Vətən müharibəsində düşmənin zenit-raket kompleksinin sıradan çıxarılması ilə bağlı real döyüş kadrları yayılıb.
AzadMedia.az “İctimai Tv”yə istinadən xəbər verir ki, bu barədə "Görünməyən qəhrəmanlar" sənədli filminin anonsunda görüntülər əks olunub.
Dövlət Sərhəd Xidmətinin rəisinin müavini, general-leytenant Əfqan Nağıyev döyüşlərlə bağlı danışıb: “Düşmən məcburiyyət qarşısında birinci – müdafiə xəttində səfərbər etdiyi bütün hava hücumundan müdafiə sistemləri və radioelektron mübarizə vasitələrini açmağa məcbur oldu. Bizim kəşfiyyat pilotsuz uçuş aparatları bundan istifadə edərək həmin qurğuların dislokasiya yerini müəyyən edərək digər zərbəendirici uçuş aparatlarının qərargahını idarəetmə mərkəzinə koordinatları ötürdü və artıq gpzləmə zonasında olan zərbəendirici pilotsuz uçuş aparatları – Haroplar tərəfindən həmin qurğular məhv edildi”.
Sənədli filmdə general mayor Babək Qurbanov da döyüşlərlə bağlı danışıb: “Qarabağ istiqamətində 4 radioelektron mübarizə sistemi tam zərərsizləşdirilmişdi. Eyni zamanda düşmənin 8 S-300 kompleksi, 2 S-125 kompleksi, 5 Kruk zenit raket kompleksləri, 8 ASA kompleksləri tam sıradan çıxarılmışdır”.
General leytenant Əfqan Nağıyev bildirib ki, belə bir ideyanın, belə bir döyüş fəndinin olması ermənilər üçün sürpriz olub:
“Təbii ki, onlar bunu anlayandan sonra gec idi. Artıq birinci və ikinci günlər onların hava hücumundan müdafiə sistemləri, radioelektron mübarizə vasitələrinin 60 faizə qədəri məhv edilmişdi. Bu onlar üçün böyük bir faciə idi”.