Çimərliklərdəki obyektlərin sahibləri dənizin çəkilməsinin biznesə təsir etmədiyini deyirlər, amma...
Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.
Son günlər diqqət mərkəzində olan mövzulardan biri də Xəzərin qurumasıdır. Qeyd edək ki, bu problem illərdir ki, mövcuddur. Alimlər bunu təbii proses kimi qələmə versələr də, Xəzərin qurumasının böyük fəsadlar yaratdığı da danılmazdır. Rəsmi məlumatlara nəzər salsaq, görərik ki, Xəzərdə suyun azalması müxtəlif dövrlərdə olub. Misal üçün, 1977-ci ildə Xəzər dənizinin səviyyəsi XX əsrdə müşahidə olunmuş ən aşağı həddə qədər azalıb. Sonradan qısa dövr ərzində (1977-1995-ci illər) 2,5 metr artıb və sonrakı illərdə yenidən azalma müşahidə olunmağa başlayıb.
Xarici ekspertlərin dənizin səviyyəsinin azalması ilə bağlı proqnozları isə vəziyyətin daha ciddi olduğunu göstərir. Məsələn, almaniyalı və hollandiyalı tədqiqatçıların “Nature Communications Earth & Environment” jurnalındakı araşdırmasına görə, Xəzər dənizində suyun səviyyəsi 2100-cü ilə qədər 9-18 metr enəcək. Tədqiqat işinin müəllifləri suyun səviyyəsinin aşağı enməsi nəticəsində kəskinləşəcək problemləri də müəyyənləşdiriblər: “Bu, Xəzərin özünəməxsus ekosisteminə, köçəri quşlar və Xəzərin şimalındakı buz üzərində yaşayan endemik Xəzər suitilərinə təsir edəcək”.
Alimlərin fikrinə görə, dənizin və ya ona tökülən çayların sahillərində yaşayan milyonlarla insan son dərəcə xoşagəlməz nəticələrlə üzləşəcəklər. Əlbəttə ki, Xəzərdə yaranmış bu vəziyyət həm də iqtisadi çətinliklərin olacağını istisna etmir. Quruyan Xəzərdə "boğulan” ilk sahibkarlar isə dəniz kənarında biznes quranlardır. Bir neçə gün öncə sosial şəbəkə statusunda məsələyə münasibət bildirən sahibkar İlkin Muradov “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, 2019-cu ildən Nardaran çimərliyində ticarət obyekti var:
“Həmin il və daha əvvəlki illərə nisbətən dəniz suyunun bu qədər çəkilməsi müşahidə olunmayıb. Yerli icra hakimiyyətlərindən obyekt sahiblərinə bildirilirdi ki, sərəncama əsasən dəniz suyundan (ləpədöyəndən) ticarət obyektinə minimum 30 metr məsafə saxlanılmalıdır. Biz də 2019-cu ildə işləri bu sərəncama uyğun etdik. Hətta məsafəni 30 yox, 33 metr olaraq götürdük. Düşündük ki, dənizin suyu nə zamansa qalxarsa, sərəncamda göstərilən məsafəni nizamlaya bilək. Amma tam əksi oldu. 2020-ci ildə az da olsa dəniz suyu çəkilmişdi. Bu il isə fərqi daha çox görmək olur. Dəniz suyu, təxminən 5-6 metrə qədər çəkilib”.
İ.Muradov vurğuladı ki, yaranmış vəziyyət dəniz kənarında çimərlik işlədən sahibkara elə də mənfi təsir göstərmir:
“Sadəcə bəzən müştərilər obyektlərin dənizə daha yaxın olmasını istəyir. İndi dəniz suyu çəkildiyi üçün məsafə daha da artıb və narazılıq, sadəcə müştərilər tərəfindən olur. Bunu da izah edəndə, anlayışla qarşılayırlar. Əsas məsələ sahibkarın və müştərinin üzləşdiyi problem deyil. Dəniz suyunun bu qədər geri çəkilməsi ciddi ekoloji problemdir”.
Çimərlik mövsümünün açılmasına qısa vaxt qalmasını nəzərə alaraq, dəniz kənarında insanlara xidmət göstərən obyektlərin suyun çəkilməsi ilə bağlı hər hansı problemlə qarşılaşıb-qarşılaşmadığını öyrənməyə çalışdıq. Sabunçu rayonunun Pirşağı qəsəbəsində dəniz kənarında fəaliyyət göstərən obyektlərdən birinin icarədarı İlqar Qurbanov bizimlə söhbətində bildirdi ki, onlar üçün dəniz suyunun enməsi yox, qalxması daha təhlükəlidir. Onun sözlərinə görə, bir neçə ildir ki, dəniz kənarındakı obyektlərdən birini icarəyə götürürlər:
“Açığı, dənizin çəkilməsi bizim də diqqətimizi çəkib. Misal üçün, əvvəllər indi mövcud olan çətirlər, söhbətgahlar (besedka) sahildən aralı olub. Amma zaman keçdikcə onların ya yeri dəyişdirilib, ya da yeniləri ilə əvəz edilib. Əslində bunun özü ayrıca bir xərcdir. Lakin əgər pul qazanmaq istəyirsənsə, gərək biləyini çırmayıb işə girişəsən. Dənizə insanın gücü çatmır. İndi Allahın işidir, su azalır, biz buna qarışa bilmərik ki. Amma belə getsə, bir neçə ildən sonra yenə çətirləri, "besedkaları” irəli çəkməli olacağıq. Çünki başqa cür nə edə bilərik ki? Hələ qarşıda mövsümün açılması var. Mövsüm zamanı gələndə müştərilərin reaksiyasından biləcəyik ki, dənizin çəkilməsinin onların əhval ruhiyyəsinə təsiri var, ya yox”.
Digər obyektin icarədarı Vaqif Hüseynov bizimlə söhbətində qeyd etdi ki, tarixən Xəzərin suyu həm artıb, həm də azalıb:
“Mənim 59 yaşım var və hər il "Qızılquma” gələndə dənizkənarını fərqli görmüşəm. İndi qismət elə gətirib ki, burada çimərlik mövsümündə insanlara xidmət göstəririk. Ötən 10-15 il ərzində gördüyüm odur ki, Xəzərin suyu durmadan azalır. Amma 90-cı illərdə bizim indi fəaliyyət göstərdiyimiz obyektlərin yeri dəniz sularının altında idi. Həm də dənizdə çimmək, nisbətən təhlükəli idi, çünki suyun dərinliyi insanı çəkirdi. İndi siz bunu müşahidə edə bilməzsiniz. Dənizə gələnlər rahat şəkildə suyun içərisi ilə 15-20 metr irəliləyir ki, dərin yer tapıb çimə bilsin. Müəyyən mənada indi də təhlükə var, hansı ki, dənizdə burulğan olur. Amma bunu heç kim hiss etmir. Bütün bunları ona görə deyirəm ki, biz burada dəfələrlə faciələrin şahidi olmuşuq və insanlar çimərlik mövsümündə bunu nəzərə alsınlar”.
V.Hüseynov dəniz suyunun çəkilməsinin müəyyən mənada icarədarların işinə maneə törətdiyini söylədi:
“Amma ciddi ziyan vurmur, çünki biz onsuz da hər il təmir-bərpa işləri aparırıq. Misal üçün, dənizin suyu azalırsa, çətirlər "besedka”ya çevrilir. Müştərilərin rahatlığı üçün isə yeni çətirlər salınır. Amma onu deyim ki, bir neçə il əvvəl dənizdə baş verən qabarma bizim zəhmətimizi yerlə bir etdi. Onda demək olar ki, sahilboyu bütün obyektlər darmadağın idi. Düzdür, indi biz müştəri məmnuniyyəti üçün tikirik, yaradırıq. Bəs birdən dənizdə yenə qabarma olsa, necə olacaq? Çünki əvvəlki dövr geridə qalıb, pandemiyadır. Buna görə də iki ildir insanlar az gəlir. Çox adam da qəbul edə bilmirik, çünki qaydalara görə, sosial məsafə qorunmalıdır. Qeyd etdiklərim isə nəticə etibarı ilə bizim az qazanmağımıza səbəb olur. Bu baxımdan da Xəzər sahilində baş verən hər bir təbiət hadisəsi bizim üçün önəmlidir. Lakin hələ ki, çimərlik mövsümü başlamayıb və nəyin pis, nəyin yaxşı olacağını demək çətindir”
Uzun illər Xəzərin Novxanı istiqamətində çalışan Rasim Əliyev isə qeyd etdi ki, dənizin geri çəkilib-çəkilməməyi onlar üçün maraqlı deyil:
“Biz iş adamıyıq və əsas gəlirimiz də mövsüm vaxtı olur. İndi nə edək ki, dənizin suyu azalır. Elmli, bilikli insanlar bu məsələni bilməmiş deyillər. Bizə də bu məsələnin heç bir dəxli yoxdur. Allahın işinə qarışası deyilik. Görək bu mövsüm necə olacaq? Bax, əsas məsələ budur. Onsuz da dövlət qurumları vaxtaşırı gəlib baxırlar, nə isə edəcəklərinə ümid ola bilər. Mən laqeyd adam deyiləm, dənizə gələn olmasa, biz də bir tikə çörəyimizi qazana bilmərik. Amma inanın ki, müştərilər çimərliyə axışanda, dənizdə küləyin haradan əsdiyini belə hiss etmirik”.
Sahibkarların dediklərindən belə məlum olur ki, Xəzərin quruması onların biznesinə o qədər də ciddi zərər vurmur. Amma o da həqiqətdir ki, quruyan Xəzərdə "boğulma”ların olması mütləqdir. Elə ekoloji tarazlığın pozulması nəticəsində ciddi problemlərin yaranması qaçılmazdır. Bundan isə hamı ziyan çəkəcək - dənizin flora və faunasını zənginləşdirən quşlar, heyvanlar, bitkilər, sahilində məskən salan insanlar bu dəfə suyun çoxluğundan yox, azlığından “boğulacaqlar”. Fəsadların miqyasını azaltmaq üçün isə indidən təbirlər görülməlidir.