Bloomberg: NATO Hörmüz boğazından keçən gəmilərin müşayiəti üçün mümkün missiyanı müzakirə edir

NATO Hörmüz boğazından keçən kommersiya gəmilərinə dəstək göstərilməsi imkanını nəzərdən keçirir. Bu barədə Bloomberg alyansın yüksəkvəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, əgər dünya enerji ticarəti üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazı iyulun əvvəlinədək tam şəkildə açılmasa, NATO bölgədə xüsusi müşayiət missiyasının həyata keçirilməsi variantını gündəmə gətirə bilər.
Alyansa üzv ölkələrdən birinin diplomatının sözlərinə görə, təşəbbüs artıq bir sıra NATO dövlətlərinin dəstəyini qazanıb. Bununla belə, missiyanın həyata keçirilməsi üçün hələlik təşkilat daxilində yekdil razılıq əldə olunmayıb.
Müzakirə olunan variantlardan biri NATO-nun hərbi-dəniz qüvvələrinin iştirakı ilə ticarət gəmilərinin təhlükəsiz keçidinin təmin edilməsidir. Qeyd olunur ki, Hörmüz boğazı qlobal neft və enerji daşımalarının əsas marşrutlarından biri hesab olunur.
Gözlənilir ki, məsələ NATO liderlərinin 7–8 iyul tarixlərində Ankara şəhərində keçiriləcək sammitində də müzakirə olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.