AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan xalqı növbəti 7 ildə də şəksiz lideri ilə bir yerdə olacaq

  • + A
  • - A
  • 5-02-2024, 18:30

    Azərbaycan xalqı növbəti 7 ildə də şəksiz lideri ilə bir yerdə olacaq

    Ülvi Quliyev
    Milli Məclisin deputatı


    Ermənistan rəhbərliyi sülhə hazır olduğunu bəyan etsə də, atdığı addımlar bunu təkzib edir. Əgər sülh gündəliyi Ermənistan üçün, həqiqətən, prioritet olsaydı, o, müharibədən və ağır məğlubiyyətdən sonra yenidən militarizasiya yolunu seçməzdi. Aydındır ki, Ermənistan nə qardaş Türkiyə ilə, nə şimal, nə də cənub qonşumuza qarşı müharibə aparan deyil. Gürcüstanla isə elə bugünlərdə bütün sahələri ehtiva edən strateji əməkdaşlıq müqaviləsini imzalayıb. Deməli, genişmiqyaslı hərbiləşmə yolunu seçən Ermənistanın yalnız bir hədəfi var, o da Azərbaycandır.

    Unutmamalıyıq ki, Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları uzun illər ərzində həm onun təhlükəsizlik doktrinasında, həm də digər normativ-hüquqi sənədlərində təsbit olunub. Bu sənədlərdə zəruri dəyişikliklərin indiyədək edilməməsi Ermənistan hökumətinin sülh bəyanatlarına şübhə ilə yanaşmağa ciddi əsaslar verir. Ermənistan baş naziri N.Paşinyan bir tərəfdən bəyan edir ki, Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyır və guya sülh müqaviləsini imzalamağa hazırdır, o biri tərəfdən isə əməlləri ilə dediklərini təkzib edir. Ermənistan rəhbərliyi guya bilmirdi ki, yerli qanunvericiliyində, o cümlədən Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları nəzərdə tutulur? Əlbəttə ki, bilirdi, amma niyyətində səmimi olmadığı üçün yalnız dekorativ xarakterli addımlar atır və bununla sülhü yubatmağa çalışır.

    Ermənistan hökumətinin səmimiliyi cəmiyyətimiz tərəfindən həm də ona görə sorğu-sual edilir ki, özləri buna əsas verirlər. Azərbaycan ictimaiyyəti unutmayıb və heç vaxt unutmayacaq ki, indi “Qarabağ Azərbaycandır” deməyə məcbur olan N.Paşinyan 2019-cu ildə “Qarabağ Ermənistandır və nöqtə” deyirdi. Bunlar bir-birini inkar edən elə ifadələr kateqoriyasına aiddir ki, Ermənistanın hökumət başçısına dəqiqləşdirici sualın verilməsinə zəmin yaradır: siz yuxarıdakı bəyanatlarınızın hansında səmimisiniz? Bu sualı şərtləndirən başqa məqamlar da mövcuddur. N.Paşinyan Qarabağın Azərbaycana aid olduğunu ictimai şəkildə etiraf etdiyi halda, ötən il sentyabrın 2-də qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyi” münasibətilə separatçı rejimə təbrik məktubu göndərdi. Sentyabrın 9-da isə məhz Ermənistan rəhbərliyinin və xaricdəki himayədarlarının “gözəgörünməz” himayəsi altında Qarabağda qondarma “prezident seçkiləri” keçirildi. N.Paşinyanın təbrik məktubu sıradan və yalnız daxili auditoriyaya hesablanmış populist addım kimi dəyərləndirilə bilməz. Çünki onun arxasında Qarabağın Azərbaycandan ayrılmasını Ermənistan qanunvericiliyində təsbit edən konkret müddəalar dayanır. Məsələn, 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti və Qarabağ “milli şurası” keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayətinin” Ermənistana birləşdirilməsi ilə bağlı qərar qəbul etmişdi. Bu müddəa Ermənistanın müstəqillik haqqında Bəyannaməsində əksini tapıb və Ermənistan Konstitusiyasında məhz bu sənədə istinad olunur. Məgər bütün bunları Ermənistan hökuməti indiyədək bilmirdi? Doğurdanmı, bunu bilə-bilə Konstitusiyada zəruri dəyişikliklərin edilməsi ilə bağlı ictimai müzakirələrin aparılmasına dörd ilədək vaxt lazım idi?

    Sadaladığım xüsusatlar bir daha təsdiq edir ki, Ermənistan rəhbərliyi tarixi vərdişlərinə sadiq qalaraq siyasi manipulyasiyalarla məşğul olur, xaricdəki himayədarlarının dəstəyi və məsləhəti ilə yalnız vaxt udmağa çalışır. Heç şübhəsiz ki, Ermənistan hökumətinin konstitusion dəyişikliklə bağlı erməni cəmiyyətinə dörd ildən sonra müraciət etməsi könüllü seçimindən qaynaqlanmır. Bu, beynəlxalq hüquq normaları əsasında sülh təşəbbüsünü irəli sürən Azərbaycan hakimiyyətinin haqlı tələbinin məntiqi nəticəsidir. Elə buna görə də Prezident İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən bu bəyanatı verdi: “Həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir”. Dövlətimizin başçısı bütün bunları nəzərə alaraq, Ermənistan rəhbərliyi və himayədarları qarşısında legitim şərtini də ictimailəşdirdi: “Ermənistan Konstitusiyasında və digər normativ-hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər”.

    Yeri gəlmişkən, N.Paşinyanın israrla Alma-Ata Bəyannaməsinə istinad etməsinin arxasında da Ermənistan qanunvericiliyində təsbit olunmuş ziddiyyətli “hüquqi” müddəalarla manipulyasiya etmək və onlardan yararlanmaq istəyi dayanır. Belə ki, həmin Bəyannamə 1992-ci ildə Ermənistan parlamenti tərəfindən xüsusi qeyd-şərtlə ratifikasiya olunub, Azərbaycanın Qarabağ üzərində suveren hüquqları növbəti dəfə şübhə altına alınıb. Ermənistan rəsmiləri Alma-Ata Bəyannaməsini tez-tez qabartmaqla yarımçıq ratifikasiyadan sui-istifadə etməyə çalışır, süni şəkildə hüquqi kazus yaratmaq yolu ilə nə zamansa mövcud hüquqi uyğunsuzluğu beynəlxalq məhkəmələrdə mübahisələndirmək məqsədini güdür. Ona görə də nə Fransa Senatının qondarma “Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin tanınması” ilə bağlı qətnaməsi, nə də Avropa Parlamentinin və Avropa Şurası Parlament Assambleyasının Laçındakı sərhəd-keçid məntəqəsinin, eləcə də Azərbaycanın Qarabağ üzərində suveren hüquqlarını təmin etmiş antiterror tədbirinin qanuniliyini şübhə altına alan ardıcıl qətnamələri təsadüfi deyil. Bütün bunlara Ermənistanın militarizasiya yolunu seçməsini, yeni hərbi müttəfiqlər axtarışına çıxmasını əlavə etdikdə, onun, ilk baxışdan, xoşməramlı görsənən bəyanatlarının butaforiyadan, süni söz yığnağından başqa bir şey olmadığı üzə çıxır.

    Amma Ermənistanın əsas himayədarı rolunda çıxış edən Fransa və onun yanında yer alanlar bilməlidirlər ki, nə rəvac verdikləri militarizasiya siyasəti, nə də təşəbbüs etdikləri geosiyasi intriqalar Cənubi Qafqazda onların mövqeyinin güclənməsinə səbəb olmayacaq. Avropadakı beynəlxalq təşkilatlardan Azərbaycana qarşı siyasi təzyiq aləti kimi istifadə edənlər onu da bilməlidirlər ki, məhz bu cür ikiüzlü siyasət Avropanın və Yaxın Şərqin qan çanağına çevrilməsinə səbəb olub. Eyni aqibəti Cənubi Qafqaza yaşatmaq istəyənlər, demokratiya və insan haqları adı altında ölkəmizə qarşı etdikləri ədalətsizliyə qanundan don geyindirməyə çalışanlar ona da şübhə etməməlidirlər ki, heç bir təzyiq və siyasi şantaj üslubu Azərbaycanı haqq yolundan döndərə bilməyəcək. Ermənistan hökumətindən fərqli olaraq, Azərbaycan Prezidenti imkan verməyəcək ki, kimlərsə ölkəmizi geosiyasi intriqaların toqquşma məkanına çevirə bilsin. “Ermənistan plyus” düşərgəsi fevralın 7-də və növbəti 7 ildə onu da mütləq qaydada görəcək ki, Azərbaycan xalqı onların haqsız hücumları qarşısında öz şəksiz Lideri ilə bir yerdə, eyni siyasi cinahdadır!



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR