İlham Məmmədov
Millət Vəkili Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində insanlıq əleyhinə olan ən ağır cinayətlərdən olan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları həm də daha uzağa hesablanmış məqsəd güdürdülər. Onların əsas niyyəti Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Onlar tarixdə ən dəhşətli qanlı səhifələrdən birinin yazılmasına nail ola bildilər. Bununla da ötən əsrdə Xocalı daha bir faciə yaşamış oldu.Ümumilikdə isə Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir.1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideloloqlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Rusiyanın "Memorial" hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş,10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır.Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Xocalı sakini Əntiqə erməni hərbçilərinin tələb etdiyi "bu yerlər böyük Ermənistanın bir hissəsidir" sözlərini dilinə gətirmədiyinə görə ermənilər tərəfindən diri-diri yandırıldı. Digər Xocalı sakini Səriyyə Talıbova danışırdı ki, "4 mesxeti türkü və 3 azərbaycanlının erməni qəbirinin üzərində başını kəsdilər. Sonra daha 2 azərbaycanlının gözlərini çıxartdılar". Qarabağ müharibəsinin ideoloqlarından biri, hadisələrin iştirakçısı, ermənilərin ən çox sevdiyi yazıçı Zori Balayan “Ruhumuzun canlanması” adlı kitab nəşr etdirib. Balayan “Ruhumuzun canlanması”nda ermənilərin Xocalıda törətdiyi soyqırımı haqqında yazır: “Xocalını ələ keçirdiyimiz zaman bir evə girdik. Xaçatur adında bir əsgərimiz 13 yaşlı bir türk (Azərbaycan) uşağını pəncərəyə mismarladı. Türk uşağı çox səs-küy salırdı. Xaçatura dedim ki, onun səsini kəs. Xaçatur isə anasının döşünü kəsib balasının ağzına tıxadı. Mən ixtisasca həkim olduğum üçün üstümdə olan tibb bıçağı ilə uşağın başının, sinəsinin, qarnının dərisini soydum. Saata baxdım. 13 yaşlı uşaq 7 dəqiqədən sonra öldü. Ruhum sevinclə qürrələndi. Xaçaturla mən uşağın meyitini hissə-hissə doğradıq, tikələri itlərə atdıq və eyni şeyi daha üç türk uşağına qarşı etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bildim ki, hər bir erməni bizim etdiklərimizlə fəxr edəcək”.Bütün bunlar ermənilərin bucür vəhşicəsinə vandalizm aktını həyata keçirməsinin sübutlarından biridir. Bundan əlavə əsl adı Hovannes Ter-Martirosyan olan, lakin əsərlərini "A-Do” imzası ilə çap etdirən erməni müəllifinin 1907-ci ildə İrəvanda erməni dilində çap edilən irihəcmli "Qafqazda erməni-türk toqquşmaları (1905-1906-cı illər). Sənədli, statistik, topoqrafik izahlarla” əsərində ermənilərin torətdikləri vəhşiliklər barədə kifayət qədər fakt yer almışdır. Ermənilər 1992-ci ildə Xocalıda törətdikləri soyqırımının analoqunu XX əsrin əvvəllərində– 1905-ci il avqustun 23-də də törətmişdilər. A-Do yazır ki, erməni silahlı dəstələrinin Xocalıya hücumu zamanı kənd əhalisinin bir qismi qaçaraq canını qurtarmış, bir qismini də ermənilər öldürmüşdülər. Müəllif daha sonra yazır ki, Xocalını ələ keçirən ermənilər əvvəlcə evləri talamış, sonra isə od vurub yandırmışdılar ki, bir də əhali geri qayıda bilməsin.Bu vəhşiliklər insanlıq əleyhinə törədilmiş ən ağır cinayətlərdir.
Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Azərbaycan xalqı 1948-ci il 9 dekabr "Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması" konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir. Bu gün Ermənistanda mühüm dövlət postları tutanlar, Seyran Ohanyan, Serj Sarkisyan eləcə də Robert Köçəryan və digərləri baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir. Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının tanınmasının əsas səbəbkarı, təşəbbüskarı olmuşdur. Hələ Prezident səlahiyyətlərini həyata keçirərkən Ali Sovetin Sədri Heydər Əliyev erməni təcavüzünün qarşısının alınması məqsədilə təcili tədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasının dərhal çağırılması xahişilə Təhlükəsizlik Şurasının sədrinə 26 iyul 1993-cü il tarixli yazılı müraciət etmişdir.1994-cü il 24 fevralda Milli Məclisin qərarı ilə hər il fevralın 26-sı «Xocalı soyqırımı günü» kimi yad olunması və bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi ilə Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilmiş oldu. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə əsrin bu böyük faciəsi dövlət tərəfindən öz qiymətini aldı. 1995-ci il 24 fevralda Milli Məclisin dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciəti oldu.
Xocalı soyqırımına siyasi qiymətin verilməsi göründüyü kimi məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu haqda öz fikrini Heydər Əliyev belə ifadə etmişdir : “ 1994-cü il 26 fevral ərəfəsində mən Milli Məclisə təklif verdim. Milli Məclis qərar qəbul etdi və Xocalı soyqırımı Xocalı faciəsi günü elan olundu. Bu gün bizim tariximizdə, bizim təqvimimizdə matəm günüdür, hüzn günüdür. Bunu biz qanunla qəbul etdik.” Soyqırımı qurbanlarını daim yad edən, şəhidlərin xatirəsini əziz tutan ümummilli lider Heydər Əliyev 1997-ci il fevralın 25-də "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" fərman imzaladı. XX əsrin ən qanlı və dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımının dünya dövlətləri tərəfindən tanınması və soyqırım kimi qəbul oluması, ona siyasi qiymət verilməsi istiqamətində həyata keçirilən siyasət artıq öz müsbət nəticələrini göstərməkdədir, dünyanın bir çox dövlətləri tərəfindən bu soyqırım aktı pislənmişdir.Ona görə ki,həqiqətəndə Xocalı soyqırımı misli görünməmiş qəddarlıqla, vəhşiliklə törədilmiş, insanlığa sığmayan ən ağır cinayətdir. Azərbaycan xalqı heç zaman bu ağır faciəni unutmur və soyqırım qurbanlarının xatirəsini daim əziz tutur.Böyük ehtiram hissi ilə Xocalı soyqırımı qurbanlarına Allahdan rəhmət diləyirəm!