Kobaxidze: Gürcüstan Rusiya ilə iqtisadi və humanitar əlaqələrin gücləndirilməsini hədəfləyir

Gürcüstan hökuməti Rusiya ilə ticarət-iqtisadi və humanitar sahələrdə əlaqələrin gücləndirilməsini qarşısına məqsəd qoyub. Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.
Baş nazirin sözlərinə görə, hökumətin əsas hədəflərindən biri Rusiya ilə kommunikasiya kanallarını genişləndirmək və müxtəlif istiqamətlərdə əməkdaşlığı inkişaf etdirməkdir.
Kobaxidze qeyd edib ki, Gürcüstanın Rusiya ilə münasibətlər üzrə Baş nazirin xüsusi nümayəndəsi təyin edilən Georgi Zurabaşvili artıq bu istiqamətdə fəaliyyətə başlayıb və işini səmərəli şəkildə davam etdirir.
“Əlbəttə, məqsədimiz Rusiya ilə kommunikasiya kanallarımızı gücləndirməkdir. Biz müxtəlif istiqamətlərdə, o cümlədən ticarət-iqtisadi əlaqələr və humanitar məsələlər üzrə çalışırıq. Bildirmək istəyirəm ki, cənab Georgi Zurabaşvili fəaliyyətinə artıq çox səmərəli şəkildə başlayıb və bu istiqamətdə işlər davam etdiriləcək”, – deyə Kobaxidze vurğulayıb.
Jurnalistlərin Zurabaşvilinin Rusiya ilə münasibətlərdə indiyədək hansı konkret addımları atdığına dair sualını isə Gürcüstan hökumətinin başçısı cavablandırmayıb. O, bu məsələnin sırf dövlət əhəmiyyətli olduğunu bildirib.
Xatırladaq ki, İrakli Kobaxidze oktyabr ayında Gürcüstan Xarici İşlər nazirinin birinci müavini Georgi Zurabaşvilini Rusiya ilə münasibətlər üzrə Baş nazirin xüsusi nümayəndəsi təyin etdiyini açıqlamışdı. Zurabaşvili yeni vəzifəsi ilə yanaşı, XİN rəhbərinin birinci müavini postunu da qoruyub saxlayacaq.
Gürcüstanın Rusiya ilə əlaqələr üzrə Baş nazirin xüsusi nümayəndəsi vəzifəsi 2025-ci ilin dekabrından vakant idi. Bu posta daha əvvəl Georgi Kadcaya rəhbərlik edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.