AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistanın məğlubiyyətini həzm etməyən ölkə

  • + A
  • - A
  • 26-11-2020, 18:50



    Noyabrın 25-də, 27 ildən sonra Kəlbəcər Ermənistanın işğalından azad olundu. Elə həmin gün Fransa Senatında qondarma “Dağlıq Qarabağ respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi müzakirə olunaraq qəbul edildi.

    Beynəlxalq hüquqa açıq-aşkar hörmətsizlik aktı olan bu qətnamənin erməni lobbisi və diasporunun təsiri altında qəbul edildiyinə dair fikirlər səslənir. Ciddi siyasi əlaqələrə və böyük maliyyə imkanlarına malik olan erməni lobbisinin Fransada fəaliyyət göstərdiyi sirr deyil. Lakin Senatın qeyri-qanuni təşəbbüsünün yalnız erməni izi ilə əlaqələndirilməsi yetərli görünmür. Gəlin, yada salaq ki, Vətən müharibəsinin elə ilk günlərində Fransa prezidenti cəmiyyətimizin yaddaşından uzun illər silinməyəcək əcaib bir bəyanatla çıxış etdi. Bildirdi ki, “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik”.

    Həmin bəyanat BMT Nizamnaməsinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ərazi bütövlüyünün toxunulmazlığı kimi fundamental beynəlxalq-hüquq prinsipinə və bütövlükdə beynəlxalq hüquqa zidd idi. Bu bəyanat həm də onun etirafı demək idi ki, həmsədrlərdən biri olan Fransa üzərinə götürdüyü vasitəçilik missiyasında tərəfsiz deyil. Müharibənin aktiv dönəmində bu ölkənin Xarici İşlər naziri də sırf ermənipərəst mövqeyini ortaya qoydu. Elə həmin dövrdə Lion və Marsel şəhərlərindən Ermənistana silah-sursat daşınması ilə bağlı yayılan və rəsmi qaydada təkzib edilməyən məlumatlar da cəmiyyətimizin diqqətindən yayınmadı. Bu kimi faktlar Fransanın tərəfsiz vasitəçiliyini şübhə altına almaq üçün Azərbaycan cəmiyyətinə ciddi əsaslar verdi. Nə qədər ağır olsa da, qəbul etdik ki, 30 ilə yaxın müddətdə işğalçı Ermənistanın ilhaq siyasətinə, digər qanunsuz əməllərə və yeni siyasi-hərbi təxribatlara şirniklənməsində bu cür mövqelər təsirsiz ötüşməyib.

    Çox keçmədi, tərəfkeşliyin səbəbləri də aydınlaşdı. Məlum oldu ki, Makron dönəmindəki demokratik Fransanın siyasi gündəmini türkfobiya və islamofobiya zəbt edib. Qeyri-sağlam, anti-demokratik, dini və etnik ayrıseçkiliyi təşviq edən siyasi ab-havanın təşəkkül tapmasında erməni lobbisinin təsiri istisna deyil. Lakin Məhəmməd peyğəmbərin (s.a.s), islam dünyasına aid müqəddəslərin karikaturası ilə bağlı Fransa dövlət rəhbərliyinin açıq mövqeyi müsəlman ölkələrinin əksəriyyəti tərəfindən təhrikçiliyə işarə kimi qəbul edildi. Bu, qırmızı xətti tapdalamaq demək idi. Senatda qətnamənin müzakirəsi zamanı qardaş Türkiyənin əleyhinə yönəlmiş ifadələrin yer alması, Fransanın siyasi rəhbərliyinin rəsmi mövqeyi ilə tam üst-üstə düşür. Qətnamə tövsiyə xarakteri daşısa da, Fransa rəsmilərinin ermənipərəst və anti-türk, islamofob mövqeyi düşünməyə əsas verir ki, Senatın beynəlxalq hüquqa zidd olan bu təşəbbüsü təsadüfi deyil və cəmiyyətimizdə təəccüb doğurmamalıdır.

    Prezident İlham Əliyevin müharibə günlərində dəfələrlə səsləndirdiyi xəbərdarlığa digər ölkələr kimi, Fransa Senatı da həssas yanaşmağa borclu idi. Çünki, Azərbaycan Prezidentinin xəbərdarlığı beynəlxalq hüquqa və Fransanın özünün də qoşulduğu konvensiyalara hörməti tələb edir, dövlətlərarası sazişlərin ruhundan irəli gəlirdi. Elə bu səbəbdən, dövlətimizin başçısı dəfələrlə bəyan etmişdi ki, kimliyindən asılı olmayaraq, hansısa ölkə qeyri-qanuni təşəbbüsə qoşulsa və qondarma rejimi rəsmi qaydada tanısa, bu, həmin ölkə ilə diplomatik münasibətlərə son qoyulmasına səbəb olacaq. Tərəddüdlə də olsa, inanmaq istərdim ki, Fransa hökuməti Senatın tövsiyəsinə əməl etməyəcək və BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri kimi öz siyasi imicinə tarixi kölgə salmayacaq.

    Əgər demokratik Fransada kimsə zənn edirsə ki, ölkəmizin ərazi bütövlüyünü hansısa formada sual altına ala bilər, yanılır və özü-özünü aldadır. Azərbaycanda zamanında satın aldıqları Korsika adlı ada yoxdur və indi XVlll əsr deyil. Müasir Fransada kimsə Napoleonluq etmək iddiasına düşübsə, qəbul etməlidir ki, bu böyük tarixi şəxsiyyətin vəfat etdiyi Müqəddəs Yelena adası da Azərbaycanda yerləşmir. Əgər Fransada kimsə Ermənistanı öz protektoratına çevirmək arzusuna düşübsə, anlamalıdır ki, artıq gecikib. Protektorun yeri çoxdan boş deyil. Ən başlıcası, Fransa tərəfsiz vasitəçilik öhdəliyini öz üzərinə götürəndə bu arzusunu və indiki mövqeyini gizlətməsəydi, Azərbaycan cəmiyyətinin yaddaşında ən azından səmimi tərəfdaş kimi iz buraxardı.

    Təkrarçılıq olsa da, yaranmış vəziyyət bir daha xatırlatmağa vadar edir: Türkü ya sevməlisən, ya da ona hörmət etməlisən. Etnik və ya dini ayrıseçkilik, fərqli dəyərlər, yaxud kənar təsirlər buna imkan vermirsə, beynəlxalq hüquqa hörmət etməyə borclusan. Əks təqdirdə, yaşadığımız dünya gec-tez islam və xristian aləmi üçün tək olan Uca Tanrının qəzəbinə tuş gələ bilər. Dini etiqad və etnik fərqliliyimizə baxmayaraq, gəlin, sivil qaydalara hörmət edib elə yaşayaq ki, Tanrının qəzəbinə səbəb olmayaq.

    Milli Məclisin deputatı

    Ülvi Quliyev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR