AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çin alimləri bir damcı qan vasitəsilə xərçəngi aşkar edən cihaz hazırlayıblar.

  • + A
  • - A
  • Bu gün, 13:14

    Çin alimləri bir damcı qan vasitəsilə xərçəngi aşkar edən cihaz hazırlayıblar.


    Çində alimlər erkən mərhələli xərçəngi cəmi bir damcı qan vasitəsilə aşkar edə bilən portativ cihaz hazırlayıblar. Yeni texnologiyanın dəqiqliyinin 94,9 faiz olduğu bildirilir. Araşdırma Çinin Westlake University universitetinin alimləri tərəfindən aparılıb.

    “Tədqiqatın nəticələri göstərir ki, yaxın gələcəkdə erkən xərçəng skrininqi üçün yalnız bir damcı qan kifayət edə bilər”, – deyə layihə rəhbəri Wen Liaoyong bildirib. Araşdırmanın nəticələri Nature Photonics jurnalında dərc olunub.

    Alimlərin hazırladığı sistem nanofotonik biosensor texnologiyasına əsaslanır. Ənənəvi xərçəng biomarker aşkarlama cihazları iri həcmli prismalar, spektrometrlər və mürəkkəb optik sistemlər tələb etdiyindən yalnız laboratoriyalarda istifadə olunur. Yeni cihaz isə xüsusi metamateryallardan hazırlanmış üçölçülü çip vasitəsilə işığın dalğa uzunluğunu deyil, intensivliyini ölçür. Bu da avadanlığın ölçüsünü xeyli kiçiltməyə imkan verir.

    Tədqiqat qrupu “Q-modulyasiyalı refraktometrik sensor” mexanizmindən istifadə edərək sistemi portativ formata uyğunlaşdırıb. Nəticədə qurğu yalnız üç əsas hissədən – sensor çipdən, LED işıq mənbəyindən və fotodetektordan ibarət olub. Bu isə cihazın hətta ev şəraitində istifadəsini mümkün edir.

    Alimlər cihazı ağciyər xərçəngi ilə əlaqəli kiçik hüceyrədənkənar vezikulların – sEV biomarkerlərinin aşkarlanması üçün sınaqdan keçiriblər. Erkən mərhələdə bu biomarkerlərin miqdarı çox az olduğundan ənənəvi metodlar onları müəyyən etməkdə çətinlik çəkir.

    171 qan zərdabı nümunəsi üzərində aparılan sınaqlarda cihaz erkən ağciyər xərçəngini 94,9 faiz dəqiqliklə aşkarlayıb. Əməliyyatdan sonrakı monitorinq zamanı isə nəticə 92,1 faiz olub. Müqayisə üçün, ənənəvi Elisa üsulunun dəqiqliyi cəmi 74,7 faiz təşkil edib.

    Araşdırma müəlliflərinin sözlərinə görə, yeni platforma yalnız xərçəng diaqnostikası ilə məhdudlaşmır. Texnologiyanın gələcəkdə müxtəlif xəstəliklərin erkən aşkarlanması və tibbi monitorinq sistemlərində də tətbiqi mümkün hesab edilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR