Nizami Kino Mərkəzi tamaşaçıları qəbul etməyə hazırdırmı? - AÇIQLAMA
Nazirlər Kabineti yanında Operativ Qərargah əvvəllər karantinlə məhdudlaşdırılmış bir sıra fəaliyyət sahələrini oktyabrın 1-dən bərpa etmək qərarı verib. Bu tarixdən etibarən mədəniyyət, kinoteatrlar, teatrlar, doluluq dərəcəsi 50%-dən artıq olmamaq şərti ilə bərpa ediləcək.
Bəs görəsən 2 ilə yaxındır ki, bağlı qalan Nizami Kinoteatrı tamaşaçılarını qəbul etməyə hazırdırmı?
Nizami Kino Mərkəzinin kino işləri üzrə direktor müavini Arzu Əhədova açıqlamasında bildirdi ki, kinoteatrda təmizlik və dezinfeksiya işləri aparılır:
“Hazırda Kino Mərkəzində gərgin iş rejimi hökm sürür. Belə ki, hazırda kassamızda, zalların girişlərində dezinfeksiya və təmizlik işləri aparılır. Kinoteatrın müxtəlif yerlərində spirt və maskalar qoyulacaq. Hər seansdan sonra zallarımız havalandırılacaq. Tamaşaçıların arasında bacardığımız qədər böyük yer məsafəsi qoyacağıq. Zallarda izləyiciləri bir nəfərdən bir əyləşdirəcəyik. Bu işlər tamamlandıqdan sonra biz tamaşaçıları qəbul edə biləcəyik”.