Tramp Ermənistanda TRIPP layihəsinin tikintisinə başlanmasını alqışlayıb

ABŞ Prezidenti Donald Tramp Ermənistanda TRIPP (Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu) layihəsinin tikintisinə başlanmasını alqışlayıb. Layihənin Cənubi Qafqazda ABŞ-ın təsir imkanlarını genişləndirəcəyi gözlənilir.
“The Washington Examiner” nəşrinin yazdığına görə, TRIPP layihəsi həm Ermənistanla Azərbaycan arasında uzun illər davam edən münaqişənin nizamlanmasına töhfə verməyi, həm də ABŞ-ın regiondakı mövqelərini gücləndirməyi hədəfləyir.
Nəşr bildirir ki, bir müddət təxirə salınan layihə üzrə tikinti işlərinə bu həftə başlanılıb.
TRIPP Ermənistan, Türkiyə, Azərbaycan və ABŞ üçün mühüm quru ticarət marşrutuna çevrilə bilər. Layihə Türkiyənin İran və Rusiyadan yan keçməklə daha geniş türk dünyası ilə əlaqələrini genişləndirməsinə imkan yaradacaq.
ABŞ isə marşrutun əsas maraqlı tərəflərindən biri kimi çıxış edir. Layihənin Vaşinqtona əhəmiyyətli iqtisadi dividendlər qazandıracağı, həmçinin Ermənistan və Azərbaycanla tərəfdaşlıq münasibətlərini möhkəmləndirəcəyi bildirilir.
“The Washington Examiner” qeyd edir ki, Ermənistan tarixən Rusiyanın yaxın müttəfiqi olub və Moskvanın təsiri altında fəaliyyət göstərib. ABŞ-la münasibətlər isə uzun müddət məhdud səviyyədə qalıb. Lakin TRIPP layihəsi və Tramp administrasiyasının Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində təşəbbüsləri regionda geosiyasi vəziyyəti dəyişməyə başlayıb.
Nəşrin qənaətinə görə, bu proses nəticəsində Rusiyanın ənənəvi təsir dairəsi hesab olunan Cənubi Qafqaz ABŞ-la rəqabətin yeni meydanına çevrilir.
Bundan əlavə, may ayında ABŞ və Ermənistan arasında imzalanmış çərçivə sazişində TRIPP layihəsi çərçivəsində kritik əhəmiyyətli mineralların ticarətinə xüsusi önəm verilib. Bu sahənin Vaşinqton üçün strateji maraq kəsb etdiyi vurğulanır.
Layihəyə münasibətdə İranın narazılığı isə getdikcə artır. Belə ki, Tehran tarixən Ermənistanla sıx əlaqələrə malik olub və TRIPP marşrutunun reallaşmasını regiondakı geosiyasi və iqtisadi maraqlarına təsir göstərə biləcək amil kimi qiymətləndirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.