AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əmək Məcəlləsinə dəyişiklik edildi - "Sosial sığorta haqqında" və "İşsizlikdən sığorta haqqında" qanunlar da dəyişdi

  • + A
  • - A
  • 24-02-2023, 20:53

    Əmək Məcəlləsinə dəyişiklik edildi -  "Sosial sığorta haqqında" və "İşsizlikdən sığorta haqqında" qanunlar da dəyişdi

    Azadmedia.az xəbər verir ki, bu gün Milli Məclisin Plenar iclasında Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.
    Bildirilib ki, qanun layihəsi ölkəmizin Beynəlxalq Əmək Təşkilatının "Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında" 155 nömrəli Konvensiyasının 21-ci maddəsinə qoşulması ilə bağlı hazırlanıb. Dəyişiklik Əmək Məcəlləsinin 220-ci maddəsinə yeni 6-cı hissənin əlavə edilməsini nəzərdə tutur. Əlavəyə əsasən, əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı işçilər heç bir xərc çəkmirlər.
    Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
    Sonra Milli Məclisin spikeri Sahibə Qafarova bildirib ki, gündəliyin bundan sonrakı 4 məsələsi ikinci oxunuşda olan qanun layihələridir, növbəti 16-cı və 17-ci məsələlər isə Prezidentin bir məktubu ilə parlamentə daxil olub, mahiyyətcə də bir-birinə yaxındırlar.
    "Sosial sığorta haqqında" və "İşsizlikdən sığorta haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini təqdim edən Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deputatların birinci oxunuşda səsləndirdiyi bəzi suallara və təkliflərə münasibətini bildirib. O, Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun investisiya fəaliyyətinə hüquqi təminatlar yaratmaq məqsədi ilə hazırlanan qanun layihələrinin qanunvericiliyə uyğun olmasından, təklif olunan dəyişikliklərə əsasən, adıçəkilən fondların investisiya fəaliyyətinin səmərəli şəkildə təşkilindən, maliyyə dayanıqlığının artırılmasından, yarana biləcək risklərin idarə olunmasından danışıb.
    O, "Sosial sığorta haqqında" Qanunda müxtəlif maddələrdə anlayış müəyyən edən normaların vahid maddədə birləşdirilərək, qanunun 1-ci maddəsinin yeni redaksiyada verildiyini qeyd edib.
    Diqqətə çatdırılıb ki, investisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı Azərbaycan Respublikasının Mərkəzi Bankında açılmış hesaba toplanacaq və uçotu ayrıca aparılacaq.
    Bildirilib ki, "İşsizlikdən sığorta haqqında" Qanunun 3 maddəsinə 7 dəyişiklik təklif olunur. Bunlar işsizlikdən sığorta fondu, investisiya gəliri və sərbəst vəsait anlayışlarının qanuna daxil edilməsi ilə əlaqədardır.
    Müzakirələrdə deputatlar Aydın Hüseynov, Qüdrət Həsənquliyev və Afət Həsənova dəyişikliklərlə bağlı fikirlərini bildiriblər. Komitə sədri Musa Quliyev qaldırılan məsələlərə münasibət bildirəndən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR