

  • + A
  • - A
  • 15-07-2019, 11:28

    Gizli tapşırıq zamanı əsir düşən kəşfiyyatçımızın yaşadıqları – Dəhşət dolu iki il

    “O hadisələri danışdıqca sanki yenidən o günlərə qayıdıram. Yuxumda hərbçi yoldaşlarımı, onların özlərini partlatmasını görürəm və bu mənə əzab verir. Bəzən mənə sual verirlər ki, bu ağrılara necə dözürsən? Yoldaşlarım bu yolda canlarından keçdilər, mən isə ağır yaralar alsam da, sağ qaldım. Bu ağrılara dözməyib, üsyan etməyə isə haqqım yoxdur”.

    1997-ci ilin aprel ayında Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi tərəfindən düşmən arxasında xüsusi döyüş tapşırığını yerinə yetirmək üçün səkkiz nəfərdən ibarət qrup toplanır. Verilən tapşırıq gizli olduğu üçün bu gün də bu barədə heç kim heç nə bilmir. Qrup verilən tapşırığı yerinə yetirib geri qayıdarkən səkkiz nəfərdən yeddisi həlak olur, bir nəfər isə ağır yaralanaraq, düşmən tərəfinə əsir düşür. Həmin əsir Vətəninə düz 1 il 11 ay əsirlik həyatı yaşadıqdan sonra qayıda bilir. Hadisələrin nə zaman, harada və necə baş verdiyini də məhz bu faciənin canlı şahidi olan keçmiş kəşfiyyatçı Aqil Əhmədovun dilindən eşidək.

    Minval.info Oxu.Az-a istinadən 1 il 11 ay Xankəndidə ermənilər tərəfindən xüsusi rejimdə əsir saxlanılan Aqil Əhmədovla müsahibəni təqdim edir:



    – Aqil Əhmədovun tanımadığımız tərəfləri barədə danışaq. Qayıdaq lap əvvələ, sizin doğulub, boya-başa çatdığınız yerlərə.

    – 1976-cı il aprel ayının 23-də Zaqatalada anadan olmuşam. Üç qardaş olmuşuq. Orta məktəbi bitirdikdən sonra Dağıstanda imtahan verib Pedaqoji İnstituta qəbul oldum. Təxminən yeddi ay oxudum. O vaxt təhsil heç nəyi dəyişmirdi. Hərbi xidmətə çağırış barədə evə məlumat gələndə təhsilimi yarımçıq qoyub gəldim.

    1995-ci ilin iyun ayında hərbi xidmətə getdim və getdiyim gündən xüsusi təyinatlı hərbi hissədə qulluq etməyə başladım. İki ilə qədər orada xidmət etdim. Hərbi təlimlər, gündəlik təlimatlara əməl edirdik. Həmişə hiss edirdik ki, nə vaxtsa düşmən işğalı altında olan ərazilərə göndərilə bilərik. Amma heç kim bunun nə vaxt olacağını və kimlərin gedəcəyini bilmirdi.

    – 1997-ci ilin mart ayında yüzlərlə hərbçi arasından seçilən kəşfiyyatçılardan biri də siz oldunuz. Sonunu bilmədiyiniz bir yol idi. Silahdaşlarınızla nələr yaşadınız?



    – Yaşadıqlarımızı sözlərlə ifadə etmək olmur, amma onu deyim ki, bu gün olsa, yenə həmin yeddi hərbçi yoldaşla sonunu bilmədiyimiz bu yola gedərdik. Həmin ərəfədə mən də hiss edirdim ki, seçilənlərdən biri ola bilərəm. Komandirimiz vardı, Elxan Ağayev. Ondan xahiş etdim ki, dünyanın işini bilmək olmaz, mənə icazə ver, gedim, ailəmlə görüşüm, qayıdım. O da mənə bir gün yox, beş gün məzuniyyət yazdı.

    Gəldim Zaqatalaya, ailəmlə, qardaşlarımla görüşdüm. Məzuniyyətimin bitməsinə üç gün qalmış hərbi hissəyə geri qayıtdım. Komandir dedi ki, səkkiz nəfər seçilməlidir. Nəhayət, səkkiz nəfər seçildi və mart ayının sonu-aprel ayının əvvəli biz Füzuli rayonu istiqamətində sərhəd bölgəsinə təlim keçməyə göndərildik.

    Elxan Ağayevin komandirliyi altında yeddi nəfər – Yarəhmədov Vüqar, Rzayev Anar, Mustafayev Dinar, Həsənov Aqşin, Ələkbərov Nizami, Cavadov Fariz və mən aprel ayının 7-də, gecə bütün son təlimatları alıb, zəruri avadanlıqları yoxladıqdan sonra Füzuli rayonunun Horadiz istiqamətindən keçərək, Hadruda doğru döyüş tapşırığını yerinə yetirmək üçün sərhədi keçdik. Təxminən üç gün boyunca bu istiqamətdə irəlilədik. Bizim təlimatlarımız xəritə üzərində işlənirdi və göstərilən istiqamətdə gedirdik.

    Üç gün ərzində ac-susuz, yuxusuz vəziyyətdə gəlib ot-tikan basmış balaca təpə kimi yerdə gizləndik. Dörd nəfər künclərdə dayanıb keşik çəkəndə, digər dördümüz bir balaca mürgüləyə bildik. Səhər açılırdı. Gün ağarana yaxın isə yerimizi dəyişəcəkdik. Birdən hiss etdim ki, kimsə məni çiynimdən vurdu. Sağa baxanda gördüm Vüqardır. Sonra bildik ki, Vüqar uzaqdan bizə tərəf baxan kimisə görüb və onu güllə ilə vurub. Ard-arda atəş açıb onu yaralayıb. Amma yenə də o təpəni aşıb keçdi və artıq bizim burada olduğumuzu bildilər. Həmin an artıq hər saniyənin öz hökmü olduğunu başa düşdük.

    “Əlimizdə olan təyinat nöqtələrinin və tapşırıq üzrə qeydləri yedik ki, düşmən tərəfin əlinə keçməsin”

    – Qaçmaq, yoxsa döyüşmək üçün qərar verildi?

    – Komandirin əmrinə uyğun davranırıdıq. Əks istiqamətə doğru bacardıqca sürətlə qaçmağa başladıq. Dayanmaq olmazdı, hər saniyə ölüm demək idi. Həmin an haraya qaçmaq lazım olduğunu düşünməyə vaxt olmur, hərbçilər bunu daha yaxşı başa düşər. Bir qədər irəlidə yıxıldım, elə bildim yaralanmışam. Əlimi-ayağmı hərkət etdirdim, gördüm yox, güllə deyil. Tez ayağa qalxıb uşaqlara çatdım. Təpəni keçəndən sonra sürünə-sürünə irəliləyib gizlənmək üçün yer tapdıq. İrəlidə sıx ağaclıqla dolu yol vardı. Elə yola çatanda gördük ki, o tərəfdən üç erməni əlisilahlı bizə tərəf gəlir.

    Geriyə qayıda bilməzdik. Yolun aşağısında müharibədən qalma içərisi alaq otları ilə dolu uçuq-sökük ev var idi. Çətinliklə də olsa, bir yol tapıb orda gizləndik. Birdən Vüqarın yanımızda olmadığını gördük. Əvvəl elə bildik ki, yaralanıb. Sonra tikanlı kiçik kolluğun içərisində ilişib qaldığını gördük. Ermənilər düz bizim yanımızdan keçəndə Vüqara görə onları vurmadıq ki, iz itirək. İşlər heç də bizim planlaşdırdığımız kimi getmirdi, amma verilən tapşırığı yerinə yetirmək lazım idi. Vüqar da yanımıza gəldikdən sonra komandirin qərarını gözlədik. Elxan isə heç nə demədən sakitcə bizə baxırdı. Birdən sakitliyin içərisində Nizami başladı öskürməyə.

    Aqil Əhmədov bütün bunları danışdıqca ovcunu möhkəm sıxırdı. Dərin-dərin nəfəs alaraq danışmağa başlayırdı. Danışarkən gözləri boşluğa zillənsə də, sanki o boşluqda həmin an film kimi canlanırdı:

    “Elxan bir anda silahı götürüb Nizaminin gicgahına dayadı ki, səni vuracam”



    – Əksəriyyətimiz siqaret çəkən olmuşuq. 4-5 gündür dilimizə nə su, nə yemək dəyirdi. Siqaret belə çəkə bilmirdik. Nizami də birdən öskürməyə başlayanda Elxan əsəbiləşdi. Yerimizi tapa bilərdilər. Anidən silahı çəkib Nizaminin gicgahına dayadı ki, öskürmə. Bir də öskürsən, səni vuracam. Tez dedim ki, yerdən ot ye. O da yeni cücərən otlardan qoparıb qoydu ağzına. Nizaminin öskürəyi kəsdi. Komandir isə hələ də heç bir təlimat vermədi.

    Hamı əlini göyə qaldırıb dua edirdi. Daha dəqiq desək, kəlmeyi-şəhadət təkrarlayırdıq. Üç-beş dəqiqə sonra nə olacağını heç kim bilmirdi. Erməni əsgərləri yavaş-yavaş bizim gizləndiyimiz yerin ətrafını mühasirəyə almağa başlamışdı. Hiss edirdik ki, buradan çıxış çətindir. Hətta qərara gəlmişdik ki, ya burada əl-ələ verək, özümüzü partladaq, ya da sona qədər vuruşaq. Biz komandirə o qədər güvənirdik ki, onun səssizliyi bizi həyəcanlandırırdı. Köhnədən qalan elektron saat vardı, ona baxdım. Təxminən günorta saat 1-2 olardı. Biz isə 5 dəqiqə sonra nə olacağını təxmin etməyə çalışırdıq.

    “Yaxınlarımıza kiçik məktublar, qeydlər yazmışdıq, hərbi hissədə uşaqlara vermişdik ki, bizə nəsə olsa, onları ailələrimizə çatdırsınlar”

    A.Əhmədov deyir ki, sakitliyin içərisində Dinarın asta səslə “ermənilər bizi gördü” sözü ilə yerlərindən tərpəniblər.

    – Bizimlə ermənilər arasındakı məsafə 30 metr olardı. Ermənilər ətrafı mühasirəyə almışdı bizim düşünməyə, sadəcə, saniyələrimiz var idi. Elxan anidən “F1” qumbaranı çıxardı və Dinarın baxdığı kiçik aralıqdan ermənilər olan tərəfə ataraq, “hamı döyüşə” qışqırdı. Biz evin əks tərəfindən dediyim yola doğru qaçmağa başladıq. Hamı əlindən gələni etməyə çalışırdı.

    Dayanmadan atəş açırdıq, evin üzərindən qumbaralar atırdıq. Biz çıxanda ermənilərin komandirlərinin olduğu “Niva” keçdi. Onu vura bilmədik. Sonra yük maşını keçəndə onu partlatdıq. Uçuq-sökük evin bir tərəfində biz idik, digər tərəfində onlar. Heç kim də mövqeyini dəyişmirdi ki, bir az kənara keçə bilək. Elə yerimizdən dağınıq şəkildə atəş açırdıq, qumbara atırdıq. Bir neçə qumbaranı ard-arda atandan sonra torpaq yola doğru qaçmağa başladıq. Onlar çox, biz səkkiz nəfər. Hamımız bir-birimiz üçün narahat idik.

    Üçtərəfli mühasirədə qalmışdıq, qaçmağa yalnız bir istiqamət vardı. Elə bir az irəli getmişdim ki, Anar topuğundan yaralandığını dedi. Buna baxmayaraq, qaçırdı. Bir az irəlidə kanal var idi, uzanıb sürünməyə başladıq. Ermənilər də bir tərəfdən qışqırırdılar ki, “təslim olun”. İrəlidə bir neçə qutu vardı, hansı ki, sürünüb keçməyə mane olmurdu. Amma o qədər gərgin idim ki, elə bilirdim o qutular mənə mane olur. Onu götürüb kənara atmaq istəyəndə hiss etdim ki, sanki içimə boğacaq qədər hava doldu, nəfəs ala bilmədim.

    Nəinki xatirələri, 22 ildir bədənində gəzdirdiyi həmin o güllə Aqilin bütün həyatını alt-üst edir. O, danışdıqca gözlərində qəribə bir boşluq, səsində dözülməz kədər hiss olunurdu. Deyir ki, bir güllə səkkiz nəfərin taleyini geri dönülməz yollara apardı. Bir qədər özünü topladıqdan sonra sözülərinə belə davam edir:



    – Əvvəl yaralandığımı anlamadım. Çünki qan yox idi. Sanki qolumu sərt qayaya vurdum və bədənimdən gizilti hiss etdim. Bir neçə saniyədən sonra isə bədənim keyiməyə başladı. Sürünməyə davam etməyə çalışsam da, gücüm çatmadı. Nəfəs alırdım, amma nəfəsi çölə verə bilmirdim. Yavaş-yavaş ürəyim sıxılmağa başlayırdı. Baxdım ki, uşaqlar məni keçib getdi.

    Bilərəkdən tərpənməyə, bir az ayağa qalxmağa başladım ki, bir də vursunlar və bu ağrını hiss etməyim. Ölməyib yaralı halda yerdə qalmaq çox ağır hissdir. Bir az gözlərimi açıb baxanda, gördüm ki, komandirim Elxan həmin qarşıdakı təpənin üstündə əlləri ilə yer qazır. Təxmin etdim ki, əlimizdəki xəritələri gizlətmək üçün edir. Sonra anidən Elxan təpədən o tərəfə düşdü, amma biz onun vurulduğunu bilmədik.

    Bir qədər sonra durub bizə tərəf gəlməyə başladı. Özündə güc tapıb yanımıza qədər gəldi və mənə dedi ki, “Axmed”, sürün. Hər birimizin soyadına uyğun kod adı vardı. Amma artıq bədənim tam keyimişdi və tərpənə bilmirdim. Komandirin üzünə baxıb dedim ki, məndə alınmır. Məni burada öldürün və gedin. Aprel ayı, günəşli hava. O qədər sıxılırdım ki, bütün paltarları köynəyin boynundan çəkib çıxarırdım. Üzü üstə yıxıldım və göyə baxdım. Bir onu düşündüm ki, adamın qanadı olaydı, bir anda uçub çıxaydı bu güllələrin əlindən.

    O an əlimi qarnıma vuranda gördüm ki, qan var. Güllə girən yeri də tam olaraq tapa bilmirdim ki, əlimlə basıb, qanaxmanın qarşısın alım. Artıq sakitcə öləcəyim dəqiqəni gözləyirdim. Birdən eşitdim ki, bir az aralıda kimsə “Allahu Əkbər” dedi. Sonrasını xatırlamıram. Bir də oyananda artıq əsir götürüldüyümü anladım”.

    Aqil deyir ki, onu başqa millətdən olan bir həkim əməliyyat edib. Gözlərini açanda əlləri çarpayıya bağlı olub. Yanında isə döyüş zamanı yaraladıqları erməni əsgərlərindən biri yatırmış. Yeddi nəfər erməni isə əlisilahlı onun başının üstündə dayanırdı:

    – Buraya necə keçdiyimizi, məqsədimizi öyrənməyə çalışırdılar. Mən isə heç nə demirdim. Dediklərimi də səhv deyirdim. Sonra hər cavabsız suala görə döyürdülər. Bir nəfər erməni mənə şəkillər gətirdi ki, bax, dostların hamısı belə öldü. Sən də öləcəksən. O vaxta qədər mən elə bilirdim ki, onlar xilas olublar, bir mən əsir düşmüşəm. Hər gün gözləyirdim ki, mənim arxamca gələcəklər. Amma o şəkillərə baxandan sonra başa düşdüm ki, artıq onlar yoxdular.

    Erməni dedi ki, onlar özlərini partladaraq öldürüblər. Doqquz gün Cəbrayıl rayonu ərazisində qalmışam, sonra məni Xankəndinə hospitala apardılar və 15 günə yaxın orada qaldım. Daha sonra tək kamerada saxladılar. 1998-ci ilin fevral ayında ermənilər mənə məhkəmə qurdular və bir neçə maddə ilə güllələmə hökmü çıxardılar.

    Hər gün deyirdilər ki, sabah səni öldürəcəyik. Hər qapı açılanda öz-özümə deyirdim ki, vəssalam, bu sondur, güllələnməyə gedirəm. Onu da qeyd edim ki, özümə gələndən doqquz gün ərzində Cəbrayıl ərazisi yaxınlığında saxlanılan zaman “Qızıl Xaç” cəmiyyətinin üzvü gəlib mənimlə görüşmüşdü. Ailəmə məktub yazmağımı istəmişdilər. O məktublar hələ də bizim evdə qalır. Sonra nə danışılmışdısa, mənim ölüm hökmüm ömürlük həbs cəzası ilə əvəz edildi. Elə o gündən də amansız işgəncələr başladı.

    “Saatlarla xlorlu otaqda ayaq üstündə saxlayırdılar, ciyərlərim yanırdı”



    – Bir qocaman komandirləri vardı. Qarnımdakı tikişlər hələ sağalmamış, qarnımın üstündə oturub tikişləri qələmlə dartırdı. Vurduğu zərbədən tikişlərin üçü açılmışdı. Siqareti yandırıb yaramın üzərində söndürürdü. Soruşurdu ki, sizə orada necə təlim keçirdilər ki, belə cəsur olub, buraya qədər gəlib çıxmışdınız. Dostların gözlərini qırpmadan özlərini partlada biliblər. O gedəndən sonra da hərə bir bəhanə ilə gəlib vururdu. Kamerada tək saxlayırdılar.

    Orada tibb bacıları üstümdə iynə vurmağı öyrənirdilər. Elə vaxt olurdu ki, üç gün yadlarına düşmürdüm. Nə su verirdilər, nə də yemək. Aylarla yuyunmurdum. Saçlarım az qala çiynimə çatırdı, desəm, yalan olmaz. Saqqalım uzanmışdı. 1 il 11 ay hər gün bir-birindən qorxulu, ağrı-acılı keçirdi. Hər gecə deyirdim ki, gözümü yumsam, gəlib aparacaqlar. Orada başqa yerlərdən əsir götürülən azərbaycanlılar da var idi. Onlara vəsiyyət yazıb vermişdim ki, məni güllələsələr, bunu Qızıl Xaç Komitəsinin nümayəndələrinə verərsiniz, ailəmə çatdırsın.

    Təsəvvür edin, hər gün kəlmeyi-şəhadəti təkrarlayırdım. Ermənilərə də bir məktub yazmışdım ki, əgər həqiqətən, özünüzü millət hesab edirsinizsə, məni öldürəndən sonra gözümü çıxarıb, qulağımı kəsib ailəmə göndərməyin. Kişi kimi öldürün. Nəhayət, 1999-cu ilin mart ayının 10-u erməni gəlib məni kameradan çıxardı və “bəxtin gətirdi, gedirsən” dedi.

    Elə bildim öldürməyə aparırlar. Gözlərimi, əllərimi bağlayıb apardılar. Sonra bildim ki, mənim haqqımda məktublar, məlumatlar barədə Ulu öndər Heydər Əliyevə məlumat veriblər. O, bu işi ciddi araşdırıb və mənim geri qaytarılmağım müqabilində qarşı tərəfə də əsirlikdə olan erməni əsgərləri veriblər.

    “Əsir düşməzdən qabaq 86 kiloqram idim, geri qayıdanda 49 kiloqram”



    – Məni yarım saat saxladılar. Çay verdilər. Daha sonra xəstəxanaya apardılar. O qədər zəifləmişdim ki, çəkim 86 kq-dan 49-a düşmüşdü. Hərbi Hospitalda məni yoxladılar. Tikişlərimə baxdılar. Tikişlər o qədər çirk bağlamışdı ki, artıq dərim çürüyürdü. Onda bildim ki, güllə aşağı nahiyədən qarın boşluğuna girib, sidik kisəsini, bağırsaq sistemini, onurğa sütunumu zədələyib və ürəyimin sol küncündə beşinci qabırğa səviyyəsində dayanıb.

    Bu günə qədər də o güllə mənim bədənimdədir. Xəstəxanada saçlarımı səliqəli kəsdilər, yuyundum. Güzgüyə baxanda özümü tanıya bilmirdim. Bir neçə ay müalicəm davam etdi və sonunda evə buraxdılar. Yadıma gəlir, 2008-ci ilin sentyabr ayının 19-da prezidentimiz mənə bütün əşyalarla təmin olunmuş ev bağışladı.

    Əslində, o an ona səhhətimlə bağlı müraciət edə bilərdim. Bilirəm ki, mən ondan xahiş etsəydim, mütləq mənim müalicəm üçün tapşırıq verərdi. Sadəcə, utandım. Heç nə deyə bilmədim. Bu gün artıq 43 yaşım var və səhhətimlə bağlı problemlərim ciddiləşir. Hərdən düşünürəm ki, kaş o vaxt hələ cavan ikən deyərdim, bəlkə də, indi sağlamlığımı bərpa etmişdim. Bəlkə, onda ailə də qura bilərdim.

    Aqil bütün yaşananlara rəğmən, bu gün ölkə başçısı əmr verərsə, yenidən ön sıralarda döyüşə hazır olduğunu deyir:



    “Xəstəxanalarda uzun, ağrı-acılı ölüm istəmirəm”

    – Baxmayaraq ki, mənim onurğa sütunumda, böyrəklərimdə, bağırsaq sistemimdə ciddi problemlər var, əlim hələ də silah tuta bilir. Hər an döyüşə hazıram. Cənab prezidentdən bir xahişim var. Əgər həqiqətən, mənim xəstəliyimin hansısa ölkədə tam müalicəsi varsa, rica edirəm, mənim müalicəmə, sağlamlığımı bərpa etməyimə kömək etsinlər. Yox, əgər mənim yenidən sağlam olub, ailə həyatı qurmağıma ümid yoxdursa, xəstəxanalarda ölmək istəmirəm. O zaman xahişim odur ki, cəbhə bölgəsində hər hansı əməliyyat keçirilərsə, ilk olaraq məni ora göndərsinlər və silah yoldaşlarımın sıralarına məni də əlavə etsinlər. Bir qazi kimi cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevdən tək xahişim, ricam budur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR