Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü 2024-cü il noyabrın 25-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Hüquq məsələləri üzrə Komitəsinin (Altıncı Komitə) təşəbbüsü əsasında Assambleya 79-cu sessiya çərçivəsində 99 dövlətin konsensusu əsasında tarixi qətnamə qəbul edərək, 2027-2028 illərdə “İnsanlıq əlehinə cinayətlərin qarşısının alınması və onların cəzalandırılması haqqında” Beynəlxalq Konvensiya layihəsi ilə bağlı bütün zəruri hazırlıq işlərinin tamamlanmasını və yeni universal müqavilənin qəbul edilməsini qərara aldı.
Məlum olduğu kimi, insanlıq əlehinə cinayətlərə həsr edilən ayrıca beynəlxalq müqavilənin olmaması, beynəlxalq cinayətlər kateqoriyasına daxil olan bu əməllərlə bağlı beynəlxalq hüquqda ciddi boşluq yaratmışdır. Əğər soyqırım beynəlxalq hüquq əlehinə cinayət kimi 1948-ci il dekabrın 9-da qəbul edilən Konvensiyada təsbit edilmişdirsə, və öz növbəsində, müharibə cinayətləri 12 avqust 1949-cu il tarixli dörd Cenevrə konvensiyaları və onların 1977-ci il 8 iyunda qəbul edilən I və II saylı Əlavə Protokollarına uyğun olaraq beynəlxalq humanitar hüququn ciddi pozuntuları qismində beynəlxalq cinayətlər kimi tövsif edilirsə, insanlıq əlehinə cinayətlərlə bağlı qlobal hüquqi aktın olmaması bu əməllərlə mübarizədə qeyrı-müəyyən vəziyyət yaradır. Mövcud hüquqi durumu nəzərə alraq, BMT-nin Beynəlxalq hüquq komissiyası 2013-cü ildə özünün 65-ci sessiyasında “İnsanlıq əlehinə cinayətlər” mövzusunu uzunmüddətli işlər proqramına daxil etdi. Komissiyanın qənaətinə görə, insanlıq əlehinə cinayətlərin qarşısının alınması, bu əməlləri törədən şəxslərin cəzalandırılması və həmin beynəlxalq cinayətlərlə mübarizədə dövlətlərarası əməkdaşlığın həyata keçirilməsi məsələlərini tənzimləyən qlobal konvensiyanın olmaması ümumiyyətlə müasir beynəlxalq hüquq sistemində, və xüsusi olaraq beynəlxalq cinayət hüququ, beynəlxalq humanitar hüquq və insan hüquqlarının beynəlxalq hüququ sahələrində çatışmayan əhəmiyyətli elementdir. BMT-nin Beynəlxalq hüquq komissiyasındakı müzakirələr zamanı qeyd olunduğu kimi, soyqırım və müharibə cinayətlərinə aid öhdəliklərdən fərqli olaraq insanlıq əlehinə cinayətlərə dair konkret və adekvat beynəlxalq standartların olmaması bu cinayətlərlə bağlı cinayət təqibinin səmərələliyinə və operativliyinə ciddi neqativ təsir göstərir.
İkinci dünya müharibəsindən sonra insanlıq əlehinə cinayətlərin hüquqi cəhətdən irimiqyaslı kodifikasıyası 1998-ci ilin iyun-iyul aylarında Romada keçirilən diplomatik konfransda qəbul olunan və 1 iyul 2002-ci ildə qüvvəyə minən Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsində həyata keçirılsə də, nəzərə almaq lazımdır ki, bir sıra dövlətlər (Azərbaycan Respublikası, Türkiyə, ABŞ, Cin, İsrail, Rusiya Federasiyası, Hindistan və s.) bu məhkəmə orqanının iştirakçısı deyildir və qeyd edilən cinayətlərin milli qanunvericilikdə təsbit edilməsi onların hüquqi öhdəliklərinə daxil deyildir. Ancaq buna baxmayaraq, Azərbaycan Respublikasının Cinayət Məcəllləsi insanlıq əlehinə cinayətlərın geniş kodifikasıyasını həyata keçirmişdir.
Beynəlxalq cinayətlərin təqibində ciddi hüquqi boşluğun aradan qaldırılması uçun yeni konvensiyanın qəbulu və həmin hüquqi aktdan irəli gələn öhdəliklərin implementasiyası insanlıq əlehinə cinayətlərlə mübarizə üçün başlıca şərtdir.
Hazırda BMT-nin Beynəlxalq hüquq komissiyası özünün 71-ci sessiyasında insanlıq əlehinə cinayətlərə dair maddələr layihəsini ikinci oxunuşda qəbul edərək, yeni konvensiya üçün zəruri hüquqi baza yaratmışdır və belə bir sənəd beynəlxalq miqyasda bütövlükdə bəşəriyyətə qarşı törədilən bu əməllərlə mübarizə mexanizmini əsaslı şəkildə təkmilləşdirəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.