Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Ötən 3 ay ərzində İİV-ə 346 nəfər yoluxub. Onlardan 329 nəfəri Azərbaycan vətəndaşları, 17 nəfəri isə əcnəbilər olub. Azərbaycan vətəndaşları arasında 25 nəfəri (7,6 faizi) inyekson narkotik istifadəçiləri olub.
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Məlumatda həmçinin qeyd edilib ki, bu ilin yanvar-mart ayları ərzində 802 qaynar xətt telefon zəng xidmətinə 295 vətəndaş müraciəti daxil olub. Onların 45-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 144-ü narkotik asılılıqdan müalicə, 106-sı isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 189 məktub ünvanlanıb.
Belə ki, 802 qaynar xətt telefon zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.