AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Onlar 2022-ci ilin ən yaxşı mətbuat katibi seçildi – MARAQLI SORĞU

  • + A
  • - A
  • 27-12-2022, 14:01

    Onlar 2022-ci ilin ən yaxşı mətbuat katibi seçildi – MARAQLI SORĞU

    Dövlət orqanlarının mətbuat xidmətlərinin yaxşı işləməsi jurnalistlər üçün çox önəmlidir. Mətbuat xidmətlərinin fəaliyyətində operativlik olarsa, bu, təbii ki, dövlət qurumlarının fəaliyyəti ilə yanaşı, həm də KİV əməkdaşlarının işinə yarayar.

    Azərbaycanda dövlət qurumlarının mətbuat xidmətlərinin hamısı media ilə eyni səviyyədə çalışmır. Etiraf etməliyik ki, fəaliyyətsizliyi ilə jurnalistləri narazı salan mətbuat xidmətlərinin sayı az deyil. İlin sonlarına yaxın Medianews.az media nümayəndələri arasında sorğu keçirdi. Onlardan “İlin ən yaxşı” mətbuat katiblərini xəbər aldıq.

    “Yeni Çağ”ın rəhbəri Aqil Ələsgər bildirdi ki, bəzən mətbuat xidmətlərinin üzərinə daha çox ağır yük qoyulur:

    “Xidmət sahəsi olan yerlərdə narazılıqlar daha çox olur. Bəzən mətbuat xidmətlərinin rəhbləri çalışdıqları nazirliyin məsuliyətli və məsuliyyətsiz işçilərinin də yükünü çəkir. Ona görə də mətbuatın suallarına cavab verən aktiv və passiv kateqoriya anlayışı nisbidir. Misal üçün Elnur Niftəliyev, Nuridə Allahyarova, Anar Cəbrayıllı, İradə İbrahimova mətbuata daha tez, operativ cavab verən mətbuat xidmətlərindəndir.

    Bir çox həmkarlarımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbovu qınayır. Mən heç bir həmkarımızı Fazilin düşdüyü o çətin situasiyaya vəziyyətə düşməsini istəmirəm. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kifayət qədər böyük nazirlikdir. O da nazirliyin fəaliyyətinə uyğun olaraq çalışır. Ənənəvi olaraq mətbuatın narazı qaldığı mətbuat katibi Səhiyyə naziliyinin mətbuat katibi Pərviz Əbubəkirovdur. Mən də o fikirdəyəm ki, Azərbaycan səhiyyəsi hansı gündədirsə Pərviz də Azərbaycan səhiyəsinin səviyyəsinə uyğun media ilə münasibətlər qurur. Münasibət qurmur əslində münasibətsizlik qurur. Bu baxımdan Pərvizin “level”-i elə bir səviyyədədir ki, hər hansı mətbuat xidməti rəhblərinin fəaliyyətsizliyini onunla müqayisə etmək olmur.Mətbuat katibləri arasında “Ən pis”lər arasında Pərviz kraldır”.

    Report.az informasiya agentliyinin əməkdaşı Aysel Aslanqızı isə deyir ki, ən yaxşı işləyən mətbuat katibləri yenə də dəyişməz olaraq qalır:

    “ASAN Xidməti-Elnur Niftəliyev, KTN-Vüqar Hüseynov, Kliniki Tibbi Mərkəz Elnur Hidayətoğlu, Turizm Agentliyi-Kənan Quluzadə, Gülnar Mustafayeva ən yaxşılardandır, adını unutduğum həmkarlardan üzr istəməklə birlikdə deyə bilərəm ki, ən pis işləyən, medianı yumuşaq dillə desək, özünə düşmən hesab edənlərin adını isə çəkməyə ehtiyac duymuram. Onlar özlərini yaxşı bilirlər”.


    “Yeni Müsavat”ın jurnalisti Xalidə Gəray isə bildirdi ki, postpandemiya dövründə həm qurumların, həm də qurumların mətbuat xidmətlərinin fəaliyyətində aktivlik müşahidə olunub:

    “Əlbəttə ki, həm pandemiya, həm də postpandemiya dövründə ən aktiv qurumlardan biri yenə də DİN-nin mətbuat xidməti oldu. Hörmətli Elşad Hacıyev baş verən proseslərə anındaca, dərhal elə sosial şəbəkə üzərindən məlumat verməklə həm jurnalistlərin işini yüngülləşdirmiş olurdu, həm də ictimaiyyət vaxtında məsələdən agah ola bilirdi. Deyərdim ki, Elşad Hacıyev bir çox qurumların mətbuat katiblərinə bir örnək, nümunədir.

    Həmçinin ASAN Xidmət, “Azərişıq”, “Azəriqaz” kimi qurumların da mətbuat xidmətləri bu il fəal oldular. Ekologiya nazirliyinin mətbuat katibi İradə İbrahimova da bu il ən fəallardandır.

    Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti də il boyu sorğularımızı, suallarımızı dərhal cavablandırdı. Lakin bunu digər rayon icra hakimiyyətləri üçün demək mümkün deyil. Bəzilərinin isə ümumiyyətlə, mətbuat katiblərini tapmaq müşkül məsələdir.

    Təhsil Nazirliyinin mətbuat xidməti isə ötən il olduğu kimi bu il də o qədər operativ gözə dəymədi.

    Ötən illərə nisbətən Mədəniyyət Nazirliyi xüsusən də ilin sonuna yaxın passiv gözə dəydi. Nazirlikdə baş verən dəyişiklik və qalmaqallara jurnalistlər əksər hallarda çətinliklə cavab ala bildilər”.

    APA İnformasiya Agentliyinin redaktoru Günay Elşadqızı isə bildirdi ki, işimizlə əlaqədar gündəlik olaraq bir çox qurumlarla danışmalı oluruq:

    “Demək olar ki, mətbuat katibləri ilə ən çox əlaqə saxladığım, ən sıx işlədiyim qurumlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “ASAN xidmət”, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Ədliyyə Nazirliyi, Dövlət İmtahan Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi, Dövlət Miqrasiya Xidməti, Audiovizual Şura, Dövlət Sosial Müdafiə Fondu, Sosial Xidmətlər Agentliyi, Dövlət Əmək Müfəttişliyi Xidməti, Dövlət Məşğulluq Agentliyi, Ombudsman Aparatı, Qida Təhlükəsizliyi Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsidir. Bu o demək deyil ki, digər qurumlarla işləmirəm, sadəcə olaraq sadaladıqlarım demək olar ki, hər gün və ya həftədə bir neçə danışdığım, xəbər aldığım qurumlardır. Bütün mətbuat katiblərinə də Yeni ildə daha böyük uğurlar və jurnalistlərlə daha sıx, daha məhsuldar işləməyi arzulayıram”.

    Teleqraf.com xəbər portalının redaktoru Sərdar Məmmədov isə bildirdi ki, dövlət qurumlarının mətbuat xidmətlərinin jurnalistlərlə daima əlaqədə olması çox vacibdir:

    “Bu münasibətlər nə qədər yaxşı olarsa, həm problemlər vaxtında, tez həllini tapar, həm də şikayətçi olan vətəndaş qurumun iş prinsipindən razı qalar. Bəzən elə olur ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu göndərilir, sorğuya mətbuat xidməti tərəfindən cavab verilənədək (bu vaxt 14 gün çərçivəsində dəyişir) artıq məsələ ya gecikir, ya da həll olunmuş olur.

    Bu məsələdə ən böyük yük mətbuat xidməti rəhbərlərinin üzərinə düşür. Ona görə düşünürəm ki, dövlət qurumlarına mətbuat xidməti rəhbəri seçilərkən əvvəlcə onun jurnalistikanın içindən gələn biri olması, ikincisi isə jurnalistlərə işləmək bacarığı nəzərə alınmalıdır.

    Məsələn, Səhiyyə Nazirliyinin mətbuat xidməti Pərviz Əbubəkirov ən çox şikayət edilənlər arasındadır. Sosial şəbəkələrdə yazılanları analiz etsək demək olar ki, əksər həmkarımız Səhiyyə Nazirliyi mətbuat xidməti rəhbəri ilə əlaqə saxlaya bilmir. TƏBİB isə bir neçə il öncə yaranmasına baxmayaraq junalistlərlə necə işləməklə bağlı çox öndədir. Qurumun İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilovanın bu gün əksər jurnalistlə əlaqəsinin yaxşı olması bunun əyani sübutudur. Bu müsbət siyahıyaya DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevi, “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Eldəniz Vəliyevi də əlavə edə bilərik. Ekologiya nazirliyinin mətbuat katibi İradə İbrahimovanın da işi təqdirəlayiqdir.

    Təbii ki, jurnalistlərin narazı qaldığı mətbuat xidməti rəhbərləri də az deyil. Buna əsas səbəb həmin mətbuat katiblərinin zənglərə cavab verməməsi, bəzən cavab versə də məsələni araşdırdıqdan sonra geridönüş etməməsi, bəzən isə ümumiyyətlə heç əlaqə saxlamamaq mümkün olmamasıdır. Elə hallar da olur ki, mətbuat katibi jurnalistlə qarşılıqlı münasibət qura bilmir, anlaşmazlıq yaranır. Son dönəmlər ictimai nəqliyyatda problemlərin çoxluğu, tıxac problemi bu siyahıda Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayevi ilk yerlərə gətirib. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovu da bu siyahıda ilk yerlərə yaza bilərik”.

    Azadmedia.az saytının baş redaktoru Elnurə Abışova qeyd etdi ki, bəzi mətbuat xidməti rəhbərləri saytlarından link atmaqla işini bitmiş hesab edir: “Bəziləri tanışlıqla o postu tutub, heç işlərinin mahiyyətini bilmir. Elələri də var ki, sual göndərirsən, daşdan səs çıxır, onlardan yox. Yaxşıları da var, haqlarına girməyim. Burdan hamısına salam göndərirəm. Sevindirici haldır ki, yaxşılar çoxdur. Birinin adını çəksəm, o biri inciyər. Fürsətdən istifadə edib mənimlə əməkdaşlıq edən bütün mətbuat xidməti rəhbərlərinin Yeni ilini təbrik edirəm”.


    Azvision.az saytının əməkdaşı Aytən Bağırzadə qeyd etdi ki, hansı mətbuat katibinin pis və ya yaxşı işləməsi təkcə telefona cavab verməklə deyil:

    “O qədər mətbuat katibi var ki, telefona cavab verir, amma sorğun havada qalır. İndi təzə trend var. Belə ki, bir sıra dövlət qurumları media ilə işləmələrində yeniliklər ediblər. Yəni tədbirlərə ancaq televiziya və yalnız agentlikləri çağırırlar. Bəhanə kimi məhdud yer olmasını əsas göstərirlər və düşünürlər ki, xəbər saytları agentliklərdən həmin materialları götürəcək. Bu yanlış yanaşmadır. Mənim əsas narazılığım bu yöndədir və narazılığımı da hamısına bildirirəm. Amma nə fayda”.

    Beləliklə, artıq geridə qoyduğumuz ildə media nümayəndələri tərəfindən Elnur Niftəliyev, Nuridə Allahyarova, Anar Cəbrayıllı, Kənan Quluzadə, İradə İbrahimova, Zamirə Ədilova, Cəsarət Valehov “İlin ən yaxşı mıtbuat”-ləri seçildi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR