2023-cü il bizim üçün cənab Prezidentinin fərmanı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yaradılması, ölkə ərazisində, özəlliklə Qarabağ və Şərqi Zəngəzur vilayətlərində həyata keçirilən irimiqyaslı quruculuq işləri, Sərsəng su anbarının istismarının bərpa edilməsi, müsbət nəticələr əldə etdiyimiz suvarma mövsümü və digər yeniliklərlə yadda qalan oldu.
Azadmedia.az xəbər verir ki, bu sözləri Dövlət Su Ehtiyatları Agentliyinin sədrimin müşaviri Əsəd Şirinov ilin yekunları ilə bağlı media nümayəndələrinin suallarını cavablandırarkən bildirib.
Ölkənin su təsərrüfatına olan özəl diqqət və qayğının göstəricisi olaraq 2023-cü ildə Suqovuşan və Xaçınçay su anbarlarının təmir-bərpadan sonra yenidən istifadəyə verilməsi, Şuşa şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin təqdimatı və Daşaltı kəndində Zarıslıçay nasos stansiyasının açılışı, Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməlqoyma mərasimi, Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimlərində Prezident İlham Əliyev şəxsən iştirak etmişdir.
Ə.Şirinov qeyd edib ki, Agentlik tərəfindən bütün respublika ərazisində etibarlı su təchizatına nail olunması məqsədilə institusional, struktur və investisiyaların idarəolunması istiqamətlərində yeni islahatların həyata keçirilməsi, su itkilərinin azaldılması məqsədilə infrastrukturun müasir tələblərə uyğun olaraq müasirləşdirilməsi, həmçinin su anbarlarının tikilməsi və təmir-bərpası ilə ölkədə yeni su ehtiyatlarının yaradılması nəzərdə tutulmuşdur. Bu tədbirlər Bakı şəhəri və regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında, o cümlədən 2035-ci ilə qədər olan dövrü əhatə edən uzunmüddətli strategiyada da öz əksini tapmışdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.