AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

2026-cı ildə gəlir vergisinin artımı vətəndaşların cibindən çıxacaq

  • + A
  • - A
  • Bu gün, 07:15

    2026-cı ildə gəlir vergisinin artımı vətəndaşların cibindən çıxacaq


    İqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, 2026-cı ildən dövlət büdcəsi gəlirlərində nəzərdə tutulan ciddi artım əsasən fiziki şəxslərin gəlir vergisinin hesabına baş verəcək. Rəqəmlər göstərir ki, gələn il vətəndaşlardan toplanacaq gəlir vergisi 2 milyard 567 milyon manat təşkil edəcək. Bu, 2025-ci illə müqayisədə 29 faiz çoxdur.

    Əmirov bildirib ki, belə artımı əmək haqlarının yüksəlməsi və ya yeni iş yerlərinin yaradılması ilə izah etmək mümkün deyil. İnflyasiya və vergi dərəcələrinin dəyişməsi də bu qədər artıma səbəb ola bilməz. Onun fikrincə, əsas amil 2019-cu ildə tətbiq olunan və qeyri-neft-qaz sektorunda 8 min manata qədər əməkhaqqı alan işçilərə şamil edilən güzəştin müddətinin başa çatmasıdır.

    2019-cu ildə tətbiq edilən bu güzəşt qeyri-neft sektorunda məşğulluğu artırmaq və biznes mühitini stimullaşdırmaq məqsədi daşıyırdı. Lakin 2026-cı ildən həmin güzəştin qüvvədən düşməsi minlərlə vətəndaş üçün vergi yükünün ağırlaşması deməkdir.

    Əslində, dövlətin büdcə gəlirlərini artırmaq istəyi başadüşüləndir. Amma burda əsas sual yaranır:

    Büdcə kimin hesabına artırılır?

    Əgər hökumət güzəştin müddətini uzatmasa, bunun əsas yükünü orta təbəqə daşıyacaq. Çünki 8 min manata qədər maaş alanlar əslində iri oliqarxlar deyil, qeyri-neft sektorunda çalışan mütəxəssislər, bank, telekom, tikinti, xidmət və digər sahələrdə əməkhaqqı alan sıravi vətəndaşlardır.

    Bu qərarın mənfi tərəflərinə diqqət edək.

    Qeyri-neft sektorunda əmək bazarına mənfi təsir göstərə bilər.

    Şəxsi təşəbbüskarlıq və yeni iş yerlərinin açılmasına motivasiya azala bilər.

    Orta təbəqə üzərinə əlavə vergi yükü düşəcək, bu isə sosial narazılığı artıracaq.

    Əgər hökumət doğrudan da qeyri-neft sektorunu inkişaf etdirmək istəyirsə, o zaman güzəştləri dayandırmaq əvəzinə, onları daha uzunmüddətli etmək və ya yeni təşviq mexanizmləri təqdim etmək daha məntiqli olardı.

    Başqa sözlə, büdcə yalnız vətəndaşların cibinə əlavə vergi qoymaqla deyil, iqtisadiyyatda məhsuldarlığı artırmaq, şəffaflığı gücləndirmək və kölgə iqtisadiyyatını azaltmaqla böyüdülməlidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR