AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cümhuriyyət-103: “İrəli” İctimai Birliyinin kollektivi Gəncəyə səfər edib

  • + A
  • - A
  • 27-05-2021, 20:25


    “İrəli” İctimai Birliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümü münasibətilə keçirilən “Üçrəngli tarix” adlı tədbirlər planı çərçivəsində “İrəli” kollektivi və gənclərinin Gəncə şəhərinə səfəri reallaşıb.
    AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində Gəncə şəhərində yerləşən Azərbaycan Xalq Cümhuriyyəti parlament binası və Azərbaycan Xalq Cümhuriyyəti Muzeyinə ekskursiya təşkil edilib.
    Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) kafedra müdiri, professor Azad Bayramov iştirakçılara məlumat verib ki, Xalq Cümhuriyyəti parlament binası hazırda ADAU-nun inzibati binası kimi fəaliyyət göstərir. O, Xalq Cümhuriyyəti Muzeyinddə yerləşən eksponatlar və Azərbaycan Xalq Cümhuriyyəti parlament binasının tarixi haqqında ətraflı məlumat verib.
    Daha sonra layihə iştirakçıları karantin rejiminin tələbləri nəzərə alınmaqla, Azərbaycan Xalq Cümhuriyyəti parlament binasında AXC-nin keşməkeşli yollarını özündə əks etdirən Bakı Media Mərkəzinin istehsal etdiyi “Son iclas” filmini izləyiblər.
    ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və “İrəli” İB sədri Şahin Rəhmanlı çıxış edərək bildiriblər ki, AXC qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.
    Qeyd edək ki, gənclərin Gəncə şəhərinə səfərindən əvvəl “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə fərdi qaydada “Axtar tap” intellektual oyunu keçirilib. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümü münasibətilə keçirilən intellektual yarışın sualları Cümhuriyyət tarixinə həsr olunub. İntellektual oyunda gənclər Bakının müxtəlif nöqtələrində mövzu üzrə hazırlanan sualların cavablarını ipucuları vasitəsilə məhz həmin məkanlarda tapıb, mobil tətbiq üzərindən cavablandıraraq, birincilik uğrunda mübarizə aparıblar.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR