NYP: Nyu-Yorkda İsrail və Fələstin tərəfdarları arasında toqquşmalar baş verib

ABŞ-ın Nyu-York şəhərinin Bruklin rayonunda İordan çayının qərb sahilində daşınmaz əmlakın satışına qarşı keçirilən etiraz aksiyası zamanı İsrail və Fələstin tərəfdarları arasında qarşıdurma yaşanıb.
“New York Post” nəşrinin məlumatına görə, hadisə çərşənbə günü axşam saatlarında Bruklindəki koşer restoranlarından birində daşınmaz əmlakın satışı ilə bağlı keçirilən tədbir zamanı baş verib.
Məlumata əsasən, Fələstin tərəfdarı olan Pal-Awda hərəkatı İsraildə yerləşən CapitIL daşınmaz əmlak agentliyini İordan çayının qərb sahilindəki mübahisəli ərazilərdə torpaq satışı ilə bağlı Nyu-Yorkda tədbir təşkil etməkdə ittiham edib.
Lakin şirkət nümayəndəsi “Jewish News Syndicate” nəşrinə açıqlamasında bu iddianı təkzib edib.
Hadisə yerindən yayılan görüntülərdə çoxsaylı etirazçıların polis əməkdaşları ilə qarşıdurmaya girdiyi görünür. Bir neçə nəfərin saxlanıldığı bildirilir.
Qeyd edək ki, İsrail-Fələstin münaqişəsi tərəflərin ərazi iddiaları ilə bağlı olaraq onilliklərdir Yaxın Şərqdə gərginliyin və silahlı toqquşmaların əsas səbəblərindən biri olaraq qalır.
1947-ci ildə BMT-nin SSRİ-nin fəal iştirakı ilə qəbul etdiyi qərara əsasən, ərazidə iki dövlətin – İsrail və Fələstinin yaradılması nəzərdə tutulurdu. Lakin sonradan yalnız İsrail dövləti yaradılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.