Polislər qan verdi — FOTOLAR
Xocalı soyqırımının 26-cı ildönümü münasibəti ilə Binəqədi Rayon Polis İdarəsi rəhbərliyinin təşkilatçılığı ilə idarənin inzibati binasında anım mərasimi keçirilib.
AZTB.info xəbər verir ki, tədbirdə çıxış edən Binəqədi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq İsmayılov Xocalı soyqırımının bəşər tarixində baş vermiş ən faciəvi hadisələrdən biri olduğunu deyib, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb.
İdarə rəisi bildirib ki, Xocalı soyqırımı nəticəsində şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Sonda Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar olaraq Binəqədi Rayon Polis İdarəsində qanvermə aksiyası həyata keçirilib. Polis İdarəsinin 300-ə yaxın şəxsi heyəti aksiyada könüllü şəkildə iştirak edib.
Qeyd edək ki, aksiya zamanı toplanan qan Mərkəzi Qan Bankına təhvil verilib.