Politoloq Ülkər Piriyeva - Azadmedia.az-a açıqlamasında, "Bugünki Çexiya-Rusiya münasibətləri Çexoslovakiya-Sovet dövrünü miras almaqdadır", deyə qeyd edib.
Rusiyadan Çexiyaya Qisas – Qarşılıqlı psixoloji müharibə nümunəsi
Bugünki Çexiya-Rusiya münasibətləri Çexoslovakiya-Sovet dövrünü miras almaqdadır. Əslində, soyuq müharibə dövründə Sovet İttifaqı ilə eyni blokda olan Çexoslovakiya, 1968-ci ilin Praqa Baharında Sovet kommunizminə qarşı azadlıq tərəfdarı və dəyişiklik etirazlarına ev sahibliyi etdi, lakin bu ictimai hərəkat SSRİ tərəfindən şiddətlə yatırıldı. Beləliklə, 1989 ildəki Məxməri İnqilabı, 1991-ci ildə SSRİ-nin dağılması və 1993-cü ildə Çexoslovakiyanın dinc şəkildə ləğvi baş verdi. Sonradan, Çex Respublikası ilə Rusiya Federasiyası arasında səfirlik səviyyəsində ilk diplomatik münasibətlər 1 yanvar 1993-cü ildə quruldu. O vaxtdan bəri iki ölkə arasındakı ən böyük diplomatik böhranın başlanğıc nöqtəsi Çex hökumətinin 17 Aprel 2021-ci il tarixli açıqlaması oldu. Bu məhz, Rusiya kəşfiyyat xidmətlərinin 2014-cü ildə silah sursat anbarında baş verən partlayışda şübhəli bilinərək 18 rusiyalı diplomatın deportasiya edildiyini elan etdiyi bir hadisədir.
Ancaq Çexiya hakimiyyəti aradan keçən yeddi il ərzində hərbi anbarlarda baş verən partlayışın səbəbini araşdırıb başa çıxa bilməyib.
Deməli, ötən ay Praqa rəhbərliyi 17 aprel, 2014-cü ildə Çexiyanın şərqindəki Vrbetik kəndində silah-sursat anbarının partlayışını təşkil etməkdə Moskvanı günahlandırdı və Rusiyanın paytaxtdakı səfirliyində çalışan 18 Rusiya vətəndaşını 48 saat içində deportasiya etdi. Elə buna cavab olaraq da, Rusiya Çexiyanın Moskvadakı səfirliyində çalışan 20 diplomatı deportasiya etmək qərarına gəldi.
Bundan sonra Çex xarici işlər naziri Rusiyanı qərarını yenidən gözdən keçirməyə çağırdı və əks halda, Çexiyanın Moskvadakı səfirliyinin fəaliyyətini davam etdirə bilməyəcəyini bildirdi.
Məhz 2014-cü ildəki partlayışa görə, Rusiyadan 39 milyon avro təzminat istənildi.
Çexiya Ceska Televiziyasında yayımlanan xəbərdə Baş nazir Köməkçisi və Maliyyə Naziri Alena Şillerova müraciət edərək, partlayışdakı maddi itkinin beynəlxalq hüquq qaydaları çərçivəsində bir cinayət işi kimi qaldırılaraq Rusiyadan alına biləcəyini açıqlandı, ancaq bu iş uzun müddət alacağını da əlavə etdi.
Qeyd etdiyim kimi, mərkəzi Avropa ölkəsi olan Çexiyanın 2014-cü ildə Vrbetik adlanan və Rusiya ilə əlaqəli olduğu iddia edilən kənddəki partlayışa görə Moskva rəhbərliyindən 1 milyard kron (tam da 39 mln avro) təzminat tələb edəcəyi iddia edildi.
Elə həmin ərəfədə, Baş nazirin müavini Jan Hamacek, Avropa Birliyi və NATO-nu 20 Çex diplomatını qovma qərarı alan Rusiyaya qarşı həmrəyliyə çağırdı.
Avropa Birliyinin verdiyi açıqlamada bu ifadələr istifadə edildi: “Avropa Birliyi Çex Respublikası ilə tam dəstək və həmrəylik içərisindədir və Rusiyanın 20 Çex diplomatı deportasiya etmək cavabına görə təəssüflənir. Avropa Birliyi Rusiyanın Avropadakı təhlükəli bədxassəli davranışının təkrarlanan mənfi modelindən dərindən narahatdır. Rusiya müəyyən beynəlxalq prinsip və normaları pozan və Avropadakı sabitliyi təhdid edən bu fəaliyyətlərini dayandırmalıdır. "
Lakin bir müddət sonra Çexiya Baş naziri Andrey Babiş, Rusiya ilə əlaqəli olduğu iddia edilən partlayışın dövlət terroru adlandırıla bilməyəcəyini, Rusiyanın bir Bolgar silah satıcısının mallarını hədəf aldığını və Çex Respublikasına hücum etmədiyini bildirmişdi.
Çexiyadan yeni başqa bir açıqlama da gəldi. Çex Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Terrorla Mübarizə Birliyi, Şərqi Ukraynada terror fəaliyyəti ilə məşğul olduqları səbəbiylə 5 Çex vətəndaşını saxladı. Çexiya Baş Prokurorluğundan olan Martin Bili mətbuata, sözügedən 5 nəfərin Şərqi Ukraynadakı rusiyapərəst qruplar uğrunda döyüşmək üçün bu bölgəyə getdiyinə dair ittihamların olduğunu söylədi.
Beləliklə, Çex hökumətinin 2014-cü ildə silah anbarında baş verən partlayış Praqa ilə Moskva münasibətlərinə yeni bir zərbə vurdu. Vrbetikdəki 16 anbarda baş verən partlayış və yanğın nəticəsində 50 ton silah sursat məhv edildi və iki işçi öldü. Habelə, Çex Baş Naziri Andrej Babis həftə sonu mətbuat konfransında Rusiya hərbi kəşfiyyatı olan GRU (Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahına bağlı bir hərbi kəşfiyyat təşkilatıdır. Sovet İttifaqı vaxtında əvvəllər Qırmızı Orduya bağlı təşkilat idi) zabitləri ilə əlaqəli açıq sübutun ona bildirildiyini açıqca bəyan elədi.
İndi isə belə bir sual yaranır, Praqa ilə Moskva arasındakı qəfil qarşıdurma necə və hansı yolda irəliləyəcək, bundan əlavə, digər Qərb ölkələrinin sevindirici, lakin dəqiq olmayan mənəvi dəstək ifadələrindən o tərəfə keçib keçməmələrində də nə qədər istəkli olduqlarıdır. Əgər 29155 bölmə Rusiyanın gizli silahıdırsa, həmrəylik Qərbin silahıdır. Yeganə sual, Çexlərə dəstək olaraq sıraya düzülən dövlətlərin Moskvanın sadiq hitmanını istifadə etdiyi qədər istifadə etməyə hazır olub-olmamalarıdır.
Belə bir vaxtda, Rusiya hökumətinin Komsomolskaya Pravda qəzetində "Vassal ağasının iradəsini yerinə yetirməlidir" deyildi və bir daha bu böhranı istəyənlərin yəni Çexiya hakimiyyətinin Moskvaya qarşı hərəkətlərinin arxasında İngiltərə və ABŞ-ın dayandığına şübhə yoxdur.
Bütün bunların nəticələri ciddidir və Rusiyanın Qərbə qarşı gizli kampaniyasının hələ o zamanlar əsas diqqətin Ukraynada olmasına rəğmən 2014-cü ildə başladığının əyani sübutudur.
Qeyd edək ki, o vaxtdan bəri, GRU-nun Salisburi dosyası yəni, 2018-ci ildə İngiltərənin Salisburi şəhərində keçmiş rus agenti Sergey Skripal və qızı Yuliya zəhərləndi və London isə bu hadisədə Moskvanı günahlandırdı. Keçən il Rus blogger Aleksey Navalnının kimyəvi maddələrdən zəhərləndiyi iddia edilmişdi. Lakin Rusiya rəhbərliyi Skripaller və Navalniy ilə bağlı bütün ittihamları rədd etdi.
Heç də təsadüfi deyildir ki, Mişkin və Çepiqa (Çexiyadakı partlayışda Çex hökümətinin günahlandırdığı şəxslər) 2014-cü ilin sonları 2015-ci ilin əvvəllərində Rusiya Federasiyasının qəhrəmanları elan edilmişdilər.
Elə iddia edilir ki, Çexiyadan xaric olunan rusiyalı diplomatlar əslində kəşfiyyatın əməkdaşları olublar, diplomatik örtük altında işləyiblər. Çexiya polisi isə bildirir ki, keçmiş GRU polkovniki Sergey Skripalı Böyük Britaniyada “noviçok”la zəhərləyən, həmin kəşfiyyat strukturlarının əməkdaşları olan Aleksandr Petrovun və Ruslan Boşirovun silah anbarlarında 2014-cü ildə və 2016-cı ildə törədilmiş partlayışlarda əli var. Onlar ölkəyə saxta Moldova və Tacikistan pasportları ilə daxil olublar.
Hazırda, həm AB, həm də NATO-nun dəstəyini alan və daha qanuni bir mövqeyə sahib olan Çexiya hökumətinin Rusiyanın hibrid müharibə strategiyası qarşısında ərazi bütövlüyü təhlükəsi altında olan Ukrayna və müttəfiqlərinə daha da yaxınlaşacağını söyləmək olar, eyni zamanda Çexiya hərbi və mülki bürokratiyasında Rusiyanı milli təhlükəsizlik təhdidi olaraq qəbul edən dinamikanın yüksələcəyini gözləmək olar.
Yaxın və orta müddətdə, Rusiya hökumətinin Çex Respublikasına qarşı strateji səviyyədə psixoloji müharibə aparacağını təxmin edə biləcəyimiz mümkündür, xüsusilə kiber məkanda. Rusiyanın heç vaxt atmayacağı növbəti addım, iki rus kəşfiyyat zabitinin partlayışdan məsul olduqları iddiasını qəbul etmək və Çex Respublikasındakı digər kəşfiyyat məmurlarını, qanun pozuntularını, təsir agentlərini geri çəkmək olacaqdır.
Getdikcə alovlanmağa başlayan diplomatlar böhranı məsələsi aysberqin yalnız görünən hissəsidir. Dərinliklərdə qızğın bir əvəzləşmə var. Soyuq müharibə dövründə eyni blokda olanlar, indi ayrı-ayrı ittifaqlara mənsubdur. Bu gün əldə edilən nöqtə, iki ölkənin bir-birinə qarşı tətbiq etdikləri və tətbiq olunmağa davam edəcəkləri psixoloji müharibənin dövrü deyil, köklü olduğunu göstərir. Məhz açıq aydın görünür ki, Çex hökuməti bərabərlik və qarşılıqlı əlaqə prinsipinə inanıb özünə yetərli bir dövlət olduğunu göstərmək istədi. Əslində Rusiyanın Çexiyadakı səfirliyində 95 işçi olmasına baxmayaraq, Çexiyanın Rusiyadakı səfirliyində cəmi 32 işçi var. Buna görə Çex tərəfi, Vyana Konvensiyasının 11-ci maddəsinə uyğun olaraq, sayını bərabərləşdirmək üçün 63 işçini ölkədən çıxardığını elan etdi. Çexiya hökumətinə dəstək olaraq Slovakiya 3 rus diplomatı ölkədən çıxardı. Litva iki rus diplomatı, Estoniya bir rus diplomatı, Latviya bir rus diplomatı, Polşa 3 rus diplomatı qovdu.
Çexiya baş nazirinin birinci müavini Yan Qamaçek bildirib ki, Moskvadakı səfirliklərinin işi faktiki olaraq iflic vəziyyətinə düşüb.
Lakin gedişat onu göstərir ki, hələki Ukrayna ətrafında yaranan müharibə havası fonunda Çexiya-Rusiya arasında psixoloji diplomatik söz davasının daha nə qədər davam edəcəyi və bunun iki ölkə arasında olan əlaqələrə nə dərəcədə sarsıdıcı təsir edəcəyini də zaman göstərəcək.